Qazax berkutçuları: XXI əsrdə qızıl qartalla ov

  • Dmitri Berkut
  • Fotojurnalist, Sankt-Peterburq

Qərbi Monqolustan dağlarında hər il payızda berkutçuların festivalı keçirilir - qazax ovçuları ova berkut quşu ilə çıxır. Hazırda dünyada təxminən minədək belə ovçu var.

Biz bu yerlərə festival başlamazdan bir qədər əvvəl gəldik.

Bəxtimiz gətirdi - Monqolustan çöllərində Janerke adlı gənc ovçu qıza və onun atasına rast gəldik.

Onlar bizə komalarının yaxınlığında bir müddət yaşayıb şəkil çəkməyə icazə verdi.

18 yaşlı Janerke komasında ailəsi ilə qalır - atası, nənəsi, kiçik qardaşı, bacısı və kiçik əmioğlusu ilə.

Atası ilə birgə Janerke dovşan və marmot ovuna çıxır, və eyni zamanda atasından ovçuluq peşəsinin sirlərini öyrənir.

Monqolustanda berkut quşunu saxlamaq ucuz başa gəlmir və heç də hamının buna imkanı çatmır.

Bu ölkədə zirək quşu və cəld atı olana həmişə hörmətlə yanaşılıb.

Berkutu doydurmaq üçün gündə azı yarım kilo ət sərf olunur.

Monqolustanda yaşayan berkutçulardan cəmi bir neçəsi berkutu ova çıxmaq üçün saxlayır.

Bu quşun çox iti gözü var - dovşanı 2km məsafədən görə bilir.

Berkutlardan çobanlar sürülərini qorumaq üçün istifadə edib: it sürünü yerdə qoruyub, berkut isə havada keşik çəkib.

Odur ki, bu quşu saxlamaq çobanlarda adətə çevrilib.

Quş böyüyəndə, onu əhilləşdirmək mümkün olmur.

Odur ki, hələ cücə ikən quşu yuvasından götürüb təlimləndirirlər.

Ov üçün yalnız dişi quşlardan istifadə olunur.

Bir neçə ildən sonra böyümüş quş sahibinə öyrəşir.

Berkuta yem dəqiq miqdarda verilməlidir - quş bərk ac olsa, ovladığı heyvanı ovçuya verməz, heç ac olmasa isə, ova çıxmaz.

Ova çıxarılan quşun başına dəridən tikilmiş qapaq taxılır, ov zamanı həmin qapaq götürülür.

Yırtıcı quşa ovladığı heyvanı parçalamağa imkan verilmir, lakin ovçu berkutu, ovlanmış heyvandan kəsilən ət tikəsi ilə mükafatlandırır.

Ov zamanı berkutçu dağın başında mövqe tutur.

Dovşan və ya tülkünü görəndə, ovçu berkutu havaya buraxır və quş heyvanı yaxalayır.

Ovçu atın belində quşun arxasınca düşür və ovladığı heyvanı quşdan götürür.

Əhilləşdirildikdən sonra berkutla ovçu arasında elə bir güclü bağlılıq yaranır kı, quş artıq öyrəşdiyi yerdən uçub getməyə can atmır.

Quşun başına taxılan və gözünü bağlayan qapaq berkutda gecə çağı təəssüratı yaradır.

Dovşanı gördükdə, ovçu qapağı quşun başından çıxarır və berkut dərhal heyvanı yaxalayır, caynaqları ilə tutaraq ürəyini dimdikləyir.

Ovçu quşa çatıb ondan ovu götürür, əvəzində ona ət tikəsi verir.

Monqolustanda hər il payızda keçirilən festivalda onlarla ovçu iştirak edir.

Festivalda ilin ən yaxşı berkutçusu müəyyən edilir.

İştirakçılar ovladıqları heyvanların dərisindən tikilmiş milli geyimlərdə bacarıqlarını sınayır.

Qədim dövrlərdən berkutla ova çıxmaq, eyni zamanda, bir sənət və əyləncə növü kimi də inkişaf etdirilib.

Əsas sınaq berkutun, sahibinin yanına qayıtmasından ibarətdir.

Berkut, ovçu sahibinin səsini eşitdikdə və ya onun, əlində ət tikəsini yırğaladığını gördükdə, uçub ovçunun əlcəkli qoluna qonmalıdır.

Bəzən elə hallar olub ki, sahibinin qoluna qonmaq əvəzinə, quş səyyar mətbəx tərəfə uçub və bununla da quşun sahibi yarışı tərk etməli olub.

Daha bir sınaq ova çıxmağı imitasiya etməkdir - berkut atın quyruğuna bağlanmış dovşanı tutmalıdır.

Berkutla ova çıxmaq ənənəsinin kökləri Monqolustanda qədim zamanlara gedib çıxır.

Bu ənənə ölkədə qorunur və berkutçu sənətinin sirləri qayğı ilə nəsildən nəsilə ötürülür.

Buna bənzər festivallar qədim ənənələrin qorunub saxlanılması ilə yanaşı, ölkəyə olan turist marağının da artmasına səbəb olur.

Dmitri Berkut - Sankt-Peterburqdan olan müstəqil fotojurnalist və səyahətçidir. Instagram-da onun ünvanı belədir - @dimaberkut.