Erdoğan: "ABŞ-ın siyasətindən xəyal qırıqlığına uğradım"

Cumhurbaşkanı Recep Tayyip Erdoğan

Şəklin mənbəyi, Reuters

Prezident Recep Tayyip Erdoğan ABŞ-ın Suriya siyasəti və Fethullah Gülen-in təhvil verilməsilə bağlı davranışından "xəyal qırıqlığına" uğradığını deyib.

Erdoğan ABŞ-ın CBS kanalında yayımlanan "60 dəqiqə" proqramının jurnalisti Steve Kroft-un Orta Şərqdəki hadisələr, Gülen və Türkiyə-ABŞ münasibətləri barədə suallarına cavab verib.

"ABŞ-ın siyasətinə görə əsəbi görünməsi" barədə suala cənab Erdoğan belə cavab verib: "Açıq deyim, çünki açıq sözlüyəm. "Xəyal qırıqlığına uğramadım" desəm düz olmaz, xəyal qırıqlığına uğradım".

Çevrilişə cəhd zamanı prezidentin ailəsi ilə birgə tətildə olması ilə bağlı Kroft sual verib: "Özünüz və ailəniz üçün qorxdunuz?"

"Steve, bizim inancımızda bir şey var, biz təslimiyyət içindəyik, biz ölümə inanmış insanlarıq, amma belə bir hadisədə əgər lidersinizsə hər şeydən öncə xalqınıza ölümsüzlüyün mesajını verməlisiniz. Çünki buna ınanıram ki, lider bir daşın arxasında gizlənərsə, millət dağın arxasında gizlənər", prezident Erdoğan qeyd edib.

"ABŞ-ın çevriliş cəhdilə əlaqəsi olduğunu düşünürsünüzmü?" sualına cənab Erdoğan belə cavab verib:

"Biz o etdi, bu etdi, belə şey deyə bilmərik, amma millət bunun izahını belə verir. Bu adam niyə sizdədir? Sən onu orada saxladığın müddətdə, üzr istəyirəm, Türkiyənin və türk xalqının baxışı başqa cür olmayacaq".

Şəklin mənbəyi, Getty Images

Kroft-un növbəti sualı isə belə olub: "Cavabınızdan bunun dəyişməsi üçün heç bir şey etmədiyinizi anlayıram.."

"Xalqımı aldada bilmərəm ki.. xalqımı bu nöqtədə aldada bilmərəm ki.. Mən dərdliyəm, Amerika dərdli deyil, mənim 241 şəhidim var".

Suriyada YPG-ə (Xalq Müdafiə Gücləri) görə ABŞ-la olan narazılıq barədə o deyib ki, "İŞİD ilə vuruşur deyə başqa bir terror təşkilatını müdafiə etmək olmaz. Terror təşkilatları arasında yaxşı-pis deyə ayrı-seçkilik etmək olmaz, amma bu mövzuda ABŞ-la razılaşmadıq".

Kroftun "Siz indi NATO və Amerika Birləşmiş Ştatları ilə olan ittifaqınızı və münasibətinizi yenidən nəzərdən keçirirsinizmi?" sualına cənab Erdoğan belə cavab verib: "Hazırda belə bir vəziyyət müzakirə mövzusu deyil".

O NATO ilə bağlı əlavə edib ki, təşkilatla münasibətlər razılaşmaya uyğun davam edir və alyans da eyni istiqamətdə fəaliyyət göstərir.