Rusiyalı uşaqlar məktəbə gedəndə yolda canavarların hücumuna məruz qalırlar

Avrasiya canavarı Fotonun müəllifi DAVID EBENER/AFP/GETTY IMAGES
Image caption Valideynlər bildiriblər ki, bu yaxınlarda uşaqlarına canavar hücum edib, ancaq onlar canlarını qurtara biliblər

Rusiyada uşaqlar məktəbə gedərkən canavarları qorxutmaq üçün özləri ilə balta götürürlər. Bu mənzərəni görüntüləyən videonun yayılmasından sonra ərazinin dövlət qurumları məktəbliləri xüsusi nəqliyyat vasitəsi ilə təmin etməli olub.

Başqırdıstanın Verxniy Nuquş kəndinin uşaqları ən yaxın orta məktəbə getmək üçün hər gün 10 kilometr yol qət etməli olurlar. Üstəlik, onların yolu meşənin içindən keçir. Valideynlər bir qrup uşağın dərin qar örtüyü ilə ağır-ağır məktəbə getməsini görüntüləyən videonu yayıblar. Şagirdlərdən birinin əlində balta var. Kəndin öz məktəbi bağlanandan sonra uşaqlar bu qədər uzun məsafə qət edərək qonşu kəndin məktəbinə getməli olublar. Ancaq onlara avtobus verilməyib.

Valideynlər bildiriblər ki, bu yaxınlarda uşaqlarına canavar hücum edib, ancaq onlar canlarını qurtara biliblər. "Rossiya 24" kanalının verdiyi məlumata görə, dövlət qurumları canavarların insanlara hücum etməsi faktlarının qeydə alınmadığını bildirirlər.

Yerli məmurlar vəziyyətdən xəbərdar olduqlarını, ancaq yolda hündür yoxuşun olması səbəbindən avtobus təşkil edə bilmədiklərini deyiblər. Onların sözlərinə görə, valideynlərin növbə ilə uşaqları məktəbə aparacağı barədə razılığa gəlinib.

Vəziyyətlə bağlı məlumatlar xəbər başlıqlarına çıxandan sonra dövlət qurumları geriyə addım ataraq uşaqların nəqliyyat vasitəsilə təmin ediləcəyini bildiriblər. Yerli "Başinform" xəbər agentliyi bildirir ki, ərazi prokurorluğunun müdaxiləsindən sonra məktəblilərə xüsusi yolsuzluq nəqliyyat vasitəsi ayrılıb.

"MediaKorSet" portalı belə sürətli dəyişikliyi medianın rolu ilə əlaqələndirib. "Bəlkə də medianın məsələni işıqlandırması və sosial mediadakı reaksiyalar rəsmilərin məsələyə başqa bucaqdan baxmasına imkanı verib," deyə portal yazır.