Erdoğanın səfəri ərəfəsində Pakistan türk müəllimlərə ölkəni tərk etmək əmri verib

Erdoğan Fotonun müəllifi ADEM ALTAN
Image caption Prezident Recep Tayyip Erdoğan 16-17 noyabrda Pakistana səfər edəcək.

Pakistan, PakTürk məktəb və kolleclərində dərs deyən 100-dən artıq türk müəllimdən ölkəni tərk etməyi istəyib.

Prezident Recep Tayyip Erdoğan 16-17 noyabrda Pakistana səfər edəcək.

Bu ilin iyul ayında Türkiyə Pakistandan Fethullah Gülen tərəfdarlarının idarə etdiyi təhsil ocaqları və biznesləri bağlamağı istəyib.

ABŞ-da yaşayan ruhani alim Gülen Türkiyədə iyulun 15-də baş vermiş çevriliş cəhddə ittiham olunur.

Həmin vaxt Pakistan PanTürk Beynəlxalq Məktəb və Kolleclərinin taleyi ilə bağlı tələsik qərar vermək istəmədiyini bildirib.

Son məlumatlara əsasən müəllimlərə noyabrın 20-dək ölkəni tərk etmək əmri verilib.

Biznes maraqları

Fethullah Gülenin tərəfdarlarının sahibi olduğu şəbəkənin Pakistanda 28 məktəb və kolleci var.

Orada 1500 müəllim, 10 min şagirdə məktəbə qədər tədrisdən başlayaraq son siniflərədək dərs deyir.

İslamabadda yerləşən Harmony Publications da Gülen şəbəkəsinə daxil olan başqa bir biznesdir. Buraya Fountain adlı gülənçi jurnal və Tughra Books da daxildir.

Gülenlə bağlı olan digər firma isə PakTurk Bottlers adlı şirkətdir. Onlar Hayat adlı içməli su istehsal edir.

Bizneslər öz aralarında da bir-birinə bağlıdırlar. PakTürk məktəblərində təhsil alan şagirdlərin ailələrinə Fountain jurnalına abunə olmaq və Harmony Publications-da çap olunan kitablar almaq məsləhət görülür. Məktəblərdə isə yalnız Hayat suları içməyə icazə var.

Türklərin tələbi

Türkiyə Pakistanda Gülen və tərəfdarlarının idarə etdiyi müəssisələrin bağlanmasını istəyib.

"Biz dost ölkələrdən [Gülen] qrupun fəaliyyətinin qarşısının alınmasını istəmişik," Türkiyə səfiri Sadiq Babur Girgin 23 iyulda bildirib.

Bu ilk dəfə deyil ki, Türkiyə Pakistana PakTürk müəssisələri ilə bağlı müraciət edir.

2014-cü ildə prezident Erdoğan Pakistana PakTürk məktəblərinə qarşı tədbir görülməsini istəmişdi. O, bunu Pəncab əyalətinin başçısı və baş nazir Navaz Şarifin qardaşı Şahbaz Şarif ilə görüşündən öncə televiziya müsahibəsində deyib.

Məşhur məktəblər

PakTürk məktəbləri, övladlarına islam mədəniyyətini qorumaq şərti ilə qərb təhsili vermək istəyən valideynlər arasında çox məşhurdur.

Onlar qərb tədris planı əsasında kurslar təşkil edir, burada riyaziyyat və təbiətşünaslıqdan başlayaraq ingilis ədəbiyyatına qədər fənlər ingilis dilində tədris olunur.

Dövlətin tələbi ilə dini təlim, siniflərdə yalnız bir fənn kimi keçirilir. Lakin, sinifdənkənar dini məşğələlər aparılır.

Ölkə üzrə 173110 özəl milli məktəb içində bu 28 məktəb dəyişiklik gücünə sahib olmasa da, PakTürk məktəblərinin ekstremist islamçıların təsirinin azalmasına yardım etdiyinə inam var.

Kəskin etiraz

Müxalif siyasətçi İmran Xan Türkiyənin bu tələbinə qarşı kəskin etiraz bildirib.

"Biz Türkiyə demokratiyasını dəstəkləsək də, savadsızlıq səviyyəsinin yüksək olduğu Pakistanda PakTürk məktəblərini bağlamaq fəlakətə bərabərdir," o, Türkiyə səfirinin iyulda verdiyi açıqlamadan sonra Twitter hesabında bildirib.

Xan Erdoğanın səfəri zamanı parlamentdə baş tutacaq birgə iclasda iştirak etməyəcəyini deyib.

Hakimiyyət üçün variantlar

Türkiyənin bu istəyindən sonra hakimiyyət ehtiyatlı davranmağa başlayıb. Təhsil əyalətlərə xas bir məsələdir və Sindh və Xeybər Paxtunkvada hakim partiya müxalifətdir.

İnformasiya naziri Pərviz Rəşid iyul ayında bildirib ki, hakimiyyət onların nigarançılığını nəzərə alır və heç bir "qəfil addım" atmayacaq.

"Biz, həm də bu məktəblərdə minlərlə uşağın təhsil aldığını nəzərə almalıyıq. Hakimiyyət Türkiyə dövlətinin istəyini də nəzərdə saxlayaraq elə bir qərar alacaq ki, şagirdlərə zərərli təsiri olmasın," o vurğulayıb.

Türkiyənin bu tələbindən sonra, PakTürk məktəblərinin tamamilə bağlanması Pakistan hakimiyyəti tərəfindən hələ gözdən keçirilməyib.

Əlaqəli mövzular

Bu barədə daha geniş