Futbol bloqu: "Qəbələ"nin qələbəsi və “Qarabağ” niyə məğlub oldu?

Fotonun müəllifi AFFA
Image caption "Qəbələ" Sloveniyanın “Maribor” klubunu Bakıda 3:1 hesabı ilə məğlub edib

Son həftələr Azərbaycan klublarının Avropadakı çıxışları haqqında yazanda mən köhnə lətifələri xatırlayıram - “bir yaxşı xəbərim var, bir pis”.

Və həmişə yaxşı xəbər “Qəbələ”dən, pisi isə “Qarabağ”dan gəlir. Gəl ki, bu mövsüm ərəfəsində çox az adam bunun belə olacağını düşünərdi.

Belə ki, lətifələrdəki ənənələrin əksinə olaraq, yaxşı xəbərdən başlayım. “Qəbələ”nin qələbəsindən.

“Qəbələ” Azərbaycan futbolunun bütün stereotiplərini darma-dağın edir. Hamı bilir ki, bizim komandalar hesabda geridə qalanda çox nadir hallarda oyunun gedişatını öz xeyirinə dəyişə bilir.

Əzmkarlıq bizim futbolçuların mühüm xüsusiyyətlərindən heç vaxt olmayıb.

“Qəbələ” isə artıq neçənci dəfədir nümayiş etdirir ki, buraxılan qol onun üçün ölümcül zərbə demək deyil və komanda hadisələrin gedişatına baxmayaraq, istənilən halda döyüş aparmaq qabiliyyətindədir.

Texnikaya sürət əlavə ediləndə...

“Qəbələ”ni səciyyələndirən daha bir xüsusiyyət oyun sürəti və fiziki hazırlığıdır.

Sloveniyanın “Ekipa” idman qəzeti “Maribor”un məğlubiyyətinin əsas səbəblərindən biri kimi, rəqibin çox yüksək texnikaya malik olmasını göstərir.

Amma sloveniyalılar bilmirlər ki, Azərbaycan futbolunda texnikanın səviyyəsi həmişə yüksək olub.

Sadəcə olaraq “Qəbələ” ənənəvi texnikanı Azərbaycan futboluna xas olmayan sürət və fiziki qüvvə ilə birləşdirib və bu səbəbdən əhəmiyyətli bir qüvvəyə çevrilib.

İş ondadır ki, sloveniyalılar və digər avropalılar üçün komandanın sürətli və fiziki hazırlıqlı olması adi bir haldır və məhz bu səbəbdən onlar qeyri-adiliyi “Qəbələ”nin yüksək texnikasında gördülər.

Biz isə, təbii ki, vəziyyətin necə olduğunu onlardan yaxşı bilirik.

Kimsə deyə bilər ki, “Qəbələ”nin heyəti az qala bütövlüklə əcnəbi futbolçulardan ibarət olduğuna görə, onların qeyri-azəri üslubunda oynamasında təəccüblü bir şey yoxdur.

Amma mən bununla razı deyiləm. Təcrübə göstərir ki, insan adətən düşdüyü mühitə uyğunlaşaraq, həmin mühitin qanunları və adət-ənənələrinə uyğun hərəkət edir.

Misal üçün bu yaxınlarda Ukrayna kurortlarının birinə gedəndə mən təəccüblə gördüm ki, orada Azərbaycanda geniş yayılmış “hörmət” sistemi mövcuddur.

Bunun səbəbini soruşanda, mənə dedilər ki, “burada istirahət edənlərin ən azı üçdə biri azərbaycanlılardır, onlar bizi buna alışdırıblar...”

Futbol həyatın tərkib bir hissəsidir və burada da insanlar təbii qanunlara uyğun olaraq hərəkət edirlər.

Biz dəfələrlə görmüşük ki, futbolçular düşdükləri çempionata uyğun olaraq nümayiş etdirdikləri oyunun səviyyəsini ya artırır, ya da endirirlər.

Azərbaycan çempionatına düşən futbolçuların fiziki baxımdan artması isə heç yadıma gəlmir. Bu baxımdan “Qəbələ” bir istisnadır. Özü də nümunəvi istisnadır.

Dəlmə yarığa çevrilmədi

Qarşılaşmanın özünə gəldikdə isə, 3:1 hesablı qələbəni çox yaxşı nəticə adlandırmaq olar. “Maribor” təşkilatlanmış və savadlı oyun nümayiş etdirən bir komandadır.

Sloveniyalılar çox məhsuldar olmasalar da, çox yaxşı müdafiəyə malikdirlər. Buna görə, “Qəbələ”nin onlara üç qol vurmağı təqdirəlayiq bir göstəricidir.

“Maribor” “Qəbələ”nin oyununu yaxşı öyrənmişdi. Elə bu səbəbdən qonaqlar ilk dəqiqələrdən hücumların əksəriyyətini sol cinahdan qururdular - “Qəbələ”nin sağ müdafiəçisi Məhəmməd Mirzəbəyovun güclü bənd olmadığını bildiklərindən.

Nəticədə Məhəmməd bir neçə dəfə mövqe seçimində səhvlərə yol verdi və bunlardan biri qolla nəticələndi.

Lakin Mirzəbəyovun müsbət cəhəti onun əzmkarlığı və döyüşkənlik qabiliyyətidir ki, məhz bunların nəticəsində “Qəbələ” gəmisinin sol tərəfdən aldığı dəlmə həmin gəminin batmasına gətirəcək böyük yarığa çevrilmədi.

Buna daha bir səbəb isə “Qəbələ” futbolçularının daim hücuma meylli olmaları və bununla da oyunu öz qapılarından uzaqlaşdırması oldu.

Bundan əlavə həmin meyllilik rəqib qapısına vurulan üç qolla nəticələndi ki, bu da “Qəbələ”yə özünü cavab qarşılaşması ərəfəsində nisbətən rahat hiss etməyə imkan yaradır.

Amma Azərbaycan mətbuatında “Qəbələ”nin artıq bütün məsələləri həll etdiyi barədə səsləndirilən fikirlərlə razılaşmamalıyam.

“Maribor” güclü komandadır və cavab oyunda 2:0 hesabı ilə qalib gəlməyə qadirdir. Ona görə “Qəbələ” arxayın olmamalıdır...

Məncə bu oyunda mənfi olan yeganə hal azarkeşlərin sayı idi.

“Qəbələ” çox yaxşı futbol nümayiş etdirir və xüsusən də “Lill” üzərindəki qələbədən sonra bu komanda “Dalğa Arena”nın tribunalarına toplaşan 5 min tamaşaçıdan xeyli böyük azarkeş dəstəyinə layiqdir.

Azarkeşlərin mühümlüyü

Azarkeşlərin komandanı necə ruhlandıra bildiyini isə “Qarabağ”ın “Göteborq”la oyunu nümayiş etdirdi.

İsveçlilərin “Ullevi” stadionunda 11,5 min tamaşaçı toplaşmışdı ki, “Göteborq” futbolçuları elə böyük azarkeş kütləsini uzun illərdir ki, görmürdülər.

Oyundan sonra müdafiəçi Tom Petersonun bildirdiyinə görə, onlara bu qələbəni qazanmağa məhz azarkeşlərin möhtəşəm dəstəyi kömək etdi: “Xüsusən son dəqiqələrdə o dəstək olmasaydı, biz “Qarabağ”la bacarmayacaqdıq”.

Amma təbii ki, azarkeşlərin dəstəyi qələbənin 100 faizlik təminatçısı deyil. Oyun başlanan kimi məlum oldu ki, “Göteborq”un məşqçisi Yörgen Lennartson “Qarabağ”ın oyununa çox yaxşı bələddir və ona qarşı düzgün taktika seçib.

Ağdamlıların təşkilatlı oyun nümayiş etdirdiyini və müdafiələrinin çox çətin yarılan olduğunu bilən “Göteborq” topa sahibliyi və üstünlüyü qonaqlara verərək, tamamilə müdafiəyə çəkildi.

Və burada məlum oldu ki, “Qarabağ” hadisələrin belə gedişatına hazır deyil.

“Göteborgs Posten” qəzetinin yazdığına görə, “Qarabağ”ın topa nəzarəti Azərbaycan rəhbərliyinin xalqı üzərindəki nəzarəti kimi idi – tam!”

Bəli, ağdamlılar topa tam nəzarət edirdilər, lakin hücumun son mərhələsinə gəldikdə həmin topla düzgün davranmağı bacarmırdılar.

Hazır deyildi “Qarabağ” belə oyuna! Əlbəttə, kimsə deyə bilər ki, Avropa Liqasının bu mərhələsində rəqib komandanın öz meydanında tam müdafiəyə çəkiləcəyi gözlənilməz haldır, lakin yaxşı komandanın oyuna bir neçə planı olmalıdır, və hadisələrin gedişatından asılı olaraq komandanın oyunu da həmin planlara uyğun dəyişməlidir.

Asiya üslubu ilə Avropada nə əldə etmək olar?

Məlum oldu ki, Avropada “Qarabağ”ın gücünü artıq yaxşı bilirlər, onu favorit hesab edirlər və buna uyğun olaraq, hətta öz meydanında total müdafiəyə əl atmağa çəkinmirlər.

Bu azmış kimi, İsveç mətbuatı “Göteborq”un oyununu ən yüksək Avropa standartlarına uyğun olduğunu bildirir və “Qarabağ” üzərindəki qələbəni bu klub üçün son onilliyin ən böyük nailliyəti adlandırır.

“Qarabağ” niyə məğlub oldu? Düzdür, azarkeşlərin möhtəşəm dəstəyinə malik olan yerli futbolçular çox canfəşanlıq göstərdilər, düzdür, onlar düzgün oyun uslubu seçdilər, lakin istənilən halda “Qarabağ” onlara qalib gəlməli idi.

Bunu etməyə nə mane oldu? Məncə bu suala ən yaxşı cavabı “Göteborq”un heyətində ilk oyununu keçirən avstraliyalı Skott Ceymison verir.

Oyun ərzində əsasən Miçelə qarşı oynayan bu futbolçu ispaniyalının öhdəsindən necə gəldiyi barədə suala cavab verərkən bunları dedi: “O, çox yaxşı oyunçudur, lakin mən bütün karyeramı Asiyada oynamışam, orada isə bu tipli futbolçular çoxdur. Onların dilini bilirəm və ona görə Miçeli “qapatmaqda” çətinlik çəkmədim”.

Bax belə. “Qarabağ” əla komandadır. Əslində onun Asiya səviyyəli futbolçularla belə olması möhtəşəm bir nailiyyətdir, lakin Avropa futbolu fərqlidir.

Burada nailiyyət əldə etmək üçün Avropa səviyyəli futbolçular əldə etmək lazımdır – sürətli və qüvvətli.

Ümid edək ki, bu baş verəcək və komandanın heyətindəki labüd dəyişikliklərin başlanğıcı olacaq. Əks halda Avropa “Qarabağ”lıq olmayacaq...

Bu barədə daha geniş