Boris Nemtsovun qətlinin ildönümü üçün Moskvada yürüş keçirilir

Moskvada müxtəlif plakat və bayraqlar daşıyan yürüş iştirakçıları
Şəklin alt yazısı,

Müxalifət liderinin qətlinin ildönümünü yad etmək üçün yürüşdə minlərlə adam iştirak edib

Bazar günü Rusiyanın müxalifət lideri Boris Nemtsovu yad etmək üçün Moskvada yürüş keçirilir. Yürüşdə minlərlə adam iştirak edir.

Cənab Nemtsov 2015-ci ildə, Kremlin yaxınlığındakı körpüdə güllələnərək öldürülmüşdü.

Keçmiş Prezident Boris Yeltsinin hakimiyyəti dövründə baş nazirin müavini olan cənab Nemtsov hazırkı Prezident Putinin sərt tənqidçisi idi.

Oktyabr ayında qətllə bağlı beş çeçen kişinin məhkəməsi başlamışdı.

Şəklin alt yazısı,

Cənab Nemtsov Rusiya prezidenti Vladimir Putinin sərt tənqidçisi idi

Onlar ittihamları rədd edir, Boris Nemtsovun yaxınları isə narahatdırlar ki, qətli sifariş edənlər heç vaxt tapılmayacaq.

Cənab Nemtsov 2015-ci ildə, fevralın 27-də gecə saatlarında ukraynalı sevgilisi ilə restorandan piyada evə qayıdarkən güllələnmişdi.

Bundan öncə o, Exo Moskvı radiosunda çıxış edərkən dinləyiciləri həmin həftəsonu keçiriləcək etiraz yürüşünə çağırmışdı. O, Vladimir Putini Ukraynada qanunsuz müharibə başlamaqda ittiham edirdi.

Boris Nemtsov həmçinin Rusiyanın şərqi Ukraynadakı fəaliyyəti barədə hesabat çap etməyi planlaşdırırdı.