Kreml: Putinin Ulyukayevə dair operativ əməliyyatdan xəbəri olub

Şəklin mənbəyi, EPA
Aleksey Ulyukayevə qarşı cinayət işi açılıb
Rusiya prezidenti Vladimir Putin rüşvət almaq ittihamı ilə bağlı saxlanılan iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin işi üzrə operativ əməliyyatın gedişatı barədə bütün məlumatları alıb, prezidentin mətbuat katibi Dmitri Peskov bildirir.
"Prezidentə, əlbəttə ki, məruzə edilib. Əslində ona operativ əməliyyat başlandığı anda məruzə edilmişdi. Yəni o bütün məlumatı alıb".
Hökumətin mətbuat xidmətinə əsasən baş nazir Dmitri Medvedev Ulyukayevin saxlanılması ilə bağlı vəziyyəti prezident Vladimir Putinlə müzakirə edib.
"Baş nazir baş verənləri Rusiya Federasiyasının Prezidenti ilə müzakirə edib".
İnterfax agentliyinə əsasən çərşənbə axşamı günü cənab Ulyukayev "Vahid Rusiya" partiyasının iclasına qatılmalı idi. Lakin hakim partiyanın tədbirindən bir gün əvvəl onun adı iclas proqramının siyahısından yoxa çıxıb.
"Heç bir irad tutulmayıb"
Rusiyanın İstintaq Komitəsi rüşvət almaq ittihamı ilə bağlı nazirə qarşı cinayət işinin açıldığını bildirib.
Qurumun saytında yerləşdirilmiş mətnə əsasən Aleksey Ulyukayev 2016-ci il noyabrın 14-də Rosneft şirkətinə Başneft-in dövlət səhm paketinin alınmasına imkan verən müsbət rəyinə görə 2 milyon dollar məbləğində rüşvət alıb.
Aleksey Ulyukayevin Müşahidə Şurasına başçılıq etdiyi VTB Bankı Başnefti-in nəzarət səhm paketinin özəlləşdirilməsilə bağlı hüquq-mühafizə orqanlarından heç bir irad almadığını qeyd edir.
"Başneft-in özəlləşdirilməsilə bağlı VTB qrupuna hüquq-mühafizə orqanları tərəfindən heç bir irad tutulmayıb".
"Biz həmçinin heç bir istintaq hərəkətlərində iştirak etməmişik", bankın açıqlamasında deyilir. VTB gecə baş verənlərin gözlənilməz xəbər olduğunu bidirib.

Rusiya iqtisadiyyat naziri $2 mln rüşvət almaq iitihamı ilə həbs olunub
Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevə böyük məbləğdə rüşvət almaqla bağlı ittiham təqdim olunub, Rusiya İstintaq Komitəsinin mətbuat xidməti bildirir.