Türkiyə münaqişədən sonra ilk dəfə olaraq İsrailə səfir təyin edib

Şəklin mənbəyi, AFP
Rəsmi Ankara 2010-cu ildə Türkiyə-İsrail arasında baş verən münaqişədən sonra ilk dəfə olaraq İsrailə yeni səfir təyin edib.
Türkiyə prezidenti Receb Təyyip Erdoğan səfir vəzifəsinə bundan əvvəl baş nazirin beynəxalq məsələləri üzrə müşaviri olan Kemal Ökemin təyin edildiyini bildirib.
Çərşənbə axşamı isə İsrail Türkiyəyə öz səfirini təyin edib. Ölkə rəhbərliyi bu posta Eytan Naenin namizədliyini təsdiqləyib.
2010-cu ilin may ayında İsrailin Müdafiə ordusuyla Fələstini dəstəkləyən "Azadlıq donanması" adlı hərəkatın fəalları arasında münaqişə yaranmışdı.
Münaqişəyə hərəkat fəallarının İsrail hökuməti tərəfindən mühasirəyə alınan Qəzza bölgəsindəki ərazilərə daxil olmaq cəhdləri və qarşıdurma nəticəsində 9 türk vətəndaşının həlak olması səbəb olmuşdu.
2011-ci ildə Türkiyə İsraildəki səfirini geri çağırıb. Türkiyənin Tel-Əvivdəki səfirliyində yalnız katib qalıb.
2016-cı ilin yayında Turkiyə-İsrail arasında münasibətləri normallaşdırmaq barədə ölkə rəhbərliyi razılığa gəlib. Razılaşma sənədinin əsas bəndlərindən biri səfirlərin geri qaytarılması olub.