Ermənistan Metsamor atom elektrik stansiyasını bağlamağı vəd edir

Metsamor Fotonun müəllifi Getty Images
Image caption Ermənistanın Metsamor şəhərində yerləşən atom elektrik stansiyası 1980-ci ildə işə salınıb.

Ermənistanla Avropa İttifaqı arasında əməkdaşlıq haqqında yeni sazişə əsasən, energetika sahəsində əməkdaşlıq çərçivəsində Ermənistan Metsamor atom elektrik stansiyasını bağlamalı və təhlükəsiz şəkildə istismardan çıxarmalıdır.

İmzalanması 2017-ci il noyabrda nəzərdə tutulan Ermənistanla Avropa İttifaqı arasında geniş və hərtərəfli tərəfdaşlıq haqqında sazişin mətni Avropa ittifaqının rəsmi internet saytında dərc olunub, qeyri-rəsmi tərcüməsini isə Ermənistan XİN-in saytından oxumaq olar.

357 səhifədən ibarət sənədin "Nüvə təhlükəsizliyi daxil olaraq, energetik əməkdaşlıq" sərlövhəli bəndində deyilir ki, əməkdaşlıq tərəfdaşlıq, qarşılıqlı fayda və şəffaflıq prinsiplərinə əsaslanmalıdır.

Əməkdaşlıq, həmçinin: "Metsamor atom elektrik stansiyasının bağlanması, təhlükəsiz yolla istismardan çıxarılması və, Ermənistan Respublikasının enerji təhlükəsizliyi və sabit inkişafının təmin edilməsi üçün onun yeni istehsal imkanları ilə əvəz edilməsi zəruriyyətini nəzərə alaraq, tez bir vaxtda yol xəritəsi və ya tədbirlər planının" qəbul edilməsini ehtiva etməlidir.

AES-in bağlanması tələbi yeni deyil

Ermənistanın avropalı tərəfdaşlarının Ermənistan atom elektrik stansiyasını bağlamaq təklif və tələbləri yenilik deyil.

Bu tələb Ermənistanın hələ 2013-cü ildə imzalamağa hazırlaşdığı, lakin son anda imtina etdiyi Avropa İttifaqı ilə assosiasiya sazişində nəzərdə tutulurdu.

Yerevan Metsamor atom stansiyasını bağlamaq və 2020-ci ilədək yeni stansiya tikmək öhdəsini üzərinə götürmüşdü. Yeni sazişdə yeni elektrik stansiya tikmək müddəası yoxdur.

Ermənistanda Aİ nümayəndəliyinin rəhbəri Traian Hristea hələ 2005-ci ildə demişdi ki, Ermənistan atom elektrik stansiyasının bağlanması və istismardan çıxarılması Avropa İttifaqının əsas məqsədi olaraq qalır.

Lakin Ermənistan ölkənin elektrik enerji tələbatının təxminən 40 faizini ödəyən Metsamor atom stansiyasını bağlamaq niyyətində deyildi.

Əksinə, prezident Serj Sarkisyan 2008-ci ildə parlament tribunasından tezliklə atom elektrik stansiyasının yeni blokunun tikintisi başlanacağını bəyan etdi.

İqtisadçılar layihənin həyata keçirilməsinin mümkünsüzlüyü barədə ehtimalları gerçək çıxdı.

Ermənistan hökumət, ilk növbədə, maliyyə çatışmazlığı səbəbindən EAS-in ikinci blokunun istismar müddətinin uzadılması qərarı qəbul etdi. İlkin hesablamalara görə, yeni blokun tikintisi 5,5 milyard dollar tələb edir.

İstismar müddətinin uzadılması üzrə işlər davam edir

2014-cü ildə Ermənistan hökuməti "Rosatom" dövlət korporasiyasına daxil olan "Rusatom Service" səhmdar cəmiyyətinin himayəsi altında Metsamor atom elektrik stansiyasının ikinci enerji blokunun istismar müddətini 10 il (2026-cı ilədək) artırmaq layihəsini qəbul etmişdi.

REGNUM agentliyinin məlumatına görə, layihənin həyata keçirilməsi üçün Rusiya hökuməti Ermənistana 270 milyon dollar məbləğində kredit və 30 milyon dollar qrant ayırmışdı.

Enerji infrastrukturu və təbii ehtiyatlar nazirinin müavini Hayk Harutyunyanın agentliyə dediyinə görə, AES-in istismar müddətinin uzadılması üzrə ümumi dəyəri 140 milyon təşkil edən 40 saziş bağlanıb, işlərin birinci mərhələsi başa çatmaqdadır.

Ötən həftəsonu parlamentdə çıxış edən fövqəladə hallar naziri David Tonoyan Ermənistan AES-inin ikinci enerji blokunun bütün təhlükəsizlik tələblərinə cavab verdiyini bəyan edib.

"AES-in təhlükəsizliyini MAQATE-nin (Atom Enerjisi üzrə Beynəlxalq Agentlik) nüfuzlu ixtisaslaşdırılmış orqanı təsdiq edir. Əməliyyat Təhlükəsizliyi üzrə Müşahidə Missiyası müntəzəm olaraq stansiyaya baş çəkir", - Tonoyan deyib.

"Yeni enerji mənbələri yaradılandan sonra bağlanar"

Avropa İttifaqının Ermənistan atom elektrik stansiyasının bağlanması tələbini şərh edən Ermənistan Enerji İnfrastrukturu və Təbii Ehtiyatlar Nazirliyinin rəsmi nümayəndəsi Vasak Tarpoşyan qeyd edib ki, saziş layihəsinə əsasən, stansiya müvafiq enerji istehsalı mənbələri yaradıldıqdan sonra bağlana bilər, nazirliyin saytında deyilir.

"Ermənistan atom elektrik stansiyasının ikinci enerji blokunun resursu sonsuz deyil, günlərin birində o [stansiya] istismardan çıxarılacaq", - deyə Tarpoşyan stansiyada ikinci enerji blokunun istismar müddətinin 2026-cı ilədək uzatmaq proqramının tətbiq edildiyini xatırladıb.

"Enerji blokunun nə vaxt istismardan çıxaracağımız bu müddət başa çatdıqdan sonra məlum olar", - o deyib.

Ermənistan atom elektrik stansiyası barədə qısa məlumat

Ermənistanın Metsamor şəhərində yerləşən atom elektrik stansiyası 1980-ci ildə işə salınıb.

1988-ci il zəlzələsindən sonra stansiya dayandırılıb və yenidən 1995-ci ildə işə salınıb.

Stansiyanın iki enerji bloku 400 meqavat gücündə BBЭР-440 Rusiya reaktorları ilə təchiz olunub.

Hazırda birinci blok dayandırılıb, ikinci blokun istismar resursu isə 2019-cu ildə tükənməlidir.

Ermənistanda istehsal olunan elektrik enerjinin 45 faizi Metsamor atom stansiyasının payına düşür.

Əlaqəli mövzular

Bu barədə daha geniş