Xəbərlərdəki ad: Şavkat Mirziyoyev, Özbəkistanın yeni prezidenti

Mirziyoyev Fotonun müəllifi AFP/ Getty
Image caption Şavkat Mirziyoyev 1957-ci il iyulun 24-ü, rəsmi mənbələrə görə Özbəkistanın Cizzax regionunda doğulub

Dekabrın 4-ü Özbəkistanda baş tutan prezident seçkilərində baş nazir Şavkat Mirziyoyevin qələbəsi, 27 il hakimiyyətdə olan sələfi Islam Kərimovdan sonra, bu Mərkəzi Asiya xalqı üçün yeni eranın başlanmasının müjdəçisi olub.

Mirziyoyevin adı, hələ rəsmi olaraq prezident kimi açıqlanmasa da, ilkin nəticələr onun 88% səs topladığını göstərir.

Mirziyoyevin qələbəsi heç də təəccüblü deyil. Onun, prezidentliyə namizəd digər üç rəqibi marginal xarakter daşıyırdı, çünki o, sentyabrın 2-i dünyasını dəyişən Kərimovdan sonra, parlamentin seçkiyə qədər təyin etdiyi müvəqqəti lider idi.

Parlamentin bu qərarı, ölkənin konstitusiyasına zidd idi. Orada prezident vəfat etdiyi təqdirdə, senat spikerinin müvəqqəti lider olması göstərilir.

Lakin, özbəklərin əksəriyyəti, yeni prezidentin 31.8 milyonluq xalq üçün islahatlar edəcəyinə ümid bəsləyir. Mirziyoyevin Kərimovdan qalma - pambıq yığımında uşaq əməyindən istifadə kimi - siyasətləri dəyişdirməsi xalqın gözləntisini doğruldub.

Əsas faktlar

Şavkat Miromonoviç Mirziyoyev 1957-ci il iyulun 24-ü doğulub. Rəsmi mənbələrdə onun Özbəkistanın Cizzax regionunda doğulduğu qeyd olunur.

Bəziləri isə, onun, ailəsi 1960-cı illərdə Özbəkistana köçməmişdən qabaq, qonşu Tacikistanın Urateppa rayonunda dünyaya göz açdığını iddia edir.

O, Daşkənd Suvarma və Meliorasiya Institutunun maşınqayırma fakültəsini bitirib və Texniki Elmlər üzrə fəlsəfə doktorudur.

1981-ci ildə Mirziyoyev, eyni institutda kiçik elmi işçi kimi fəaliyyətə başlayır və prorektor vəzifəsinədək yüksəlir. O həmçinin, institut Komsomolunun - Kommunist Partiyasının gənclər təşkilatı - katibi vəzifəsini daşıyır.

1996-cı ildə Mirziyoyev, Cizzax başçısı və 2001-ci ildə Səmərqənd regionunun başçısı təyin olunur.

O, sürətlə yüksələrək 2003-cü ildə baş nazir təyin edilir və Kərimovun ölümünədək postunda qalır.

Baş nazir kimi vəzifəsində Mirziyoyev, Kərimovun sağ əli kimi görünür və müstəqil media tərəfindən möhkəm və ictimaiyyətdən uzaq duran iddialı biri kimi təqdim olunurdu.

O, heç vaxt media müsahibəsi verməyib və ya ictimai bəyanat yaymayıb. Mətbuatda onun şəkilləri demək olar ki, dərc olunmayıb.

Lakin vəziyyət, onun müvəqqəti lider kimi hakimiyyətə gəlməsindən sonra dəyişib və Mirziyoyev, medianın əsas diqqət mərkəzinə çevrilib.

Hələ əkinçilik sahəsinin rəhbəri olarkən o, beynəlxalq insan haqları qrupları tərəfindən, ölkənin əsas gəlir mənbəyi sayılan pambıq yığımında uşaq əməyindən istifadəyə görə ittiham olunub.

Mirziyoyevin Rusiyanın özbək əsilli maqnatı Alişer Usmonov ilə qohumluq münasibətlərinin olduğu deyilir.

Öz sözləri

Sentyabrın 8-i Mirziyoyev parlamentə, hökumətinin keçmiş prezidentin siyasətini davam etdirəcəyini açıqlayıb.

"Biz , böyük müəllimimizin siyasi mirasını qeyd-şərtsiz və tam olaraq davam etdirəcəyimizi uca səslə söyləməyi özümüzə borc bilirik. Buraya, bizim inkişafımız üçün onun tərəfindən müəyyənləşdirilmiş prinsiplər, məqsədlər və tapşırıqlar daxildir." Onun çıxışı özbək televiziyası tərəfindən yayımlanıb.

Lakin, sələfindən fərqli olaraq, Mirziyoyev, qonşuları ilə siyasi münasibətlərə daha isti yanaşdığına işarə edib.

"Xarici siyasətdə qonşularımız başda olmaqla, bütün ölkələrlə dostluq münasibəti saxlamaq istəyirik. Məqsədimiz onlarla qarşılıqlı faydalı əməkdaşlıq qurmaqdır.

Bunlar bizim əsas tapşırıqlarımızdır. Onların nailiyyəti bizim nailiyyətimizdir. Onların uğuru bizim uğurumuzdur, çünki onlar bizim qonşularımızdır.

Bizə ədavət yox, əməkdaşlıq lazımdır," Mirziyoyev, noyabrın 17-i deyib. Onun bu nitqi, həmin gün dövlət televiziyasında yayımlanıb.

Rusiya prezidenti Vladimir Putin ilə sentyabrın 6-sı baş tutan danışığını Mirziyoyev, ölkəsi ilə Rusiya arasındakı münasibətlərin "tamamilə strateji" olduğu və bu cür davam edəcəyi kimi şərh edib.

"Biz, sizin Islam Kərimovla illərdir qurub qoruduğunuz əlaqələri inkişaf etdirəcəyik," o, Rusiya liderinə deyib.

"Bunun bitməməsi və güclənməsi üçün əlimizdən gələni edəcəyik," onun bu ifadəsini, Rusiya xəbərlər televiziya kanalı Rossiya 24 yayıb.

Başqaları nə deyir

BBC-nin özbək xidmətinin Youtube kanalında noyabrın 24-ü dərc olunan müsahibəsində, Cənubi və Mərkəzi Asiya İşləri üzrə ABŞ Dövlət Katibinin Köməkçisi Nisha Desai Biswal, Mirziyoyevin, ABŞ-la işləyə biləcək uyğun prezident olacağını deyib.

"Prezident Mirziyoyev bizim münasibət saxlaya və işləyə biləcəyimiz bir tərəf müqabilidir. Birlikdə ikitərəfli əlaqələri və özbək xalqının gələcək sülh və əmin-amanlığı naminə münasibətləri inkişaf etdirə bilərik," Biswal bildirib.

Qazaxıstanlı siyasi analitik Dosym Satpayevə görə, Mirziyoyevin sələfinin siyası kursunu davam etdirməsi, onun bu sahədə islahatlar aparmayacağı anlamına gəlmir.

"Düşünürəm ki, açıqlamaların əsasında ,mərhum liderə hörmət dayanır. Bu gün Şavkat Mirziyoyev, iqtisadi və siyasi islahatlar aparmağa məcburdur. Əks halda, Özbəkistan inkişaf edə bilməyəcək," Satpayev, qazax internet səhifəsi 365info.kz verdiyi və dekabrın 5-i dərc olunan müsahibəsində söyləyib.

Xaricdə məskunlaşan özbəkistanlı politoloq Kamoliddin Rabbimov, Azadlıq Radiosunun Rusiya xidmətinə Şavkat Mirziyoyevin rəhbərliyi altında Özbəkistanın "daha açıq, daha dinamik" olacağına, lakin "avtoritar dövlət" kimi qalacağına inandığını bildirib.

Bir zamanlar hakimiyyətin kəskin tənqidçisi olan özbəkistanlı müşahidəçi və jurnalist Sergey Yejkov, Mirziyoyevi ölkənin "xilaskarı" kimi görür.

"Müvəqqəti prezident kimi vəzifəsində, Şavkat Mirzoyoyev, demək olar ki, bütün sosial təbəqələrdən olan vətəndaşlarının, indikinin əksinə daha yaxşı ölkə üçün vəd etdiyi etimadını qazanıb. İnanıram ki, insanlar hakimiyyət nümayəndələrinin dəyişilməziliyindən yorulduqları üçün ona səs veriblər," Yejkov, dekabrın 6-sı Uzmetronom.com adlı öz internet səhifəsində deyib.

"Bəlkə də o, həqiqətən bizə azadlıq bəxş etmək üçün gəlib?", jurnalist əlavə edib.

Məlumatı BBC Monitorinq hazırlayıb. BBC Monitorinq - qəzet, TV, radio və saytlardan xəbər və məqalələrin təhlilini aparır.

Əlaqəli mövzular

Bu barədə daha geniş