Marneulinin millət vəkili Azər Süleymanov ilə müsahibə
- Seymur Kazımov
- Bakıdan BBC Azərbaycanca üçün

Şəklin mənbəyi, Seymur Kazımov
Səsvermə başa çatandan sonra Marneulidə müxalif Vahid Milli Hərəkat partiyasının mitinqi keçirilib
Ötən həftə Gürcüstanda keçirilən parlament seçkilərində hakim Gürcü Arzusu partiyası qalib gəlsə də, müxalif Milli Hərəkat Partiyasının namizədi Azər Süleymanov Marneulidən yenə millət vəkili seçilib.
Cənab Süleymanovun BBC Azərbaycancaya müsahibəsi.
Azər müəllim, nə üçün Vahid Milli Hərəkat iqtidar ola bilmədi, əsas maneə nədən ibarət oldu?
Dördüncü dəfərdir ki, Gürcüstan Parlamentinə millət vəkili seçilirəm. Bütün dünya builki seçkiləridə saxtalaşdırma faktlarını gördü.
Demək olar ki, Gürcüstan 90-cı illərin əvvəllərinə-kommunizm vaxtına qayıtdı.
Hətta elə bir vəziyyət yaranıb ki, parlamentdən, ikinci turdan imtina məsələsi də gündəmə gəlmişdi. Son anda partiya qərar verdi ki, mübarizəni sonadək aparmaq lazımdır.
4-cü dəfədir ki, Marneulidən millət vəkili seçilirsiniz. Yəqin ki, hakim partiyanın millət vəkilinin problemləri həll etmək imkanları genişdir.
Bir dövlətin güclü müxalifətə ehtiyacı vardır ki, hökumətin yalanlarını üzə çıxarsın. Hökuməti hər zaman məcbur edirik ki, "kəmərini bərk bağlasın".
Təbii ki, iqtidar millət vəkili ilə müxalifət millət vəkili eyni deyil. İqtidardan olan millət vəkilinin nazirlərə, baş nazirə, prezidentə çıxışı asan olur.
Müxalifətdən olan deputatların yalnız mikrofonu var. Bu vasitə ilə də mövcud olan problemləri gündəmə gətirə bilirik.
Azərbaycan və Gürcüstan arasındakı münasibətlər Gürcü Arzusu dövründə necə olub?
Bütün hakimiyyətlər dövründə Azərbaycanda münasibətlər yüksək səviyyədə olub.
İki ölkənin xalqları arasında güclü dostluq bağları var. Hakimiyyətdə hansı partiyanın olmağından asılı olmayaraq, Azərbaycanla dostluq heç zaman pozula bilməz.
İki dövlət arasında iqtisadi, siyasi münasibətlər, regionda icra olunan beynəlxalq layihələr Azərbaycanla Gürcüstanı bir-birinə daha da sıx bağlayır.
Baxmayaraq ki, sabiq baş nazir Bidzina İvanişvilinin komandası bəzi məsələlərdə Azərbaycana biganə yanaşdı, Abxaziyadan Ermənistana dəmir yolunun inşası, SOCAR-la olan məsələlər, qaz məsələsi gündəmə çıxsa da, qısa zamanda öz həllini tapdı.
Biz də müxalifət partiyası olaraq, o cümlədən digər partiyalar da bəyan etdik ki, Gürcüstanın ən çətin zamanlarında Azərbaycan bizə hər zaman dayaq olub. Artıq bu məsələlər öz həllini tapıb.
Belə bir fikir səsləndirilir ki, azərbaycanlı deputatlar Gürcüstan Parlamentində o qədər də fəal deyillər, yalnız 24 apreldə xüsusi fəallığı ilə seçilirlər. Əslində, reallıq necədir?
Xeyr, mən bununla razı deyiləm. 24 aprel, Ermənistan-Azərbaycan məsələsini daha çox siz jurnalistlər gündəmə gətirirsiniz. Amma digər çıxışlarla siz maraqlanmırsınız.
İstər bizim partiya olsun, istərsə də Gürcü Arzusundan Mahir Dərziyevin də, Əli Məmmədovun da iclaslarda, komitələrdə kifayət qədər fəaliyyətimiz var.
Ola bilər ki, nəyisə də az etmişik, amma orada susmamışıq. Orda 150 deputatın 35-i ümumiyyətlə çıxış etmir, 15 nəfəri parlamentə gəlmir, amma kimsə onların haqqında danışmır.
Bir-birimizi pisləmək çox asandır.
Ötən parlamentdə cəmi 3 azərbaycanlı millət vəkili vardı, partiya mənsubiyyətimiz tamam fərqli olsa da, hər zaman çıxışlar etmişik, problemləri qaldırmışıq.
Bu dəfə azərbaycanlı vəkillərin sayı çox olacaq və ümid edirəm ki, hamımız birgə fəallıq göstərəcəyik.