Putin: Türk Axını layihəsini reallaşdırmaq istəyirik

Şəklin mənbəyi, AFP
Putin və Erdoğan Türk Axını layihəsini müzakirə edib
Rusiya prezidenti Vladimir Putin təyyarənin vurulması nəticəsində yaşanmış böhrandan sonra ilk dəfə Türkiyəyə səfər edir.
Dünya Enerji Konqresində çıxış edən cənab Putin söyləyib ki, Rusiya güvənilən enerji tədarükçüsü kimi qalacaq.
O həmçinin Türk Axını təbii qaz boru xətti layihəsini həyata keçirmək istəyində olduğunu açıqlayıb.
Prezident Erdoğan da layihəyə müsbət baxdığını söyləyib.
Konqresin açılış mərasimindən sonra liderlər Mabeyn Sarayında görüş keçiriblər.
Son iki ayda üçüncü dəfə görüşən liderlər enerji sahəsində birgə işləri və Suriyadan danışıblar.
Türk Axını layihəsi Rusiyadan Türkiyənin Trakya bölgəsinə təbii qaz daşımağı nəzərdə tutur.
Hədəf boru xətti ilə ildə 63 milyard kub metr qaz daşınmasıdır. Layihə 13.6 milyard avroya başa gələcək.
Türk Axını layihəsi 2015-ci ilin noyabrında təyyarə böhranından sonra təxirə salınsa da, iyul ayından yenidən gündəmə gəlib.
Rusiyanın Kommersant qəzeti yazır ki, Türk axını layihəsi üçün müqavilə imzalanması digər iqtisadi əlaqələrin canlanmasına, o cümlədən Türkiyədən meyvə-tərəvəz idxalına qoyulmuş məhdudiyyətlərin aradan qalxmasına da yardım edə bilər.
Rusiya Enerji naziri Aleksandr Novak Hürriyet Daily News qəzetinə söyləyib ki, əlaqələrin normallaşması dövründə enerji mövzusu açar yol oynayacaq.
"Həm Türk Axını, həm də Akkuyu Nüvə Elektrik Stansiyası layihələri münasibətlərimizi canlandırmaq üçün əsasdır", Aleksandr Novak əlavə edib.
Nazirin sözlərinə görə, Rusiya Türkiyənin Akkuyu layihəsini sürətləndirmək üçün əlindən gələni edir.

Şəklin mənbəyi, AP
Türkiyə 2010-cu ildə Rusiya ilə nüvə elektrik stansiyası layihəsinin ilk müqaviləsini imzalayıb.
4800 megavat gücə sahib 4 reaktorlu stansiya 2023-cü ilə qədər hazır olmalıdır.
İki ölkə arasında ən böyük narazılıq Suriya barədədir. Rusiya Suriyada prezident Bəşər Əsədi, Türkiyə isə müxalifəti dəstəkləyir.
2015-ci ilin noyabrında Türkiyənin Rusiya təyyarəsini vurmasından sonra münasibətlər pisləşmişdi.
Hazırda isə münasibətləri normallaşdırmağa çalışan rəsmilər əlaqələri 2015-ci ilin noyabrından əvvəlki vəziyyətə çatdırmaq istəyirlər.