Səudiyyə vəliəhdi: İranın ali rəhbəri "yeni Hitler"dir

Iran's Ayatollah Ali Khamenei (L) and Saudi Crown Prince Mohammed bin Salman Fotonun müəllifi Reuters/EPA
Image caption İranın Ali dini rəhbəri Ayətullah Əli Xameneyi və Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd ibn Salman

İki ölkə arasında gərginliyin artması fonunda Səudiyyə Ərəbistanının vəliəhdi İranın ali dini liderini "Yaxın Şərqin yeni Hitleri" adlandırıb.

İranın artan regional qüdrətini nəzərdə tutan Məhəmməd bin Salman "Avropa və Yaxın Şərqdə baş vermiş" hadisələrin yenidən təkrar olunmasına yol verməməyin vacibliyini vurğulayıb.

Səudiyyə Ərəbistanı və İran bölgədə rəqib qüvvələrdir və bir-birlərini sabitsizlik yaratmaqda ittiham edirlər.

İran, vəliəhdin bəyanatına münasibət bildirməyib.

New York Times qəzetinə müsahibəsində Məhəmməd ibn Salman deyib ki, İrana nüfuzunu genişləndirmək imkanı verilməməlidir.

"Biz Avropa misalında öyrəndik ki, sakitləşdirmə işləmir. Biz istəmirik ki, İrandakı yeni Hitler Avropada baş verənləri Yaxın Şərqdə təkrarlasın", Ayətullah Əli Xameneyini nəzərdə tutan vəliəhd deyib.

Səudiyyənin de-fakto rəhbəri Məhəmməd ibn Salman hakimiyyətə gələndən bəri İrana qarşı sərt mövqe tutub.

O, ötən ay deyib ki, Yəməndən ər-Riyada doğru atılan raket müharibə aktıdır və İran tərəfindən təşkil olunub.

Səudiyyə Ərəbistanı Yəməndə rəsmi hökuməti dəstəkləyən koalisiya qüvvələrinin rəhbəridir və İranı üsyançı husilərə hərbi dəstəkdə ittiham edib.

Tehran ittihamları rədd edir.

Yaxın Şərqdə rəqib qüvvələri dəstəkləyən İran və Səudiyyə son günlərdə bir-birlərini Livanda yaranmış sabitsizlikdə ittiham edirlər.

Bu barədə daha geniş