Ermənistan və Rusiya vahid qoşun qruplaşması haqqında razılaşma imzaladılar

Vigen Sarkisyan ötən ay müdafiə naziri vəzifəsinə təyin olunub.
Ermənistan və Rusiya müdafiə nazirləri Vigen Sarkisyan və Sergey Şoyqu bu gün Moskvada Birləşmiş qoşun qruplaşması yaratmaq haqqında saziş imzalayıblar.
Ermənistan müdafiə naziri Vigen Sarkisyanın sözlərinə görə, sözügedən birgə qoşun qruplaşmasına hazirda Ermənistan ərazisində mənzillənən 102 saylı Rusiya hərbi bazası və Ermənistan silahlı qüvvələrinin birləşmələri daxil olacaq.
Nazir qruplaşmanın, lazım olan halda, birgə hərbi tapşırıqlar yerinə yetirmək üçün yaradıldığını qeyd edib. Ermənistan və Rusiya müdafiə nazirləri həmçinin 2017-ci il üçün əməkdaşlıq planını imzalayıblar.
Ermənistan müdafiə naziri işçi səfərlə noyabrın 27-dən Rusiyadadır.
O, Rusiya-Ermənistan birgə qoşun qruplaşmasının Rusiya hərbi bazasının Ermənistanın müdafiəsində istifadə olunmasının qanuni əsasını təmin edəcəyini bildirib.
"Ermənistana qarşı sui-qəsd zamanı Gümridə yerləşən Rusiya hərbi bazası da müdafiə işinə cəlb edilməlidir, bunun isə qanunvericilik əsasları olmalıdır. Hazırkı halda qanunvericilik əsasını bu beynəlxalq saziş təşkil edir", - Vigen Sarkisyan deyib.
Daha əvvəl, noyabrın 17-də, Rusiya Dövlət Dumasının müvafiq komissiyası Qafqaz kollektiv təhlükəsizlik bölgəsində Ermənistanla birgə regional hava hücumundan müdafiə sistemi yaratmaq haqqında sazişin ratifikasiyasına dair qanun layihəsinin qəbul edilməsini tövsiyə etmişdi.
Ötən ay prezident Vladimir Putin 23 dekabr 2015-ci ildə Moskvada imzalanmış sazişi aşağı palatanın müzakirəsinə təqdim edib.
Saziş Müstəqil Dövlətlər Birliyinin birgə hava hücumundan müdafiə sisteminin tərkib hissəsi qismində birləşmiş regional hava hücumundan müdafiə sisteminin yaradılmasını nəzərdə tutur, qanun layihəsinə qoşulmuş izahat sənədlərində deyilir.
Bu sazişi Ermənistan parlamenti cari ilin iyun ayında ratifikasiya edib. Sənədin Ermənistan Milli Məclisində müzakirələri parlament binası önündə bir qrup ictimai fəalın etiraz aksiyaları ilə müşayiət olunub. Onlar hesab edirlər ki, Rusiya ilə birgə qoşun qruplaşmalarının yaradılması Ermənistanın dövlət suverenliyinə xələl gətirir.

Azərbaycan Rusiya və Ermənistanın vahid qoşun yaratmasından "narahat deyil"
Rusiya və Ermənistan müdafiə nazirləri Sergey Şoyqu və Seyran Ohanyan Rusiya və Ermənistan silahlı qüvvələrinin vahid qoşun qruplaşmasını yaratmaq haqqında saziş imzalayacaqlar.