Trump Qafqazı tərk edir

Batumi sahili Fotonun müəllifi VANO SHLAMOV/AFP/Getty Images
Image caption Batumi regionda turistlərlə ən populyar şəhərlərdən biridir.

Donald Trump-a məxsus Trump Organization şirkəti Gürcüstanın Batumi şəhərində tikiləcək 250 milyon dollarlıq layihəni maraqlar toqquşması baş verməməsi üçün tərk edib, onun keçmiş ortağı Reuters agentliyinə deyib.

Xəbərdə Trump-ın Gürcüstandakı layihə üzrə biznes ortağı onun layihəni "maraqlar toqquşmasının baş verməməsi üçün" tərk etdiyini deyib.

Trump Organization bu iddialara cavab verməkdən imtina edib, Donald Trump-ın prezidentliyə keçid komandası isə agentliyin suallarına cavab verməyib.

Fotonun müəllifi EMMANUEL DUNAND/AFP/Getty Images
Image caption 10 mart 2011-ci ildə Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili və Donald Trump layihəni bəyan etmişdilər.

Donald Trump gürcü şirkəti Silk Road Group-la (SRG) 47 mərtəbəli yaşayış binasında öz adının istifadəsi üçün lisenziya müqaviləsi bağlamışdı.

SRG və Trump Organization layihənin ləğv edilmə qərarını keçən həftə yaydıqları birgə bəyanatda açıqlayıblar, lakin səbəblərini verməyiblər.

ABŞ-da Demokratlar və bəzi Respublikaçılar Trump-ın hər bir maraq toqquşmalarının qarşısını almasını tələb edirlər. Buna cavab kimi, Trump biznesini uşaqlarının nəzarətinə keçirəcəyinə söz verib.

Agentlik deyir ki, Trump Organization-un icraçı vitse-prezidenti Alan Garten SRG-nin rəhbəri Ramişvilinin şəhrlərinə cavab verməkdən imtina edib.

Fotonun müəllifi Getty Images
Image caption Bakıda Trump təşkilatı və Anar Məmmədovun təşəbbüsü ilə tikilən bina artıq Trump adını daşımayacaq.

Bundan əvvəl, dekabr ayında cənab Garten Trump Organization-un Braziliya və Azərbaycanda lisenziya müqavilələrini ləğv etdiyini bəyan etmişdi.

Təşkilatın Bakıdakı ortağı Azərbcaycanın nəqliyyat nazirinin oğlu Anar Məmmədova məxsus Qarant Holding idi.

Bakının Nəsimi rayonunda Heydər Əliyev prospekti üzərində yerləşən 33 mərtəbəli yelkənə bənzər göydələnin tikintisi ötən il başa çatsa da, onun fəaliyyət göstərməsi barədə heç bir məlumat olmayıb.

Cənab Garten 2016-cı ilin iyul ayında Bakı layihəsinin "iqtisadi səbəblərə" görə gecikdirildiyini desə də, bundan bir neçə həftə əvvəl Anar Məmmədovun sərvətinin mübahisəli mənbələrdən əldə edilməsi barədə reportajlarla bağlı suala cavabında, "bu məsələlər müzakirə edilməlidir", deyib.

Fotonun müəllifi Getty Images
Image caption Donald Trump-ın seçki qələbəsindən sonra Anar Məmmədov onu və qızı İvanka Trump-ı rəsmi Instagram səhifəsində təbrik edib.

Lisenziya razılaşmalarının ləğv edilməsinə baxmayaraq, Donald Trump-ın keçmiş qafqazlı biznes ortaqları onu müsbət işıqda görürlər.

Cənab Trump-ın seçki gələbəsindən sonra Anar Məmmədov onu Instagram səhifəsində təbrik edib və cənab Ramişvili də, keçmiş ortağının "mükəmməl prezident olacağına əmin olduğunu" deyib.

Qarant Holding-in artıq tikib bitirdiyi otelin gələcəyi barədə məlumat yoxdur, lakin cənab Ramişvili Reuters-ə verdiyi şərhlərdə Batumi Tower layihəsini bitirməyə vəd edib.

"Onda (binada) Trump-ın adı olmasa da, bəlkə adı Fifth Avenue Tower (Beşinci Prospekt Qülləsi) ola bilər, çünki o onsuz da New Yorkdakı Trump Tower-ə bənzəyəcək", o, deyib.

Bu barədə daha geniş