Rusiyanın böyük şəhərlərində vağzal və məktəbləri təxliyə edirlər

Polis və it Fotonun müəllifi Getty Images
Image caption Permdə partlayıcı qurğunun yerləşdirilməsi barədə zənglərdən sonra bütün məktəblərdə dərslər ləğv edilib (Şəkil: arxiv)

Son günlər Rusiyanın böyük şəhərlərində partlayıcı qurğuların qoyulmasıyla bağlı edilən anonim zənglər məktəblərin, institutların, vağzalların və ticarət mərkəzlərinin təxliyəsinə səbəb olub.

Lakin hələ heç bir yerdə partlayıcı qurğu aşkar edilməyib.

BBC-nin Rus Xidməti 10-12 sentyabr tarixlərində insanların təxliyə edildiyi şəhərlərin siyahısını tərtib edib:

  • Perm: Partlayıcı qurğunun yerləşdirilməsi barədə edilən zənglərdən sonra bütün məktəblərdə dərslər ləğv edilib;
  • 9 məktəb, dəmiryol vağzalı, avtovağzal, iki ticarət mərkəzi, Şəhər İnzibati İdarəsi və Perm Dövlət Universitetinin yataqxanası təxliyə edilib.

Permdə anonim zənglərə görə QİÇS mərkəzinin gündüz stasionar müalicədə olan xəstələr də evə buraxılıb.

"Biz QİÇS mərkəzini çəkmək və dəhlizlərin demək olar ki, boş olmasının səbəbini öyrənməyə gəlmişik. Tibb bacısı dedi ki, anonim zənglərə görə =şəhərdə təhlükəsizlik tədbirləri görülüb və hətta gündüz stasionar müalicədə olan xəstələr imkan daxilində evə buraxılıb", - BBC müxbiri bildirib.

  • Yekatirinburq: Cənub avtovağzalı, "Qrinviç" ticarət mərkəzi, "Marşal" biznes mərkəzi
  • Çelyabinsk: 6 ticarət-əyləncə mərkəzi: "Rodnik", "Almaz", "Qorki", "Fokus", "Fiesta", "Koltso"
Fotonun müəllifi Yuri Smityuk/TASS
Image caption Vladivostokdakı "Çeremuşki" ticarət mərkəzində bazar ertəsi "Matilda" filminin premyeradan əvvəl nümayişi baş tutub.

Çelyabinsk vilayətinin Daxili İşlər Nazirliyi İdarəsindən verilən məlumata görə, minanın qoyulması barədə anonim zənglər növbətçi bölməyə İP telefon vasitəsilə daxil olub.

"74.ru" portalı yazıb ki, sentyabrın 11-də Çelyabinsk vilayətində böyük ticarət-əyləncə mərkəzlərindən 18 mindən çox insan təxliyə edilib.

  • Omsk: Şəhər İnzibati İdarəsi, "Mayak-Moll" və "Meqa" ticarət mərkəzləri, bazar, Təqaüd Fondunun bir neçə bölməsi, "Qalaktika", "Mayakovski" və "Slava" kinoteatrları

Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsinin başçısı Vladimir Korbutun sözlərinə görə, Omsk vilayətində 56 obyektdən 7500 insan təxliyə edilib.

Obyektlərin böyük əksəriyyətini Təqaüd Fondunun bölmələri təşkil edib.

Anonim zəngdə fondun bölmələrindən birinə partlayıcı qurğunun qoyulduğu bildirilib. FHN əməkdaşları həmin bölmələrdə yoxlamalar keçiriblər.

  • Ufa: "Başkiriya", "Meqa", "Sentralnıy", "Qostinıy dvor" ticarət mərkəzləri və "Sverdlovskiy" ticarət-xidmət kompleksi
  • Sterlitamak: Şəhərin bütün böyük ticarət mərkəzləri, uşaq xəstəxanaları

Sterlitamak şəhərində 3 gündür ki, təxliyə aparılır.

Sentyabrın 10-u və 11-i şəhərin böyük marketlərindəki ziyarətçilər təxliyə edilib.

12 sentyabrda isə uşaq xəstəxanasındakı və "Sberbank" bölməsindəki insanlar təxliyə edilib.

DİN-in regional mətbuat mərkəzi "Ufa.ru" portalına bildirib ki, bankda bir müştəri çantasını yadından çıxararaq orada qoyub və təxliyə də buna görə həyata keçirilib.

  • Stavropol: Şəhər İnzibati İdarəsi, vilayət duması, universitetlər, yataqxanalar

Vilayət prokurorluğundan verilən məlumata görə, sentyabrın 11-də polisə ticarət mərkəzlərinə, tədris müəssisələrinə və inzibati binalara partlayıcı qurğunun yerləşdirilməsi barədə 42 məlumat daxil olub.

Daxil olan yalan məlumatlar barədə bütün faktlar bir yerdə cəmləşib, çünki bütün zənglərin bir telefon nömrəsindən edildiyi müəyyən olunub.

  • Krasnoyarsk: Bir neçə ticarət mərkəzi, Yemelyanovo hava limanı, şəhər inzibati idarəsi

DİN-in yerli idarəsindən verilən məlumatda anonim zənglərin polisə deyil, birbaşa partlayıcı qurğunun qoyulduğu iddia edilən təşkilatlara daxil olduğu bildirilib.

Fotonun müəllifi Vitaly Ivanov/TASS
Image caption Krasnoyarsk hava limanı təxliyə edilib
  • Vladivostok: Bir neçə yataqxana, avtovağzal, Primorsk vilayətinin İnzibati İdarəsi, "Sedanka-Siti" ticarət mərkəzi və bu yaxınlarda "Matilda" filminin premyerasından əvvəlki nümayişi keçirilən "Çeremuşki" ticarət mərkəzi
  • Maqadan: "Naqayevski" və "Qornyak" kinoteatrı, "Urojay" bazarı, Politexnik İnstitutu
  • Bryansk: "Aeropark", "BUM-Siti" ticarət mərkəzləri, Timaşkovlar ticarət-əyləncə mərkəzi, həmçinin bir neçə böyük marketlər
  • Kalininqrad: Mehmanxalar,ticarət mərkəzi, regional duma, Baltflot İdarəsi
  • Cənubi Saxalinsk: Meriya, dəmiryol vağzalı, bir neçə ticarət mərkəzi

Bir sıra yerli kütləvi informasiya vasitələrinin mənbələrə istinadən verdiyi məlumata görə, kütləvi təxliyə anti-terror təlimləri ilə əlaqədardır.

Lakin bir çox polis idarələri bu versiyanı təkzib ediblər.

Omsk vilayətinin İnformasiya Siyasəti Üzrə Baş İdarəsindən bildirilib ki, bu cür təlimlər həqiqətən planlaşdırılıb, lakin anonim zənglərin bununla heç bir əlaqəsi yoxdur.

"Necə deyərlər, hər şey sadəcə üst-üstə düşüb", - deyə "Omsk Müstəqil Şəhər Saytı" yazıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş