Türkiyə Gülenin ekstradisiyası ilə bağlı ABŞ-a sorğu göndərib

Şəklin mənbəyi, Getty Images
Fethullah Gülen çevriliş cəhdinə aidiyyatı olduğu barədə iddiaları rədd edir.
Türkiyənin Ədliyyə Nazirliyi Fethullah Gülenin ekstradisiyası ilə bağlı ABŞ hakimiyyətinə rəsmi sorğu göndərib.
ABŞ-da mənzillənən ruhani iyul ayında baş verən çevriliş cəhdinin təşkilində ittiham olunur, Türkiyənin Anadolu agentliyi xəbər verir.
Bu Pennsylvania ştatında yaşayan Fethullah Gülenin həbs edilməsinə dair ilk rəsmi müraciətdir.
Avqust ayında İstanbul məhkəməsi onun həbsinə dair order verib.
Cənab Gülen çevriliş cəhdinə aidiyyatı olduğu barədə iddiaları rədd edir.
Ötən ay Türkiyəyə səfər edən Amerikanın vitse-prezidenti Joe Biden Ankaranın tələblərini başa düşdüyünü desə də ABŞ qanunvericiliyinin tələblərinə əməl ediləcəyini deyib.
Türkiyədə baş verən çevriliş cəhdinin ardınca 60 mindən çox adam həbs olunub. Onların arasında hərbçi, polis, hakim və alimlər də var. On minlərlə adam vəzifədən azad edilib.
Türkiyə hakimiyyəti bildirir ki, Fethullah Gülenlə bağlı şirkətlər gəlirlərindən məhrum ediləcək.