Türkiyədən alim köçü: Niyə gedirlər?
- Rengin Arslan
- BBC Türkçe

Halil İbrahim Yenigün "Alimlər Sülh Üçün" petisiyasına imza atmasının ardınca əvvəlcə ali məktəbdən uzaqlaşdırılıb, sonra isə vəzifəsindən çıxarılıb.
Halil İbrahim Yenigün ötən fevral ayında İstanbul Ticarət Universitetində işdən çıxarılanda "müasir müsəlman siyasi düşüncəsi və demokratiya" mövzusunu araşdırmaqda idi.
O Türkiyədə alimlərin bugünkü vəziyyətini belə ifadə edib: "Gedənlər gediblər, getməyənlər də getmək hazırlığındadırlar".
Yenigün "Alimlər Sülh Üçün" petisiyasına imza atmasının ardınca əvvəlcə ali məktəbdən uzaqlaşdırılıb, sonra isə vəzifəsindən çıxarılıb.
15 iyul çevriliş cəhdi baş verəndə isə o mühazirələr oxumaq üçün bir müddətdir olduğu ABŞ-da idi.
Pasportların ləğv olunduğu, ölkə xaricinə səfərlərin çətinləşdirildiyi bir vaxtda Yenigün də Türkiyəyə qayıtmamağa qərar verib və əvəzində Free University of Berlin-dən İslami Araşdırmalar üçün stipendiya alacağı Almaniyaya gedib.
O deyir ki, illər öncəsi ABŞ-da təhsil alanların əksəriyyətini Türkiyə geriyə cəlb edirdi, lakin indi bu vəziyyət dəyişib.
"ABŞ-a təhsil almağa gedən başqa əcnəbilər bir qayda olaraq orada qalmağa çalışırdılar. Lakin Türkiyə tamam başqa bir ölkəydi. Türkiyə öz vətəndaşlarını geriyə çəkə biləcək bir cazibə sahibiydi. Amma indi vəziyyət dəyişib" - deyir alim.
Şəklin mənbəyi, AFP
Türkiyədə çevriliş cəhdinin ardınca 15 universitet bağlanıb
İndi Alimlərin İxlası Fonduna ən çox müraciət Türkiyədəndir
Beynəlxal Təhsil İnstitutunun yaratdığı Alimlərin İxlası Fondunun direktoru Sarah Willcox sentyabr ayında keçirilən bir konfransda deyib ki, fonda təkcə Türkiyədən 65 müraciət olub.
Xanım Willcox bunu da bildirib ki, müraciətlərin əksəriyyəti siyasi motivlərlə repressiyaya məruz qalan alimlərdəndir.
İngiltərədəki Təhlükədə olan Alimlər Şurasının (Council for At-Risk Academics ) rəhbəri Stephen Wordsworth da bildirir ki, onlara müraciət edənlərin sayı həftədə beş-altı nəfərdən 15-20 nəfərə yüksəlib və bunların da əksəriyyəti Türkiyədəndir.
Bu arada müşahidəçilər "Alimlər Sülh Üçün" təşəbbüsündən bəri başlanan təqiblərin narahatedici sürətlə artdığını bildirirlər.
"Bir gecənin içində işsiz və küçədə qaldım"
Türkiyədə 15 iyul çevrilişi cəhdindən sonra Fethullah Gülen təşkilatı ilə bağlı olduqları səbəbilə bağlanan universitetlərin müəllimləri ölkəni tərk etməyə çalışırlar.
15 iyuldan bəri 4224 nəfər vəzifəsindən uzaqlaşdırılıb, 2341 alim universitet və başqa təhsil ocaqlarından xaric edilib.
Fövqəladə vəziyyət elan edildikdən sonra bağlanmış Süleyman Şah Universitetindən doktor Maya Arakon indi ABŞ-da yaşayır. Müəllimlik etməsə də, tərcüməçiliklə məşğuldur.
"Bir gecədə, işsiz, evsiz, küçədə qaldım" - deyir alim.
Arakon tətil üçün Atlandadan Türkiyəyə aldığı təyyarə biletinin vaxtını dəfələrlə dəyişdirdikdən sonra nəhayət onu ləğv etdirib. Səbəbi Türkiyədəki qeyri-müəyyənlikdir.
Alim deyir ki, Türkiyədən çıxa bilməyən çox sayda həmkarı var. Onların pasportları ya alınıb, ya da ləğv edilib.
"Bu könüllü bir zəka axını deyil"
Arakon deyir ki, bir çox alimlərin ölkədən çıxıb getməsinin başqa səbəbi də var. Bəziləri ölkədə baş verənlərə kənardan soyuq başla nəzər yetirmək istəyirlər.
Salonikdə bir elmi layihə üzərində işləyən Neşe Özgen də ölkə xaricinə gedib. Deyir ki, elmi işini Türkiyədə də davam etdirə bilərdi. Buna Memar Sinan Universitetində imkan da verilirdi, amma dövlət imkan vermir.
Alim Aslı Vatansever 6 il Doğuş Universitetində işlədikdən sonra ötən aprel ayında sülh petisiyasına imza atdığına görə işdən çıxarılıb.
İndi Almaniyadakı Müasir Şərq İnstitutunda işləyir.
Aslı Vatansever deyir ki, zəka axını könüllü bir şey deyil.
Vatansever deyir ki, zəka axını könüllü bir şey deyil. Öz bacarıqlarını və biliklərini öz ölkələrində işlətməyə fürsət tapmayanlar daha yaxşı yaşayış üçün xaricə üz tuturlar.
Lakin o bildirir ki, Türkiyədən gedən alimlərin əsas motivi daha yaxşı yaşamaq deyil. Onlar bir alim kimi işləməyə imkan veriləcəyinə inanmırlar.
"Hamımız karyeralarımızın ortasındaykən, həyatımızı qurmuşkən, indi xaricdə 3 və ya 5 aylıq yeni həyat qurmağa çalışırıq. Sonrasının nə olacağını bilmədən xaricə gəlmişik." - deyir Vatansever.
Bu gün Türkiyədə 115-i dövlət, 63-ü özəl olmaqla toplam 178 universitet var. Bu universitetlərin üçdə ikisi Recep Tayyip Erdoğanın hakimiyyəti illərində açılıb. Bu universitetlərdə minlərlə alim və müəllim var. Bunlardan nə qədərinin xaricə getdiyini və getmək fikrində olduğunu isə dəqiq söyləmək mümkün deyil.