Türkiyə: müxalif Cumhuriyet qəzetinin jurnalistləri saxlanıb

Şəklin mənbəyi, EPA
Cumhuriyet uzun müddət idi ki, hökumət üçün başağrısına çevrilmişdi.
Türkiyə polisi iyul ayında baş vermiş çevrilişə cəhddən sonra davam edən həbslər əsnasında müxalif Cumhuriyet qəzetinin redaktorunu və bir neçə yazıçısını saxlayıb.
Jurnalistlər ABŞ-da könüllü sürgündə din xadimi Fethullah Gülenlə və kürd silahlılarla əlaqələrdə şübhəli bilinrlər.
Cənab Gülen çevrilişə cəhddə günahlandırılsa da, ittihamları rədd edir.
Cumhuriyet Türkiyənin ən qədim dünyəvi qəzetidir.
Həftə sonu Türkiyədə 15 digər media qurumu qapadılıb və 10000 dövlət qulluqçusu işdən azad edilib.
Hədəfdə alimlər, müəllimlər, səhiyyə işçiləri, həbsxana nəzarətçiləri və məhkəmə tibbi ekspertlər də var.
Tənqidçiləri prezident Recep Tayyip Erdoğanı çevrilişə cəhddən sonra tətbiq edilmiş fövqəladə vəziyyətdən rəqiblərini susdurmaq üçün istifadədə ittiham edirlər.
Həmin vaxtdan bəri ümumilidə təxminən 110 000 nəfər işdən çıxarılıb və 37 000 nəfər həbs edilib.
Hökumət iddia edir ki, Gülen şəbəkəsi və ya izləyiciləri o qədər geniş yayılıb ki, genişmiqyaslı təmizləmə əməliyyatına ehtiyac var.
Cumhuriyet qəzetinin redaktoru Murat Sabuncu və digər səkkiz qəzet əməkdaşı bazar ertəsi saxlanılıblar. Onların arasında guşə yazarları Aydın Engin və Guray Oz da var, dövlət Anadolu xəbər agentliyi bildirir.

Şəklin mənbəyi, AFP
Cumhuriyet's headline reads: "Coup against opposition" Cumhuriyet qəzetinin sərlövhəsində deyilir: "Müxalifətə qarşı çevriliş"
Qəzetin digər əməkdaşlarının da həbsinə dair qərar verilib. Onların arasında avqust ayında qəzetdən istefa vermiş keçmiş redaktor Can Dundar da var. O, dövlət sirrlərini açmaqda ittiham olunur.
Türkiyədə iyul ayında baş vermiş və 270-dən çox insanın ölümü ilə nəticələnmiş çevrilişə cəhddən sonra fövqəladə vəziyyət hökm sürür.
Qəzetin bazar ertəsi nömrəsi "Müxalifətə qarşı çevriliş" sərlövhəsi ilə dərc edilib.
Cumhuriyet qəzeti rəhbərliyinə qarşı təhqiqat avqust ayında, qəzetin bəzi xəbərlərinin "çevriliş cəhdinə haqq qazandırması" iddiaları ilə başladılıb.
Cumhuriyyet Türkiyədə fəaliyyət göstərən son müxalifət qəzetlərindən biridir. Keçən il qəzet Sərhədsiz Jurnalistlər təşkilatı tərəfindən Mətbuat Azadlığı mükafatına layiq görülüb.
Keçən həftə 15 kürd və solçu qəzet bağlanıb. İndi müxalifət narahatdır ki, təqiblər bundan sonra da davam edə bilər.