Türkiyə: Prezident səlahiyyətləri genişləndirilə bilər

Şəklin mənbəyi, AP
Recep Tayyip Erdoğan prezident səlahiyyətlərinin genişləndirilməsini istəyir
Türkiyənin hakim AK partiyası prezident səlahiyyətlərini genişləndirəcək konstitusiya dəyişiklikləri üzrə qanun layihəsini parlamentə təqdim edib.
Sənəd ölkənin Fransa kimi prezident respublikasına çevrilməsini nəzərdə tutur.
Recep Tayyip Erdoğan dövlət başçısının səlahiyyətlərini genişləndirmək təşəbbüsü ilə iki il əvvəl, prezident seçiləndən sonra çıxış edib.
Onun sözlərinə görə bu idarəçilik sistemini sadələşdirəcək.
Baş nazir Binali Yıldırım deyib ki, yeni təşəbbüsün gerçəkləşməsi nəticəsində ölkə dövlət çevrilişlərindən yaxa qurtara bilər.
Aparıcı müxalifət təşəbbüsə etiraz edərək bildirir ki, Türkiyə şəraitində hakimiyyətin bir şəxsin əlində cəmləşdirilməsi qərarların demokratik qəbul olunma əsaslarına təhlükə törədəcək.
Bundan əvvəl Recep Tayyip Erdoğan deyib ki, parlament prezident səlahiyyətlərinin genişləndirməsilə bağlı təşəbbüsü dəstəkləyərsə məsələ referenduma çıxarılacaq.
Məsələ ilə bağlı parlamentdə səsvermə günü təyin olunmayıb.
Hökumət təşəbbüsün konkret müddəalarını dəqiqləşdirməyib. Lakin yerli ekspertlərə görə dəyişikliklərdən biri baş nazir vəzifəsi əvəzinə iki vitse-prezident postunun təsis edilməsini nəzərdə tutur.
10 il ərzində Türkiyənin baş naziri olan Recep Tayyip Erdoğan 2014-cü ildə prezident vəzifəsinə seçilib.

Türkiyə qərbdən uzaqlaşır – Erdoğandan sitatlar
Türkiyə prezidenti Recep Tayyip Erdoğan son zamanlar Qərb tərəfdaşları barəsində tənqidi fikirləri ilə yadda qalıb. O, Türkiyənin Qərbə arxa çevirməsini və yeni tərəfdaşlıqlar axtarışında olduğunu bildirib.