Futbol şərhçisi oyunun ortasında canlı yayımı tərk edib

Action from Torpedo Vladimir and Tekstilshchik Ivanovo Fotonun müəllifi Tomix TV
Image caption Torpedo Vladimir və Tekstilşik İvanovo komandaları arasında oyun zamanı, Tekstilşik qapıçısı Torpedonun oyunçusunun yıxılmasına səbəb olub

Rusiyada televiziya futbol şərhçisi 1-ci liqa matçında hakimin qərarlarından qəzəblənərək, canlı yayım verilişini oyunun ikinci yarısının ortasından tərk edib.

Nəticədə, dinləyicilər matçın qalan hissəsini şərhsiz davam edən veriliş kimi izləməli olub.

Rusiyada 1-ci futbol liqasının Torpedo Vladimir və Tekstilşik İvanovo komandaları arasında oyunun ikinci hissəsində hesab 1-1 olduğu zaman, onlayn video yazısından göründüyü kimi, İvanovo qapıcısı Aleksey Smirnov cərimə meydançasında rəqib komandanın hücumçusunu yıxır.

Lakin oyunun hakimi Pyotr Miroşniçenko penalti əvəzinə Tekstilşikin qapısına, cərimə meydançasının xaricindən, sərbəst zərbə təyin edir.

Hakimin bu qərarı oyunu şərh edən Vladimir Nikolskinin qəzəbinə səbəb olur, Rusiyanın Komsomolskaya Pravda qəzeti yazır.

Torpedonun zərbəsi yerinə yetirilərkən top Tekstilşik müdafiəçisinin əlinə dəyir - tamaşaçılar bunun növbəti dəfə penalti üçün əsas verdiyini zənn etsə də, hakim oyunu davam etdirmək işarəsini verir.

Matçı şərh etdiyi canlı yayım köşkündən Vladimir Nikolski hakimin bu hərəkətini, hakimlik səviyyəsi barədə uzun-uzadı qəzəbli şərhlə qarşılayır.

İki dəqiqəyədək çəkmiş, qəzəb saçan çıxışından sonra Nikolski təkrar-təkrar "Miroşniçenkoya ar olsun!", "Rusiya futbolunun eyibi!" şüarlarını qışqıraraq, yerindən qalxır, "Futbola şərhçisiz baxın, sağ olun", - deyərək, mikrofonu əlindən buraxıb, canlı yayım köşkünü tərk edib gedir.

Sözügedən futbol matçı isə 1-1 hesabı ilə başa çatır.

Fotonun müəllifi Tomix-TV
Image caption Torpedonun sərbəst zərbəsi yerinə yetirildikdən sonra top Tekstilşikin müdafiəçisinin əlinə dəyir

Heyifsilənmir

Rusiyanın RT televiziyasına danışan Nikolski etdiyi hərəkətindən heyifsilənmədiyini bildirib.

"Komandamıza qarşı edilən haqsızlığı görəndə, buna biganə qala bilməzdim", - o deyib.

O, əlavə edib ki, efirdə söylədiyi çıxışında söyüş işlətmədiyindən qürur hissi keçirir, çünkü klubunu üzr istəmək məcburiyyəti qarşısında qoymayıb.

Şərhçinin hərəkətini Torpedonun azarkeşləri dəstəkləyib.

Əlaqəli mövzular

Bu barədə daha geniş