Rusiyada təyyarə qəzası: Təyyarənin gövdəsi tapılıb

Axtarış üçün onlarla gəmi, helikopter, təyyarə və sualtı qayıqlar əməliyyata cəlb olunub

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı,

Axtarış üçün onlarla gəmi, helikopter, təyyarə və sualtı qayıqlar əməliyyata cəlb olunub

Soçidə qəzaya uğramış Tu-154 təyyarəsinin gövdəsinin hissələri tapılıb, Rusiyanın Fövqəladə Hallar Nazirliyi bildirib.

"İlkin məlumata görə, hissələr sahildən 1 mil uzaqda 27 metr dərinlikdədir", axtarış-xilasetmə qrupu İnterfaks agentliyinə söyləyib.

Hazırda təyyarənin gövdəsinin sudan çıxarmaq barədə müzakirələr aparılır.

Bu səhər qurbanların cəsədlərini daşıyan İl-76 təyyarəsi Moskvaya çatıb.

Bundan başqa, qəzaya uğramış təyyarənin 86 müxtəlif qalıqları da paytaxta gətirilib.

Müdafiə Nazirliyi Moskvada meyitlərin kimliyinin müəyyən ediləcəyini və genetik ekspertiza keçiriləcəyini bildirib.

Göyərtəsində 92 nəfər daşıyan Rusiya hərbi təyyarəsi Qara dəniz üzərində qəzaya uğrayandan sonra Rusiya "sutka ərzində" irimiqyaslı axtarış əməliyyatını davam etdirir.

Soçi yaxınlığında əməliyyatı aparmaq üçün onlarla gəmi, helikopter, təyyarə və sualtı qayıqlarla 3500-ə yaxın insan əməliyyata cəlb olunub.

Suriyaya uçan Tu-154 təyyarəsinin göyərtəsində Aleksandrov Ansamblının 64 üzvü, 9 jurnalist, 8 əsgər, 2 dövlət qulluqçusu, bir QHT nümayəndəsi və 8 ekipaj üzvü olub.

Təyyarədə olanların hamısının öldüyü ehtimal olunur. Bazar ertəsi milli matəm günü elan olunub.

İlk meyitlər tapıldı

109 nəfər dalğıc da daxil olmaqla əməliyyat qrupu bütün gecəni işləyib, Rusiya rəsmiləri deyir. Müdafiə nazirliyi sözçüsü, general-mayor İqor Konaşenkov bir qədər əvvəl deyib ki, əməliyyat "fasiləsiz" davam etdirləcək.

O əlavə edib ki, indiyə qədər 11 nəfərin meyiti və təyyarənin "154 hissəsi" tapılıb.

Axtarışlarda təyyarənin qalıqlarını tapmaq üçün güclü projektorlardan istifadə olunub.

Rəsmilər deyib ki, axtarışın əhatə dairəsi sahildən 10.5 kvadrat kilometr uzaqlıqda olan hissəni əhatə edir.

"Tu-154 təyyarəsinin qalıqları Soçinin Qara dəniz sahillərinin 1.5 kilometrliyində, 50-70 metr dərinlikdə tapılıb", müdafiə nazirliyinin bəyanatında deyilir.

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı,

Moskvada Aleksandrov Ansamblının binası önündə əklillər düzülüb

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı,

Soçidə isə təyyarə qəzasında ölənlərin xatirəsinə şamlar yandırılıb

Jurnalistlərin baş vermiş qəzanın terror hücumu olub-olmaması ilə bağlı sualına cavab olaraq Rusiya nəqliyyat naziri Maksim Sokolov deyib ki, müstəntiqlər baş vermiş hadisənin səbəblərini "bütün spektordan" araşdırırlar.

Lakin o vurğulayıb ki, indi hər hansı qərar vermək çox tezdir.

Təyyarə Soçidən Bakı vaxtilə 06.25-də uçuşa başladıqdan iki dəqiqə sonra radarlardan itib. Moskvadan qalxan təyyarə Soçinin Adler hava limanında benzin doldurulması üçün dayanmışdı.

Aleksandrov hərbi Orkestri Suriyada yerləşən rus qoşunları üçün Yeni İl konserti vermək üçün yola çıxmışdı.

Rusiya mediasında yayılan səs yazılarına görə, hava nəzarətçisi ilə təyyarə heyəti arasında ünsiyyətində hər hansı çətinliyin yaranması haqda narahatlıq olmayıb və təyyarə radarlardan itənə qədər səslər çox sakit olub.

Rusiya rəsmiləri deyib ki, hava şəraiti uçuş üçün münasib olub. Təyyarə 1983-cü ildən istifadəyə verilib.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı,

Tu-154 hərbi təyyarəsi 2015-ci il, Moskva yaxınlığındakı hərbi aeroportda görünüb

General-mayor İqor Konaşenkov deyib ki, təyyarəni idarə edən pilot "çoxillik təcrübəsi" olub. O əlavə edib ki, təyyarə sonuncu dəfə sentyabr ayında təmirdən çıxıb.

Müdafiə nazirliyinin açıqladığı sərnişin siyahısında 64 Aleksandrov Ansamblının üzvünün adı var.

"Doktor Liza" kimi tanınan humanitar fəal Yelizaveta Qlinkanın da adı sərnişinlər siyahısındadır

Bundan başqa, göyərtədə doqquz jurnalist, səkkiz əsgər, iki dövlət qulluqçusu, QHT nümayəndəsi və səkkiz ekipaj üzvü olub.

Rusiya, Suriya prezidenti Bəşər əl-Əsədə müxalif olan üsyançı qruplara qarşı döyüşdə hökumət qüvvələrinə dəstək üçün havadan zərbələr endirir.