Türkiyə: Reina klubuna hücum etməkdə təqsirləndirilən həbs edilib

MASHARIPOV Fotonun müəllifi DHA

İstanbulun Ortaköy rayonunda yerləşən Reina gecə klubunda yeni il gecəsi 39 nəfərin həyatını itirdiyi hücumu həyata keçirməkdə təqsirləndirilən Abdulqadir Maşaripov şənbə günü çıxarılan məhkəmə qərarı ilə həbs edilib.

Yanvarın 16-sı saxlanılan Abdulqadir Maşaripov İstanbul Təhlükəsizlik Müdirliyinin Terrorla Mübarizə Şöbəsində dindirildikdən sonra İstanbulun Çağlayan rayonunda yerləşən Ədalət Sarayına göndərilib.

Məhkəmədə ifadə verdikdən sonra, Abdulqadir Maşaripov prokuror tərəfindən konstitusiya nizamını ortadan qaldırmağa təşəbbüs etməklə, silahlı terror təşkilatına üzv olmaqla, birdən çox insanı öldürməklə və silah daşımaqla ittiham olunub.

Bundan sonra Növbətçi Sülh Cinayət Hakimliyi onun həbs edilməsinə dair qərar verib.

1983-cü ildə Özbəkistanda doğulmuş Abdulqadir Maşaripov yanvarın 16-sı İstanbulun Esenyurt rayonunda keçirilən polis əməliyyatı nəticəsində saxlanılıb və sorğu altında hücumu həyata keçirdiyini etiraf edib.

Yeni ilin ilk saatlarinda Reina gecə klubunda baş verən hücumda 39 insan həyatını itirib və 72 nəfər yaralanıb.

Özünü İslam Dövləti (İD) adlandıran qruplaşma yaydığı bəyanatla hücumu təşkil etdiyini bildirib, və Türkiyənin Suriyadakı hərbi əməliyyatları davam etdiyi təqdirdə bənzər hücumları təşkil edəcəyini təhdid edib.

Bu barədə daha geniş