Yerevan: ABŞ-ın axtarışa verdiyi Rusiya vətəndaşı "azad" buraxılıb

Sergey Mironov

Şəklin mənbəyi, Ria Novosti

Ermənistan məhkəməsi bazar ertəsi ABŞ tərəfindən axtarışa elan olunmuş Rusiya vətəndaşı Sergey Mironov barəsində prokurorun həbs qətimkan tədbiri seçmək vəsatətini qəbul etməyib.

Qapalı rejimdə keçən məhkəmə iclası başlanmazdan Sergey Mironov Yerevan Zvartnots hava limanında hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasını anlaşılmazlıq adlandırıb. O, yerli jurnalistlərə deyib ki, "səhv baş verib" və vəziyyətin tezliklə tənzimlənəcəyinə əmin olduğunu bildirib.

"Mənim üçün bu, bir tapmacadır. Mən Birləşmiş Ştatlarda bircə dəfə olmuşam, o da işimlə bağlı. Biz bir həftəliyinə Silikon vadisinə getmişdik. Səfərin məqsədinə dair heç bir ikili fikir ola bilməz", - o deyib.

Ermənistan Polisinin məlumatına görə, barəsində ABŞ hüquq-mühafizə orqanları tərəfindən 11 may 2016-cı il tarixində beynəlxalq axtarış elan edilmiş 1986-cı il təvəllüdlü Rusiya vətəndaşı Sergey Mironov Zvartnots hava limanında saxlanılıb. Sergey Mironov proqramçı və sistem administratoru qismində çalışdığı "Synesis" şirkəti vasitəsilə qeyri-qanuni silah alveri etməkdə şübhəli bilinir.

Mironovun vəkili Karen Nersisyanın sözlərinə görə, Sergey Mironov "tamamilə azaddır və istədiyi vaxt Ermənistanı tərk edə bilər, lakin o, avqustun 30-na kimi Yerevanda qalacaq".

Lakin Mironovun ABŞ-a ekstradisiyası məsələsi hələ açıq qalır, vəkil əlavə edib.

Şəklin mənbəyi, synesis.ru

Agentliklər Sergey Mironovun informasiya texnologiyaları (IT) sahəsində çalışdığını və Ermənistana həyat yoldaşı Yuliya ilə istirahətə getdiyini bildirir.

Rusiya-Belorus "Synesis" şirkətinin saytında Sergey Mironov ticarət qovşaqları istiqamətində inkişaf üzrə direktor kimi təqdim edilir. Şirkət videomüşahidə və kompüter "görmə qabiliyyəti" əsasında intellektual sistemlərin işləyib hazırlanması ilə məşğul olur. Sistemlər kütlənin cəmləşdiyi yerlərdə - metropoliten, dəmir yolları, ticarət müəssisələrində - təhlükəsizlik problemlərinin təmin olunması məsələlərini həll edir.

Hadisə ilə bağlı Rusiya agentliyinin müraciətinə cavab olaraq, ABŞ Dövlət Departamentinin nümayəndəsi Elizabeth Trudeau "məsələ ilə bağlı yerli [Ermənistan] hakimiyyətə müraciət etməyi" məsləhət edib.

Ermənistanın rəsmi orqanları ABŞ-ın sifarişi ilə Rusiya vətəndaşının tutulub saxlanması ilə bağlı hələ heç bir şərh və ya bəyanat verməyib.