Yıldırım: Rusiya ilə xoş olmayan dövrün sonuna gəldik

Rusya Başbakanı Dmitri Medvedev ve Başbakan Binali Yıldırım Fotonun müəllifi EPA
Image caption Baş nazir Binali Yıldırım Dmitri Medvedevin dəvətilə Rusiyaya gedib.

Türkiyə Baş Naziri Binali Yıldırım Moskvada rusiyalı həmkarı Dmitri Medvedev ilə görüşüb.

O görüşündən əvvəl jurnalistlərə "Rusiya-Türkiyə münasibətlərində bir illik narahatedici dövrün sonuna gəldiyimizi görürəm" deyib.

O əlavə edib ki, yaşanmış pis təcrübənin münasibətləri daha irəli nöqtəyə aparmağa yardım edəcəyini düşünür.

"Ticarət, turizm, mədəniyyət sahələrində sürətlə itirilən dövrü də kompensasiya edərək münasibətləri daha yaxşı bir nöqtəyə aparacağımızdan əminəm. Addım-addım normallaşma dövrünün mərhələlərinin hər sahədə daha sürətli irəliləməsini istəyirik", Yıldırım bəyan edib.

Medvedev: Çətin bir dövrdən keçdik

Rusiyanın Baş naziri Medvedev də Türkiyə ilə çətin bir dövrdən keçdiklərini söyləyib.

O deyib ki, türkiyəli həmkarı ilə bir çox mövzu ətrafında müzakirələr edəcək.

"Çoxlu ortaq layihəmiz var, onların təkrar həyata keçirilməsinin lazım olduğunu düşünürük".

Dmitri Medvedevin dəvətilə Rusiyaya gedən Yıldırımın bu gün Kremldə prezident Vladimir Putin tərəfindən qəbul ediləcəyi gözlənilir.