Burkini yoxsa bikini - Fransada çimərlik qalmaqalı

Fotonun müəllifi EPA AP
Image caption Bu yay Fransa çimərliklərində təhlükəsizliyə nəzarət güclü olub

Fransada bu yayın çimərlik seçimi ilə bağlı belə bir iztehzalı sual ortaya çıxıb: burkini yoxsa bikini?

Təsadüfi deyil ki, bütün bədəni örtən çimərlik paltarı olan islami burkini geyiminə qadağa 85 insanın ölümü ilə nəticələnmiş islamçı hücumun baş verdiyi Nitsa şəhərindən bir neçə kilometr aralıda yerləşən fransız rivierası sahillərində ortaya çıxmalı idi.

Bu geyimə qadağa qərarını ilk olaraq Kann şəhəri verib və bu qərar 13 avqustda keçirilmiş məhkəmədə təsdiq edilib.

Kann şəhərindən sonra isə belə bir qadağa qərarı Vilnyov-Lube və Sisko şəhərlərində qəbul edilib.

Hətta şimalda yerləşən dənizkənarı Le-Tuke kurortunun meri də bənzəri qadağanı tətbiq etməyə hazırlaşdığını deyib: ictimai çimərliklərdə burkiniyə yol verilməyəcək.

“Ekstremist simvol”

İndiyədək Kann çimərliyində bir neçə qadın burkini geyindiyinə görə 38 avro cərimələnib. Merin qərarı qızğın müzakirələrə səbəb olub.

Kann meri David Lisnard qərarını bu cür izah etməyə çalışıb: “Burkini uniforma kimidir, islamçı ekstremizmin rəmzidir. Buna görə də mən onu bu yay qadağan edirəm”.

Onun bu yanaşması Kann müsəlman icmasını təəccübləndirib. David Lisnard şəhərdə İqraa məscidinin tikilməsi üçün böyük ərazi ayırıb.

Müsəlman qadınlar nə düşünürlər?

“Mən müsəlmanam və hesab edirəm ki, seçim imkanı olmalıdır,” hazırda ABŞ-da yaşayan Pakistan əsilli Sabrina Akram deyib.

“Məncə səndən ya bədənini açmaq, ya da getməyi tələb etmək vicdansızlıqdır,” İngiltərənin Gloucester şəhərindən olan Maryam Ouiles deyib.

“Bu sadəcə Kanndakı müsəlman qadınlara qarşı islamofob hücumdur,” İngiltərənin Norfolk əyalətindən Aysha Ziauddin deyib.

Fransa anti-islamofobiya assosiasiyası olan CCİD Kann merinin qərarına qarşı məhkəmə yolu ilə mübarizə aparmağa qərar versə də, məğlub olub.

Qadağanı təsdiq etmiş administrativ məhkəməyə görə bu, 2004-cü ildə qəbul edilmiş ictimai yerlərdə dini işarələrin məhdudlaşdırılması ilə bağlı qanuna əsaslanır.

Məhkəmə qərarını belə izah edib: “Fövqəladə vəziyyət kontekstində və Fransada baş vermiş son islamçı hücumlardan sonra dini işarələrin diqqət çəkən nümayişi, indiki halda çimərlik geyimi şəklində, həssaslıq və ictimai asayişin pozulması riskini yaradır”.

Başqa sözlərlə məhkəmə təsdiq edir ki, burkini sadəcə dini simvol kimi deyil, radikal İslamın hərbi və təbliğat forması kimi qəbul edilə bilər.

Bir çox həmkarları və Fransa xalqının əksəriyyəti kimi, guşə yazarı Jean-Christophe Ploquin bu fikirlə razı deyil.

“Fransada qanunlar çərçivəsində hər kəs istədiyini geyinə bilər. Ona görə də burkini geyinmək də azad olmalıdır,” o hesab edir.

“Lakin bu o demək deyil ki, biz sadəlövh olmalıyıq. Burkini cəmiyyətin separatçı baxışını təqdim edir və müsəlman icmasındakı digər qadınlara təzyiqi yönəldir”.

Fransada qadınlar

Əslində isə burkini Fransada iki fundamental dəyəri qarşı qarşıya qoyur: qadın azadlığı və millət kimi birgə yaşamaq arzusu.

Fotonun müəllifi KEYSTONE FEATURES
Image caption Fransada bikinini Brigitte Bardot məşhurlaşdırıb

Bu ölkədə bəziləri sarsılıblar ki, dinin və kişilərin qadınlara diktəsi kimi gördükləri bir əmələ bəzi fransız qadınılar etiraz etmir.

Burkini həmçinin milli birlik məfhumuna qarşı problem yaradır. Burkini separatçılığın rəmzi kimi qəbul olunur və bəziləri üçün ona icazə verilməsi Fransa ideyasını sarsıdır.

Avqust ayı sona çatdıqca yəqin ki, burkini qalmaqalı da səngiyəcək. Lakin bu, Fransanın bir neçə il davam edə biləcək əndişəli psixoloji durumunu ortalığa çıxarıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş