Türkiyə: 22 PKK üzvü öldürülüb

Türk askeri Fotonun müəllifi AFP

Türkiyənin Daxili İşlər Nazirliyi ölkənin şərqindəki Tunceli, Şırnak və Hakkari bölgəsində həyata keçirilən müxtəlif əməliyyatlarda 22 PKK üzvünün öldürüldüyünü açıqlayıb.

Cümə axşamı günü Türkiyə hərbçiləri Hakkarinin Şəmdinli mahalında təhlükəsizlik qüvvələrinin silahlılarla qarşıdurmasında altı əsgərin, iki meşəbəyinin və beş PKK silahlısının öldürüldüyünü açıqlamışdı.

Prezident Recep Tayyip Erdoğan Ankarada verdiyi açıqlamada "sonuncu terrorçuyadək" əməliyyatların davam etdiriləcəyini bildirib.

Daxili İşlər Nazirliyi, çərşənbə axşamı günü verdiyi şərhdə isə 23-30 oktyabr tarixləri arasında cənub-şərq bölgəsində təşkil edilən əməliyyatlarda son bir həftə içərisində 19 PKK üzvünün öldürüldüyünü açıqlamışdı.

Muş, Bitlis, Diyarbakır, Erzincan, Tunceli və Hakkaridə təşkil edilən əməliyyatlarda 13 PKK silahlısının təslim olduğu da bildirilir.

Türkiyə-PKK arasında iki il davam edən atəşkəs rejimi 2015-ci ildə pozulandan sonra tərəflər arasında qarşıdurma şiddətlənib.

PKK 1984-cü ildə Türkiyə hökumətinə qarşı silahlı mübarizəyə başlayıb. Təşkilat Türkiyə ərazisində müstəqil kürd dövlətinin qurulmasını istəyir. O zamandan bəri on minlərlə insan həyatını itirib.

PKK Aİ, ABŞ və Türkiyədə terrorçu təşkilat kimi tanınır.

Əlaqəli mövzular

Bu barədə daha geniş