Şahin Mirzəyevin həyat yoldaşını həkimlər "yanlış əməliyyat edib"

Yerevan
Şəklin alt yazısı,

Ermənistan Xarici İşlər Nazirliyi

Ermənistandan "müvəqqəti sığınacaq" istədiyi deyilən Şahin Mirzəyevin ailəsində problemlər mövcud olub, vaxtilə onunla ictimai əsaslarla əməkdaşlıq etmiş qəzetin baş redaktoru Rafiq Cəlilov BBC Azərbaycancaya bildirib.

"Dövlət başçısına, səhiyyə nazirliyinə çoxlu şikayətlər etdi ki, mənim ailəmi faktiki öldürüblər", deyən Cəlilov, Mirzəyevin xərçəng xəstəliyindən əziyyət çəkən həyat yoldaşının həkim səriştəsizliyi səbəbilə başqa adla əməliyyat edildiyini deyir.

Ermənistan Xarici İşlər Nazirliyi şənbə günü yaydığı bəyanatda bildirib ki, Ermənistan hakimiyyəti Talış Mədəniyyət Mərkəzi İdarə Heyətinin üzvü Şahin Mirzəyevin Ermənistanda "müvəqqəti sığınacaq" müraciətini qəbul edib.

Bəyanatda deyilir ki, Tolişı Sado qəzetinin jurnalisti və "Talış azadlıq hərəkatının" üzvü müraciətində "Azərbaycanın etnik və dini azlıqları təqib etdiyinə və onların hüquqlarını kobud şəkildə pozduğuna" görə ölkəni tərk etməyə "məcbur olub".

Həmçinin bildirilir ki, o, Azərbaycanı ailəsi ilə birlikdə tərk edib.

Bu bəyanatla bağlı Azərbaycan Xarici İşlər Naziriliyindən şərh almaq mümkün olmayıb.

Demokratik ölkə

Cənab Cəlilov qeyd edir ki, Mirzəyevin ölüm ayağında olan həyat yoldaşının müalicəsi üçün pulu çatmayıb, maşınını da satıb.

"Biz də ona dəstək ola bilmədik, o qacdı getdi Gürcüstana. Gürcüstana gedəndən xəbərimiz olmayıb."

Baş redaktor ehtimal edir ki, "çox güman" onu Azərbaycana qaytarmaq istəyiblər: "nə deyək insandır da.."

Rafiq Cəlilov onun "Tolışı Sado" həftəlik müstəqil qəzetində ictimai əsaslarla qəzetin yayımında əməkdaşlıq etdiyini bildirib. Cəlilov qeyd edib ki, 2015-ci ildə Mirzəyevin fəaliyyətinə xitam verilib.

"Qəzetdən incimişdi, Qaya mətbuat yayımında abunəçiliyini dayandırdı, çağırdım soruşdum, dedi "niyə qəzet lazım olan vaxtlarda məni müdafiə etmirdi, dedim ki, sənin ciddi bir problemin yox idi ki, səni müdafiə edək? səni döymürlər, söymürlər, həbs etmirlər. Biz onun həmin tarixdən əməkdaşlıqdan xaric etdik."

Lakin Mirzəyev hələ də talış dilinin yaşaması, mədəni tədbirlərin keçirilməsi ilə məşğul olan Respublika Talış Mədəniyyət Mərkəzinin idarə heyətinin üzvüdür.

Cənab Cəlilov bildirir ki, növbəti iclaslarda onun üzvlük məsələsinə baxılacaq:

"Respublikada yoxdur, bundan sonra respublikaya qayıtmayacaqsa, mərkəzin fəaliyyətində iştirak edə bilmirsə, onun idarə heyətində qalıb yetərsaya təsir etməyi mərkəzin işinə xələl gətirəcək."

Parlamentdə hakim partiyanı təmsil edən millət vəkili Aydın Mirzəzadə baş verənləri Mirzəyevin "seçimi" adlandırıb.

"İstəyib, sığınacağını da alıb, mənim nə şərhim ola bilər ki? Azərbaycan demokratik ölkədir və Azərbaycanda istənilən vətəndaş istədiyi addımı ata bilər", - cənab Mirzəzadə əlavə edib.

"O onun seçimidir, şərəfli insan olmaq da, satqın olmaq da", - o deyib.