Kreml Trump komandası ilə "hələ ki" əlaqə saxlamayıb

Donald Trump

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı,

Rusiya hakimiyyəti seçkiqabağı kampaniya zamanı Trump-ın komandası ilə əlaqə saxlayıb, XİN bildirib

Kreml hələ ki, yeni ABŞ adminstrasiyasının nümayəndələrilə əlaqə saxlamayıb, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O həmçinin əlavə edib ki, Rusiya prezidenti Vladimir Putin və yeni seçilmiş ABŞ prezidenti Donald Trump arasında mümkün görüş barədə onda heç bir məlumat yoxdur.

"Trump ABŞ prezidenti vəzifəsinə başlamayıb. ABŞ-da fəaliyyətdə olan prezident var, Rusiya tərəfi də onunla işləyir", - cənab Peskov əlavə edib.

Ötən həftə Peskov bildirib ki, rusiyalı ekspertlər həm Donald Trump, həm də Hillary Clinton-un seçkiöncəsi qərargahlarında amerikalı həmkarları ilə əlaqə saxlayıblar. Belə əlaqələr "tamamilə təbiidir", o deyib.

Bundan əvvəl Rusiya XİN rəhbərinin müavini Sergey Ryabkov bəyan edib ki, Rusiya hakimiyyəti seçkiqabağı kampaniya zamanı Trump-ın komandası ilə əlaqə saxlayıb. Clinton-un qərargahı ilə əlaqələr barədə isə o, danışmayıb.

Trump-ın qərargahının mətbuat katibi cənab Ryabkovun verdiyi məlumatı təkzib edib.

"Seçkiqabağı kampaniya zamanı qərargah və hər hansı xarici struktur arasında əlaqə olmayıb", o deyib.