Həsən Ruhani: Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur

Ruhani prezident seçiləndən sonra ilk dəfədir Ermənistana səfər edir

Şəklin mənbəyi, President.am

Şəklin alt yazısı,

Ruhani prezident seçiləndən sonra ilk dəfədir Ermənistana səfər edir

Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur, Ermənistanda səfərdə olan İran İslam Respublikasının prezidenti Həsən Ruhani Ermənistan prezident ilə birgə brifinqdə deyib.

İranın İRNA agentliyinin məlumatına görə, İran və Ermənistan arasında "əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı anlaşma haqqında memorandum" imzalanacağı gözlənilir.

Bu, 2013-cü ildə prezident seçildikdən sonra Həsən Ruhaninin Ermənistana ilk səfəridir. Ermənistandan sonra İran prezidenti Qazaxıstana və Qırğızıstana yollanacaq.

"Bizim üçün Azərbaycan və Ermənistan dost ölkələrdir, və əminəm ki, bölgədə sülh və sabitliyin bərpa olunmasının şahidi olarıq. Bu, bütün bölgə üçün zəruridir. Şübhəsiz, bu məsələnin hərbi həlli yoxdur, və biz əminik ki, məsələ beynəlxalq qanunlar çərçivəsində dinc danışıqlar yollu ilə həll olunar", - İran prezidenti Yerevanda keçirilən brifinqdə bəyan edib.

Öz növbəsində, Serj Sarkisyan Qarabağ məsələsində İranın tarazlaşdırılmış mövqeyinin alqışlandığını deyib.

"Mən bir daha Dağlıq Qarabağ probleminin dinc yolla tənzimlənməsi prosesində irəliləyiş təmin etmək istiqamətində Ermənistan və ATƏT-in Minsk Qrupu sədrlərinin apreldə Azərbaycanın Artsaxa (Dağlıq Qarabağa) qarşı təcavüzünün nəticələrinin aradan qaldırılmasına yönəlmiş səylərini, Vyanada və Sankt-Peterburqda əldə edilmiş razılaşmaları təqdim etdim". - Serj Sarkisyan deyib.

"Biz Qarabağ probleminin beynəlxalq hüquq əsasında sırf dinc yolla həllinə dair İranın tarazlaşdırılmış mövqeyini yüksək qiymətləndiririk".

İqtisadi əməkdaşlıq

Ermənistanda İran əsas iqtisadi tərəfdaşlardan biri hesab edilir. Bununla belə, rəsmi statistikaya əsasən, 2011-ci ildə iki ölkə arasında 323 milyon dollar təşkil edən ticarətin həcmi 2015-ci ildə 276 milyonadək azalıb. Bu, Ermənistanın ümumi xarici əmtəə dövriyyəsinin 5 faizini təşkil edir.

Bu göstəricinin əsas hissəsini Ermənistanla İran arasında elektrik enerjisi müqabilində qaz mübadiləsi təşkil edir. Ermənistan İrandan idxal edilən qazın haqqını elektrik enerjisi ilə ödəyir. Məsələn, 2014-cü ilin hesabatına əsasən Ermənistan İrandan aldığı 383 min kub metr qaz üçün İrana 1,165 milyard kilovat/saat elektrik enerjisi ilə hesablaşıb.

İranla Ermənistan arasında ən perspektivli müştərək layihələrdən biri 2012-ci ildə başlanan Meğri su elektrik stansiyasıdır.

Meğri SES-də, hər biri ildə 793 milyon kilovat/saat elektrik enerji istehsal etmə qabiliyyətinə malik iki stansiya tikilməlidir. Layihə üzrə 323 milyon dollar tələb edilən tikintini İran investisiya şirkəti maliyyələşdirməlidir. Lakin İrana qarşı beynəlxalq sanksiyalara görə tikinti işləri hələ başlanmayıb.

Şəklin mənbəyi, President.am

Şəklin alt yazısı,

Həsən Ruhaninin Ermənistan prezidenti ilə görüşünün siyasi gündəliyində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi əsas müzakirə mövzusu olacağı gözlənilir

Bundan fərqli olaraq, yeni İran-Ermənistan elektrik xəttinin tikintisi layihəsi üzrə işlər başa çatmaq üzrədir. Xəttin İran hissəsi artıq hazırdır və İran tərəfi 2015-ci ilin sonundan Ermənistan ərazisində 280 kilometrlik hissəsinin tikintisinə başlayıb.

Sözügedən elektrik ötürücü xəttinin Avropa maliyyə strukturlarının köməyi ilə Gürcüstana kimi davam etdirilməsi nəzərdə tutulur.

Hazırda həyata keçirilməkdə olan layihələrdən İran qazının Ermənistan ərazisi ilə Gürcüstana ötürülməsi və Ermənistanın İran sərhədində yerləşən Meğri rayonunda azad iqtisadi zona yaradılmasını qeyd etmək olar.

Bundan başqa, Ermənistan İran mallarının Qara dəniz sahilinə, oradan da Avropaya nəql edilməsi üçün əsas tranzit ölkə olmaq məqsədilə miqyaslı "Şimal-Cənub" layihəsinə başlayıb.

Layihə üzrə İran sərhədindən Ermənistan ərazisi ilə Gürcüstan sərhədinədək uzanan avtomobil yolunun yenidən qurulması planlaşdırılır.

Lakin 2 milyard dollarlıq bu layihə üzrə pulların az qala yarısının sərf olunduğu bildirilir, işlər isə Ermənistan ərazisində yarımçiq qalıb.

Həsən Ruhaninin Ermənistan prezidenti ilə görüşünün siyasi gündəliyinə gəldikdə, əsas mövzu Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi olacağı gözlənilir.