Gürcüstan seçkiləri: Tbilisidə velosipedi ilə seçki kampaniyası aparan britaniyalı

Joseph Alexander Smith riding his bike Fotonun müəllifi Adrian Scoffham
Image caption Əslən Londondan olan cənab Smith, Gürcüstana beş il əvvəl köçüb

Bu şənbə günü gürcülər yerli seçkilərdə səs verəcəklər və bu ilki seçkilərdə son dərəcə qeyri-adi bir namizəd iştirak edir.

Əslən Böyük Britaniyadan olan Joseph Alexander Smith, beş ildir ki Gürcüstanda yaşayır və hazırda velosipedi üzərində namizədlik kampaniyasını həyata keçirir.

Əvvəllər Londonda yaşayan və kitabxanaçı işləyən biri üçün Gürcüstanın yerli və bələdiyyə seçkilərində müstəqil namizəd kimi iştirakını, qeyri-adi karyera dəyişikliyi adlandırmaq olar.

32 yaşlı Joseph Alexander Smith, Tbilisi Şəhər Məclisinin ilk britaniyalı üzvü ola bilər.

O, Gürcüstana təsadüfən "əyri-üyrü əlifbası olan və içi pendirlə doldurulan çörək kimi qeyri-adi mətbəxə malik qəribə ölkə" haqqında eşitdikdən sonra köçüb. Ölkəni ilk dəfə ziyarət edən bir çoxu kimi cənab Smith də buraya vurulub.

O, kampaniyasını Saburtalo rayonunda velosipedi ilə aparır. Belə ki, qapı-qapı dolaşaraq özünü potensial seçicilərə tanıdır.

İnsanları heyrətləndirən məqam isə onun gürcü dilində danışmasıdır. Özü bu dili "öyrənmək üçün çox qəliz dil" adlandırır.

"Gəl, səni qucaqlayım!" qapısını kəsdirən cənab Smith-in britaniyalı olduğunu eşidən 82 yaşlı Nana Qavlaşvili deyir.

"Sizin gürcü dilində danışa bilməyiniz mənim üçün çox vacibdir. Siz məni sözün yaxşı mənasında təəccübləndirdiniz!" o söyləyir.

Fotonun müəllifi Rayhan Demytrie
Image caption Onun gürcü dilində səlis danışığı insanların təəccübünə səbəb olur

Yan qonşu isə küçədəki maşınların mühərriklərindən gələn qaz qoxusuna görə evinin pəncərələrini aça bilməməkdən şikayətlənir.

Havanın çirklənməsi Tbilisinin əsas problemlərindən biridir. Gürcüstanın ümumi əhalisinin üçdə birinin yaşadığı şəhərdə, qeyri-rəsmi şəkildə ölkənin 40% yəni, 3.7 milyon əhali yaşayır və işləyir.

"Mənim kampaniyamın əsas prinsiplərindən biri də hava haqqıdır. Yəni, nəfəs almaq üçün təmiz hava haqqı ilə yanaşı, pəncərəni açdıqda yeni tikilən binanın soyuq beton divarını görməmək haqqı," cənab Smith deyir.

O, Tbilisinin tarixi binalarının interyeri haqqında yazan jurnalist kimi çalışırmış. Elə yerli siyasətə marağı da buradan qaynaqlanır.

"Mən müxtəlif tikinti layihələrinə qarşı mübarizə aparan fəallar ilə tanış oldum və Şəhər Məclisinin işi haqqında maraqlanmağa başladım. Tarixi əhəmiyyətli binaları dağıtmağın gətirdiyi dəhşətli nəticələr və şəhər mərkəzində torpaq özəlləşdirilməsi də diqqətimi cəlb etdi."

Fotonun müəllifi Joseph Alexander Smith's Facebook
Image caption Cənab Smith Gürcüstanda təhlükəsiz yollar üçün təşkil olunan aksiyada iştirak edib

Seçkilərə bir neçə gün qalmış müxalifət, Tbilisi Şəhər Məclisinin şəhər mərkəzində torpaq sahəsinin satışı qərarına etiraz olaraq aksiya keçirib.

Deyilənlərə görə, bu sahə, ölkənin keçmiş baş naziri və milyarder Bidzina İvanişviliyə məxsus olduğu iddia edilən şirkətə satılmalıdır.

Müxalifət fəalları sövdələşmənin korrupsiya xarakteri daşıdığını iddia etsələr də, hökumət qərarını dəyişməyib və torpağın satıldığı layihəni Tbilisidə "strateji baxımdan mühüm sərmayə" kimi təsvir edib.

Böyük tikinti bumu yaşayan və yaşayış binalarının yağışdan sonra çıxan göbələklər kimi sürətlə artdığı bir şəhərdə cənab Smith-in mesajı çox xoş qarşılanır.

Amma Gürcüstan Siyasət İnstitutundan siyasi analitik Korneli Kakaçia düşünür ki, bu, onun seçilməsi üçün kifayət etməyə bilər.

"Baxmayaraq ki, Gürcüstan Avropa İttifaqına doğru irəliləyir və belə deyək, avropalaşma prosesi artıq başlayıb, bizim cəmiyyət bu cür namizəd görməyə hələ hazır deyil. Bu onlar üçün yeni bir şeydir."

Britaniya əsilli birinin Gürcüstan vətəndaşına çevrilərək Şəhər Məclisində iştirakı istəyi, bəzilərinin cənab Smith-in xarici casus olduğu fikrinə də səbəb olub.

Onun Facebook səhifəsindəki bir şərhdə deyilir: "Mənə elə gəlir ki, sizi britaniyalı ruslar maliyyələşdirir və ermənilər üçün mübarizə aparırsınız."

Lakin, cənab Kakaçia deyir, Gürcüstan ictimaiyyəti qoca siyasətçilərdən bezib və yeni simalar görmək istəyir və buna görə də cənab Smith şanslı ola bilər.

Fotonun müəllifi Rayhan Demytrie
Image caption Keçmiş futbolçu Kaxa Kaladze hakim partiyadan merliyə namizəddir

Oktyabrın 21-i baş tutacaq seçkilərdə əsas mübarizə Tbilisi meri postu uğrunda olacaq.

Hakim partiya və cənab İvanişvili tərəfindən dəstəklənən keçmiş peşəkar futbolçu Kaxa Kaladze də bu posta namizəd 13 nəfər arasındadır.

Cənab Smith deyir ki, onu gücü, heç bir siyasi-partiyaya üzv olmamasındadır və əgər seçilərsə, sadə vətəndaşların səsinin eşidilməsi uğrunda çalışacaq.

"İnsanlara britaniyalı biri, gürcü dilində danışan xarici çox maraqlı gəlir. Onlar dərhal mənim xarici olduğumu bilir, seçki vərəqələrimə baxır və adımın gürcü adı olmadığını görürlər," o deyir.

"Amma mən şəxsiyyət və etnik mənsubiyyətimdən uzaq qalmağa çalışıram, çünki buna görə buradayam - gəzən sirk deyiləm, şəhərdə mühüm dəyişikliklər istəyən yerli seçkilər namizədiyəm."

Əlaqəli mövzular

Bu barədə daha geniş