Patriarx Kirill yoxsullar üçün bank açmağı təklif edib

Kirill

Şəklin mənbəyi, Getty Images

Moskva və bütün Rusiya patriarxı Kirill Dövlət Dumasında Milad qiraəti zamanı ölkədə yoxsullar üçün xüsusi banklar yaratmağın məqsədəuyğunluğu haqqında fikirləşməyi təklif edib.

O, belə bir maliyyə sisteminin Hindistanda müvəffəqiyyətlə fəaliyyət göstərdiyini qeyd edib.

"Bəzən insana öz işini açmaq üçün cəmi 200 dollar lazım olur. Və budur, belə bir özü də yoxsul təbəqəsindən olmuş adam tapılıb və yoxsullar üçün gözəl bir banklar sistemi yaradıb - nə dəhşətli faizlər, nə insanları asılı vəziyyətə salmaq. Lakin bəzən 200-300 dollar insana öz işini başlaması üçün yetərli olub. Bu təşəbbüs mənim müzakirə edə bildiyim insanlar tərəfindən çox yüksək qiymətləndirilib", - rus pravoslav kilsəsinin (RPK) rəhbəri Hindistan təcrübəsini misal gətirib.

RPK rəhbərinin banqladeşli biznesmen Məhəmməd Yunusu nəzərdə tutduğu ehtimal olunur.

1976-cı ildə ABŞ-dan vətəni Banqladeşə qayıdan Yunus yoxsul kəndlilərə cüzi faizlə və hər hansı girov və zəmanətsiz az miqdarda kreditlər verməyə başlamışdı.

Yeganə şərt bu idi ki, kredit ailə biznesinin başlanması və ya onun genişləndirilməsi üçün istifadə olunmalı idi.

Beləliklə Məhəmməd Yunus az məbləğdə borc vermə (mikrokredit) konsepsiyasını yaradıb və 1983-cü ildən baş direktoru olduğu Grameen Bank-ı açıb.

1996-cı ildə Yunus Banqladeş hökumətinin müşaviri vəzifəsini tutub, 2006-cı ildə isə öz uğurlu sosial və kommersiya layihəsinə görə Nobel Sülh mükafatı ilə təltif edilib.

Kirill əhali üçün mikrokredit sahəsində "sələmçilik praktikasını" əxlaqsızlıq adlandırıb.

"Bir çox ailə ölkəmizdə mikrokreditdən zərər çəkib. Kiçik məbləğdə qısamüddətli kreditlər adətən aztəminatlı insanlara ayrılır. Onlar, necə dərin borc quyusuna düçar olduqlarını anlamayaraq, kredit alırlar. Bu, tamamilə əxlaqsız sələmçılik praktikasıdır", - patriarx Kirill deyib.

Daha əvvəl Birləşmiş Kredit Bürosu tərəfindən açıqlanan tədqiqata əsasən, rusiyalılar banklar əvəzinə daha çox mikromaliyyə təşkilatlarına müraciət etməyə başlayıb, və həmin təşkilatlardan ağla sığmayan faizlə az məbləğdə pul alırlar.

Rusiya Mərkəzi Bankının 2015-ci ildə açıqladığı statistika mikrokredit sahəsinin sürətlə genişləndiyini göstərir.

Bank Rusiyada "maaş gününə kimi" kredit alma hallarının artmasını qeyd edir: rusiyalılar tez-tez bir-iki aylığa bir neçə min rubl almağa başlayıblar.