Türkiyə və Rusiya səfirin qətlini birgə araşdıracaq

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Silahlı şəxs Rusiyanın Ankaradakı səfirini güllələdikdən sonra

Moskvada səfərdə olan Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu Rusiya səfirinin qətlə yetirilməsinə dair Moskva ilə müştərək araşdırmanın uğuruna əmin olduğunu bildirib.

Bundan əvvəl Rusiya Andrey Karlovun qətli ilə bağlı təfərrüatlı araşdırma aparmaq üçün Ankaraya müstəntiqlər qrupunu göndərib.

Prezident Vladimir Putin səfirin qətlini "təxribat" kimi dəyərləndirib.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan, Rusiya prezidentinə başsağlığını rus dilində tvitləyib.

Səfirin öldürülməsi ardından, ABŞ Türkiyədəki diplomatik nümayəndəliklərinin çərşənbə axşamı günü bağlı olacağını bəyan edib.

ABŞ səfirliyinin Twitter hesabında deyilir ki, Ankaradakı səfirliklə İstanbul və Adanadakı konsulluqları müvəqqəti olaraq fəaliyyətini dayandırır və viza məsələləri ilə bağlı təyin olunmuş görüşlərin günü başqa tarixlərə keçirilicək.

Azərbaycan bildirir ki, Türkiyə Respublikasındakı diplomatik nümayəndəlikləri fəaliyyətlərini "gücləndirilmiş iş rejimində" davam etdirirlər.

ABŞ-la yanaşı çərşənbə günü İranın diplomatik idarələri də bağlı qalacaq.

Səfirin qətli

Türk polisi Rusiyanın Suriyaya müdaxiləsinə etiraz edərək bu ölkənin Türkiyədəki səfiri, Andrey Karlova silahlı hücum edib. Səfir aldığı xəsarətdən ölüb.

Silahlı hücum edən polis 22 yaşlı Mevlut Mert Aydıntaş olduğu məlum olub. O, Ankara çevik polis alayı üzvüdür və onun hansısa qrupa aid olub-olmadığı məlum deyil.

Məlum hadisə Rusiyanın prezident Bəşər Əsədi dəstəkləməsinə etiraz olaraq Türkiyədə keçirilən nümayişdən sonra baş verib.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan səfirin qətlə yetirilməsindən sonra telefonla Rusiya prezidenti Vladimir Putinlə danışıb, Reuters CNN Türkə istinadən bildirir.

Cənab Erdoğan bildirib ki, Rusiya səfirinin Ankarada öldürülməsilə iki ölkə arasında münasibətlərə xələl gətirmək istəyənlər "buna nail ola bilməyəcək".

Televiziya çıxışında cənab Putin deyib ki, "təxribat şübhəsiz ikitərəfli münasibətlərin normallaşmasını" və Suriyadakı "sülh prosesini pozmağa" hesablanıb.

Araşdırma

Hadisəni araşdırmaq üçün rusiyalı tədqiqat qrupu Türkiyəyə gedəcək, prezidentin sözçüsü Dmitri Peskov deyib.

"Türkiyə və Rusiya hadisəni araşdırmaq üçün birgə komissiya təşkil edir," Türkiyə prezidenti TRT kanalına deyib.

Silahlı şəxsin bacısı və anası Türkiyənin Aydın şəhərində saxlanılıb, Reuters agentliyi yerli mediaya istinadən bildirir.

Türkiyə baş nazir Binali Yıldırımın hadisə ilə bağlı yazılı açıqlaması yayılıb. Cənab Yıldırım "mənfur hadisənin Rusiya ilə Türkiyə arasında davam edən və inkişafda olan əlaqələri pozmağa yönəldiyini" bildirib.

Fotonun müəllifi AP
Image caption Hücum edən şəxsin zərərsizləşdirildiyi deyilir

Reaksiyalar

BMT baş katibi Ban Ki-moon deyib ki, o "mənasız olan terror aktından" sarsılıb.

Hücum tez bir zamanda digər ölkələr tərəfindən də qınanılıb.

ABŞ dövlət katibi John Kerry: "Bütün diplomatların dünyanın hər yerində öz ölkələrini və xalqını təhlükəsiz, yüksək şəkildə təmsil etmə hüququna qarşı basqın olan mənfur hücumu araşdırmaq üçün biz Rusiya və Türkiyəyə yardım təklif etməyə hazırıq."

Böyük Britaniya xarici işlər naziri Boris Johnson: "Rusiyanın Türkiyədəki səfirinin mənfur qətli xəbərindən şok oldum. Ailəsinin dərdini bölüşürəm. Mən bu alçaq hücumu qınayıram."

Almaniya daxili işlər naziri, Thomas de Maiziere deyib ki, terrorçuluqla ümumi mübarizədə Türkiyə ilə birlikdədir.

Fransa prezidenti Francois Hollande qətli "kəskin pisləyib".

ABŞ-da olan Fethullah Gulen bu hücumu pisləyib və bu hücumla hər hansı bir əlaqəsinin olduğunu qəti şəkildə inkar edib, Reuters xəbər agentliyi onun müşavirinə istinadən yazır.

Moskva-Ankara əlaqələri

Rusiya parlamentinin üzvü Leonid Slutski hadisənin iki ölkənin əlaqələrinə təsir etməyəcəyini deyib.

"Moskva-Ankara münasibətlərində soyuqluq yaranmayacaq", cənab Slutski deyib.

Hadisə ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayıb. Nazirlik səfirin qətlə yetirilməsini "kəskin şəkildə pislədiyini" bildirib.

"Azərbaycan tam şəkildə inanır ki, səfir Andrey Karlova qarşı törədilmiş terror aktı Rusiya və Türkiyənin terrorizmə qarşı mübarizədə əzmini, əməkdaşlığını və birgə səylərini daha da gücləndirəcək", bəyanatda deyilir.

Xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiyasının Türkiyə Respublikasındakı səfiri Andrey Karlovun öldürülməsi ilə əlaqədar həmkarı Sergey Lavrova başsağlığı məktubu göndərib.

Cənab Məmmədyarov məktubda "dərin kədər və təəssüf hissi ilə səfir Andrey Karlovun terror aktı nəticəsində öldürülməsi xəbərini eşitdiyini" qeyd edib.

Fotonun müəllifi AP
Image caption Türkiyə polisi hadisə yerinə girişi bağlayıb

Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda səfirin Türkiyənin çətin dövründə fəaliyyət göstərdiyi deyilir.

"Bu hücumun Türkiyə-Rusiya dostluğuna kölgə salmasına imkan verməyəcəyik", bəyanatda daha sonra əlavə edilir.

Ankara meri Melik Gökçek deyib ki, hücum Türkiyə-Rusiya münasibətlərinin korlanması üçün həyata keçirilib.

Hadisə şahidi Reuters xəbər agentliyinə bildirib ki, hücumdan sonra silah səsləri eşidilsə də, indi sakitçilikdir.

Türkiyə Radio-Televiziya Şurası hadisə ilə bağlı xəbərlərə yayım qadağası ilə bağlı qərar verib.

Fotonun müəllifi AP
Image caption Silahlı hücumdan dərhal sonra insanlar gizlənməyə can atıb

Ötən gün Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyir ki, səfirə hücum edilən yerdə atışmanın davam etdiyini deyib.

"Biz Türkiyə hakimiyyətilə birbaşa əlaqədəyik. Biz tələb edirik ki, Türkiyə zorakılığı durdurmaq üçün bütün tədbirləri görsün, vuruşmanı dayandırsın, təhlükəsizliyi təmin etsin və Rusiya səfirinə təcili tibbi yardımla təmin etsin", səfirin ölümü barədə xəbərlərdən öncə xanım Zaxarova İnterfax agentliyinə deyib.

ABŞ Dövlət Departamenti səfirə hücumu pisləyib.

"Biz bu zorakılıq aktını, mənbəyi nə olursa olsun, pisləyirik. Düşüncələrimiz və dualarımız səfir və onun ailəsilədir", departamentin sözçüsü John Kirby deyib.

Türkiyənin daxili işlər naziri və Ankara valisi hadisə yerinə gəliblər. Hadisə yerinə xüsusi təyinatlı təhlükəsizlik qüvvələri yeridilib.

Hadisə şahidi

Haberturk qəzetinin diplomatik müxbiri Bahar Bakir atışma baş verərəkən Ankaradakı incəsənət qalereyasında olub və gördüklərini izah edib.

"Səfirin arxasında Allahu Əkbər qışqıran şəxs deyirdi: "Sən Suriyada dinc sakinləri öldürmüsən, yaxanı kənara çəkə bilməyəcəksən", o deyib.

"O silahını çəkərək birinci səfirə tərəf tuşladı, daha sonra isə otaqdakı digər şəxslərə. Biz həyəcan içində yerə sərildik. Mən silahlı şəxsin silahı tavana tuşladığını və səfirin təəssüf ki, yerdə uzandığını gördüm.

"Sərgi zalı ikinci mərtəbədə idi və mən aşağıya doğru qaçdım. Mənimlə birgə yaralı şəxsləri gördüm".

Cənab Karlovun qətlinə baxmayaraq çərşənbə axşamı Moskvada Suriyanın gələcəyinə dair Rusiya, İran və Türkiyə görüşü baş tutacaq, İnterfaks xəbər agentliyi Rusiya parlamentinin üzvü Leonid Slutskiyə istinadən xəbər verib.

Hücum zamanı digər şəxslərin də yaralandığı deyilir. Bundan bir gün əvvəl Türkiyədə Rusiyanın Suriyaya hərbi müdaxiləsinə qarşı etirazlar keçirilib.

Rusiya televiziyasının yaydığı xəbərə görə, səfirin iştirak etdiyi sərgi "Türklər Rusiyanı necə görür" adlanıb.

Fotonun müəllifi AP
Image caption 1954-cü ildə doğulmuş cənab Karlov, 2013-cü ildən Ankarada səfirdib

Videolarda Ankaradkı Rusiya səfirini vuran kostyumlu şəxs "Suriyanı unutmayaq, Hələbi unutmayaq, Allahu əkbər!" qışqırır.

Türkiyə və Suriya arasında münasibətlər Suriya münaqişəsində iştirakları ilə bağlı gərginləşib.

Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu Moskvaya Rusiya və İranla Suriya barəsində danışıqlar aparmaq üçün yollanmalı idi.

1954-cü ildə doğulmuş cənab Karlov, 2013-cü ildən Ankarada səfirdir.

Bu barədə daha geniş