Qırğızıstanda yük təyyarəsi qəzaya uğrayıb: azı 38 nəfər ölüb

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Qırğızıstanda yük təyyarəsi qəzaya uğrayıb

Türk Hava Yolları üçün yük daşıyan ACT Hava Yollarının təyyarəsinin Qırğızıstanda qəzaya uğraması nəticəsində, iki pilot və dörd ekipaj üzvü də daxil olmaqla, azı 38 nəfər həlak olub, rəsmilər deyirlər.

Hong Kong-dan uçan Boeing 747 təyyarəsi paytaxt Bişkekin 25km şimalına yerləşən Manas hava limanının yaxınlığında evlərə çırpılıb, Qırğızıstan hökuməti bildirib.

Məlumata görə, təyyarə məşhur istirahət zonası olan Daça-Suu-da qəzaya uğrayıb.

Qəza nəticəsində 15 bina zərər görüb və ölənlər arasında 17 uşağın olduğu qeyd edilir.

14 ildir istismar edilən təyyarə İstanbula qayıdarkən Manas-da fasilə etməli idi.

Hadisə yerli vaxtla saat 07.31-də baş verib.

Həmin vaxt şaxta və qatı duman mövcud olub, amma hələ qəzanın səbəbi bilinmir.

Sosial mediada bu qəzaya aid olduğu iddia edilən fotolarda dağılmış binanın qalıqlarında qalxan alov və tüstü görünür.

Məlumatlara görə, bir nəfər ekipaj üzvü sağdır.

İstanbulda yerləşən ACT Hava Yolları şirkəti "myCargo" brendi ilə yük daşınmalarını həyata keçirir.

Türk Hava Yolları (THY) Twitter vasitəsilə qəzada ölənlər üçün baş sağlığı verib.

Fotonun müəllifi Twitter

BBC Türkçe'yə danışan THY sözçüsü Yahya Üstün təyyarənin ACT Havayollarına aid olduğunu, amma THY üçün yük daşıdığını deyib.

Hadisə nəticəsində ölkənin əsas hava limanı olan Manas bağlanıb.

Qırğızıstanın Təcili Xilasetmə Qurumunun sözçüsü Muhammed Svarov AFP-ə deyib ki, qurbanların sayı arta bilər.

Qırğızıstanın prezidenti Almazbek Atambayev qəzada həyatını itirənlərə baş sağlığı mesajı göndərib və qurbanların ailələrinə maliyyə yardımı ediləcəyini söyləyib.