Türkiyə: Mədən qəzasına görə “6 nəfər saxlanılıb”

Siirt mədəni
Şəklin alt yazısı,

Qəzadan sonra yerin altında qalan mədənçilərin axtarışı davam etdirilir

Türkiyə polisi ölkənin cənub-şərqində yerləşən Siirt əyalətindəki mis mədəninin çökməsindən sonra şaxtanın rəhbəri də daxil olmaqla 6 nəfəri saxlayıb, yerli mətbuat xəbər verir.

Cümə axşamı günü Şirvan rayonunda baş verən mədən uçqunu 6 adamın ölümünə bais olub. Daha 11 nəfər axtarılır.

Onların yerin altında təcrid olunduğu güman edilir.

Mədənin özəl şirkətə məxsus olduğu bildirilir.

2014-cü ildə Soma şəhərindəki mədəndə yanğın və partlayış nəticəsində 301 nəfər həlak olmuşdu.

Hadisə Türkiyə tarixində qurbanların sayına görə ən ölümcül texnogen fəlakət sayılır.

Bu işlə bağlı araşdırma davam edir. Prokurorluq 8 mədən menecerinə ömürlük həbs cəzası tələb edib, AFP agentliyi bildirir.

Soma qəzasından sonra iş yerində təhlükəsizliyə dair qaydalar sərtləşdirsə də, hazırkı insident problemlərin tam həll olunmadığını nümayiş etdirir.