Nalbandyan: Lapşinin ekstradisiya qərarı "biabırçılıqdır"

Şəklin mənbəyi, MARTTI KAINULAINEN/AFP/Getty Images
Edvar Nalbandyan bloqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiya etmək qərarı "biabırçılıq" adlandırıb.
Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Dağlıq Qarabağa səfər etdiyinə görə həbs edilmiş bloqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiya etmək qərarı "biabırçılıq" adlandırıb.
Azərbaycanda axtarışa elan edilən Rusiya və İsrail vətəndaşlığı olan Aleksandr Lapşin təxminən bir ay yarım əvvəl Belarusda həbs edilib.
Daha əvvəl Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Tiqran Balayan, təfərrüatlarına varmadan, "Lapşinin işi" ilə məşğul olunduğunu bəyan etmişdi.
Bu gün Yerevanda mətbuat konfransında jurnalistlərin sualına cavab verən Edvard Nalbandyan bu məsələ ilə bağlı öz münasibətini bildirib, lakin Avrasiya İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzrə müttəfiq Belarusun adını çəkməyib.
"Mən bilmirəm Lapşinin bu işindən kim və nə qazana bilər. Lakin əminəm, bu heç kəsə hörmət gətirməz. Əksinə, insanların azad hərəkət etmək və azad fikir söyləmək kimi əsas azadlıqları və hüquqlarının həyata keçirilməsinə maneə olmaq və təqib etmək biabırçılıqdır", - Nalbandyan deyib.
Bəzi yerli jurnalistlər Belarusun bu hərəkətinin presedentə çevrilə biləcəyinin narahatlıq doğurduğunu dedilər. Hətta tək Azərbaycanın icazəsi olmadan Qarabağa səfər edənləri deyil, Belarus Azərbaycanın sorğusu ilə hətta hər hansı Ermənistan vətəndaşını öz ərazisində tutulub Azərbaycana ekstradisiya edə bilər.
Nazir Nalbandyan buna inanmır.
"Qarabağa gediblər, gedirlər və getməyə davam edəcəklər. Azərbaycanın qara siyahısında, səhv etmirəmsə, beş yüzə yaxın adam var. Bu adamlar kimdir? Siyasi, ictimai xadimlər, tanınmış mədəniyyət nümayəndələri, adlı-sanlı, dünya şöhrətli şəxsiyyətlər... Məgər kimsə bu məsələ ilə bağlı Azərbaycanla əməkdaşlıq edər, yaxud o adamları Azərbaycana təhvil verər, onların səfərinə mane olar? Əlbəttə, yox", - Nalbandyan hesab edir.
Daha əvvəl bir qrup fəallar Ermənistanda Belarusun səfirliyi qarşısında Aleksandr Lapşinin "azad hərəkət etmək və azad fikir söyləmək" haqlarının müdafiəsi və Azərbaycana ekstradisiya etmək qərarına qarşı etiraz aksiyasını keçirib.