Özbəkistana qayıdış: mülayimləşmə olacaqmı?

Yeni evlənənlər Səmərqənddəki Registan meydanında
Image caption Yeni evlənənlər Səmərqənddəki Registan meydanında

Bəylər eyni, yeni mavi kostyum geyiniblər. Onların saçı səliqə ilə bir yana daranıb. Gəlinlərin dümağ gəlinliklərinin ipək və pambıq toxumaları yuxarıdan yerə doğru dalğalanıb enir.

Bizə bələdçilik edən kuratorun dediyinə görə, bəylər əkizdilər.

Bir çox keçmiş sovet ölkələrində gənclər şəhərin əsas abidəsi önünə gələrək burada şəkil çəkdirirlər. Bu dəfə bu XIV əsrdə Teymurləng tərəfindən tikilən Səmərqəndin qədim meydanında - Registanda baş verir.

Meydan və onu əhatəyə alan binalar inanılmaz dərəcədə gözəldir. XIX əsrdə ingilis səyyahı və Hindistanın gələcək vitse-kralı George Curzon Registanı "dünyanın ən əzəmətli meydanı" adlandırmışdı.

Bizim burda olmağımız faktını isə tarixi hadisə adlandırmaq olar. Biz son 12 il ərzində ilk dəfə olaraq BBC jurnalistləri kimi bura gəlmişdik və bizə Özbəkistanda reportaj hazırlamaq üçün material toplamağa icazə verilmişdi.

BBC 2005-ci ildə Özbəkistan hökumətinin təzyiqləri nəticəsində Əndicanda baş verən qanlı hadisələrdən sonra öz jurnalistlərini bu ölkədən çıxarmağa məcbur olmuşdu.

Image caption BBC jurnalistləri 12 il Özbəkistanda olmayıblar

ATƏT-in məlumatına görə, hökumət ordusunun silahsız nümayişçilərə atəş açması nəticəsində şəhərdə azı 300 nəfər həlak olub.

Həmin vaxt BBC rəhbərliyi Özbəkistan hökuməti tərəfindən edilən təzyiqlərə, həmçinin əməkdaşlarına qarşı təqib və təhdid kampaniyalarına görə, bu ölkədə fəaliyyətini dayandırmağa məcbur olduğunu bəyan etmişdi.

İndi isə görünən odur ki, Özbəkistanda vəziyyət dəyşir. Avtoritar prezident İslam Kərimovun ölümündən sonra hakimiyyətə bir sıra ehtiyatlı islahatlar aparan Şavkat Mirziyoyev gəldi.

Bir çox siyası məhbuslar azad edildi, mətbuata nəzarət bir qədər yüngülləşdi, qeyri-kommersiya təşkilatlarına ölkədə fəaliyyətini bərpa etmək izni verildi.

Lakin hələki bu dəyişiklər az və tədricən baş verib.

Daşkənddə çay süfrəsi arxasında özbək hüquq müdafiəçisi mənə dedi ki, bir çoxları liberallaşmanın yalnız kosmetik xarakter daşıdığını və bunun investisiya, kredit, sanksiyaların ləğvi əvəzində demokratiya görüntüsü yaratmaq üçün aparıldığından çəkindiklərini söyləyirlər.

Daşkəndə gələn kimi bizi kuratorumuz qarşıladı.

Onu bizə Özbəkistan Xarici İşlər Nazirliyi ayırmışdı.

O, isə özünü "müşayiətçi" adlandırır.

Bizi hər yerdə müşayiət edən kurator bunu "bizim problemimizin olmaması" üçün etdiyini deyir.

O, bütün müsahibələrdə iştirak edərək hər şeyə diqqətlə qulaq asırdı.

Lakin ümumilikdə bizim işimizə qarışmırdı. Biz Səmərqənddə yerli qadınların isti çörək, quru meyvələr və plov hazırlamaq üçün xüsusi qaşıqlar satdığı bazara getdik.

"Müşayiətçi" əsəbi halda yaxınlıqda gəzişən zaman biz insanlardan dəyişikliklər barədə nə düşündüklərini soruşuruq.

Məlum olur ki, insanlar bu barədə danışmaq istəyirlər. Bəziləri üçün telekamera və kuratorla xaricilərlə görüşmək faktının özünü dərk etmək çətin idi və onlar əzbərlənmiş ifadələri təkrarlayırdılar: "Hər şey gözəldir - bizim kifayət qədər yeməyimiz var, müharibə yoxdur, hökumət gözəl işləyir, hamı hər şeydən razıdır".

Lakin bəziləri daha açıq və səmimi idilər.

Bir qadın iş yerlərinin olmamasından və kreditlərlə bağlı problemlərdən şikayətlənərək məhz bunlara görə "bütün kişilərin Rusiyaya getdiyini" deyir.

Bizi həmçinin Seyfulla Saipovun işi də maraqlandırırdı.

Amerika rəhbərliyi Özbəkistandan olan 29 yaşlı mühaciri oktyabrın 31-də New-York-da terror aktını təşkil etməkdə ittiham edir.

Hücum vaxtı 8 nəfər həlak olmuşdu.

Saipov əslən Daşkənd şəhərindəndir. Biz onun evini ziyarət etmək, qohumları və yaxınları ilə danışmağa cəhd göstərmək istədik.

Biz əvvəlcə fikirləşirdik ki, özbək kuratorlarımız buna qarşı çıxacaq.

Ekstremizm Özbəkistanda həssas mövzudur.

Çünki artıq bir neçə özbək Qərb ölkələrindəki hücumlarda iştirak etmişdi.

Biz fikirləşdik ki, yerli hakimiyyət bizim bu hadisəni araşdırmağımızı istəməyəcək.

Özbəkistanın özündə terror aktının nadir hallarda baş verməsinə baxmayaraq minlərlə insan ekstremizm ittihamı ilə həbsxanada cəza çəkir.

Hüquq müdafiəçilərinin dediyinə görə, onların çoxu müxalifət nümayəndəsi olduğuna görə həbs olunub.

Saipovla bağlı məlumat toplamağa icazənin verilməsi bizi çox təəccübləndirdi.

Biz onun qohumlarının evini axtarmaq üçün Daşkəndin kasıb sayılmayan rayonuna yola düşdük.

Bütün regionda olduğu kimi hər rayonun özünün ayrıca polis məntəqəsi var və bizi dərhal ora apardılar.

Orada bizə gözəl piyalədə çay verdilər və ayı formasında peçenyaya qonaq etdilər. Bizim burada nə etməyimiz barədə kifayət qədər uzun və dostcasına davam edən söhbətdən sonra biz Saipovun evinə getdik.

Onun anası, qonşusu və keçmiş müəllimi ilə danışdıq. Onların hamısı bizə bu 29 yaşlı insan hqqında həddən artlq mühüm və maraqlı məlumatlar verdilər.

Saipov heç vaxt dinlə maraqlanmayıb, heç vaxt kiməsə qarşı kobudluq etməyib və məktəbdə yaxşı oxuyub. Özbəkistana səfər bizim orada dəyişikliklərin getməsinə inandırdımı?

Müəyyən dərəcədə bəli. Şübhəsiz ki, biz belə qarşılanacağımızı gözləmirdik: gömrükdə istənilən elektron cihazın necə müsadirə edilməsi barədə dəhşətli hekayələr danışıldığına görə, biz ən pis vəziyyətə hazır idik.

Lakin bizi televiziya avadanlığı ilə bağlı xüsusi sual vermədən buraxdılar. Biz Səmərqəndə yeni sürətli qatarla gəldik.

Daha sonra olduqca təmiz və ürəyə yatan küçələrlə bir böyük, işıqlı konfrans mərkəzinə gətirdilər. Bu, azadlıq və inkişaf görüntüsü yaratmağa bir cəhd idi? Demək çətindir.

Lakin aydındır ki, ölkədə azadlığın hansı dərəcədə yeri var.

Bu dəyişikliklərin nə qədər real və daimi olması aylar və ya hətta illər sonra məlum olacaq. Bir şey məlumdur, özbək məmurun mənə dediyi kimi, islahatlar - düzgün istiqamətdə atılan addımdır və xalq onu dəstəkləyir: "Onlar daha çox azadlıq istəyir".

Əlaqəli mövzular

Bu barədə daha geniş