"Oğlumun gözlərinə baxanda mənə təcavüz edən insanı görürəm"

Catherine dostu bildiyi kişinin təcavüzünə uğrayaraq hamilə qalır. Övladını dünyaya gətirməyə qərar verir. "Ən çətini oğlumun gözlərinin içinə baxmaqdır" deyir.

Catherine başına gələnləri danışır.

İki övladını tək başına böyüdən bir ana idim. Onu tanıyırdım. Təxminən iki illik dostum idi.

Bizi ortaq bir dostumuz tanış etmişdi. Normal dostluğumuz var idi.

Yeni bir münasibət istəmədiyimi ona açıq şəkildə demişdim.

Vəziyyətimdən məmnun idim və onunla dost olmaq da mənim üçün xoş idi.

Bir gün onun evində idim və o, anidən dəyişdi. Mənə narahatedici şəkildə yaxınlaşdığını hiss etdim, uzaqlaşdım və onu arxaya itələdim.

O isə çox cəld və zorakı davranırdı.

O dərəcədə ki, donub qalmışdım və onunla mübarizə apara bilmirdim.

Sonra heç bir şey demədi, qalxdı və çölə çıxdı. Öz evindən çıxıb maşınına getdi. Heç mənimlə bir kəlmə belə kəsmədi.

Mən də yaralı şəkildə evimə getməyə başladım. Bu yaranın dərinliyini isə sonradan anladım. Evimə getmək, evimdə olmaq istəyirdim.

"Özünü itirdiyini iddia etdi"

Uşaqlar qapı qonşumun yanında idi. Evə girdim, bomboş idi. Uşaqlarım qonşuda yatırdı... Heç kimlə danışmadım.

Məni mühakimə edəcəklərini, özümü bilə-bilə bu vəziyyətə saldığımı, mənim günahım olduğunu söyləyəcəklərini düşündüm. Çünki o, mənim tanışım idi.

Küçədə birinin təcavüzünə uğramamışdım, ona görə də vəziyyəti "zorakılıq" kimi qiymətləndirmirdim. Polisə də şikayət etmədim.

Qəribə səslənsə də, səhəri gün ondan bunu niyə etdiyini soruşmaq istədim. Özünü itirdiyini iddia etdi. Belə bir şeyin olduğunu inkar etməsə də, özünü itirdiyini və xatırlamadığını dedi. Bununla belə doğru olmadığını da söyləmədi.

Reaksiya vermədim... Düzünü deyim ki, heç vaxt reaksiya vermədim. Daim övladlarımı düşünən bir ana olmuşam və o zaman da diqqətimi uşaqlarım ilə yayındırdım.

"Hamilə olduğumu söylədikdə..."

Hamilə olduğumu və bizim övladımız olduğunu söylədim. Onun "Yox, bizim uşağımız deyil" deməsini gözləyirdim, uşağı qəbul etməyəcəyini sanırdım.

Hamilə qaldıqda yaşadıqlarımızı, vəziyyəti heç vaxt qəbul etmədi, amma heç zaman uşağın ona aid olmadığını da söyləmədi.

Abort etməyi düşünmədim. Bir seçim olduğunu bilirdim və aborta qarşı deyiləm. Bunun şəxsi bir seçim olduğunu fikirləşirəm.

Ev

Amma körpəni öldürməyin işləri daha da pisləşdirəcəyini, bu düşüncə ilə yaşamağın daha çətin olduğunu və iki övladım ola-ola başqa bir uşağa sahib olmanın özü il gətirdiyi əziyyətləri də düşündüm.

Əslində çox eqoist səslənir. Uşağın həyatını düşünmədən hərəkət etdim. Bir uşağı öldürməmək fikrinə əxlaqi baxımdan yanaşa bilmirdim.

Abortun mənə daha çox zərər verəcəyini bilib, belə qərara gəldim. Təcavüz və abortdansa, təcavüz, körpə və uşaq fikri ilə daha rahat yaşaya biləcəyimi fikirləşdim.

'Yeganə müsbət tərəf oğlum idi'

Ətrafımda ailəm yox idi. Parkda subay ikən hamilə qaldığımı bilib görənlər mənə qınaq dolu gözlərlə baxırdılar. Necə hamilə qaldığımla bağlı heç bir açıqlama vermirdim.

İnsanların daim mənə baxdığını hiss edir və dalımca danışdıqlarını bilirdim. Qonşumla yaxın dost idim və uşaqlarımız eyni məktəbə gedirdilər və dedi-qodulardan xəbəri vardı. Çox çətin idi, çünki təcavüzə uğradığımı söyləmək istəmirdim.

Başqa bir ehtimal da bir gecəlik münasibət və ya başıma ona oxşar bir şeyin gəlməsi variantı idi. Adımın belə bir şeydə çəkilməsini də istəmirdim.

Mən ən asanı seçdim, haqqımda nə istəyirlərsə düşünsünlər dedim.

Övladımın da kimsə tərəfindən qınanmasını, alnı damğalı olmasını istəmirdim. İnsanlar həqiqəti bilsə, vəziyyət onun gələcək münasibətlərinə də təsir edəcəkdi.

Bununla ayaqlaşmağı yalnız oğlumu qoruyaraq bacardım. Belə olmasaydı, bu vəziyyətə tab gətirə bilməzdim. Çünki başıma gələn şeylərin içində yeganə müsbət tərəf oğlum idi.

"Gözləri atasına bənzəyir"

Oğlumu ilk dəfə qucağıma alarkən məni ən çox təəccübləndirən və ömür boyu unutmayacağım şey, gözlərinin atasına bənzəməsi oldu.

Gözlər

Gözlərini görər-görməz donub qaldım

Böyüdükcə gözləri daha çox atasının gözlərinə bənzəyirdi. Təcavüz zamanı da ağlımda qalan atasının gözləri olmuşdu.

Son dərəcə parlaq gözləri var idi, oğlumda da eyni idi. Özünəməxsus, xarakteristik gözlər.

Əlimi ürəyimə qoyub deyə bilərəm ki, onunla münasibətimdə dünyaya necə gəlməsinin heç bir təsiri olmayacaq.

Gözlərinə baxanda atasına oxşamadığını beynimə yeritməyə çalışıram. Bəzi xüsusiyyətlər irsi olur.

Keçmişdəki xatirələri yada salanda fizik olaraq reaksiya versəm də, bunun o dövrü xatırladan şeylərlə əlaqəsi var.

Doğulduğu ilk gündən bəri oğlumu çox sevirəm.

Çamaşır

Atası ilə bağlı çox sual vermir. Məktəbdə "Ailəm" kimi layihələr zamanı ataların da şəkilini istəyirlər. Bunu edə bilmədiyimə görə çox pis oluram.

Ona izah etməyə çalışıram.

Yalnız bir neçə ildir ki, bu haqda başqaları ilə danışmağa başlamışam. Çox uzun müddət danışa bilmədim. Onlar da tanıdığım, oğlumla münasibəti olan insanlardır və bu səbəbdən də onlara qəribə gəlmir.

"Abort etmədiyim üçün heç vaxt peşman olmamışam"

Nə edirsinizsə edin, çox çətin olacaq. Uşağı dünyaya gətirib, başqasına övladlığa vermək bütün həyatınıza təsir göstərə bilər.

Hamilə qalıb, abort etdirsəniz, yenə bütün həyatınız silkələnəcək. Əgər uşağı dünyaya gətirmək qərarına gəlsəniz, yenə də bütün həyatınız dəyişəcək. Həmişə böyük bir zərəri olacaq, amma bu zərərlərin ölçüsü nədir?

Bu sizinlə və uşaqla bağlı bir məsəldirə. Körpəni dünyaya gətirib, onunla başa çıxa bilməməyim böyük bir yanlış olardı. Ehtiyacı olan sevgini, əlaqəni verə bilməmək isə ikinci yanlış.

Bəzən özümü tənha hiss edirəm, bəzən həqiqətən də çox çətin olur, amma mənə əsl ziyanı vuran təcavüz olub. Təcavüz nə qədər ağır bir şey olsa da, dünyama oğlum gəldi. Və ən yaxşı, ən önəmli şey də budur.

Lakin bu üç seçimdən hansını seçərsəniz seçin, hamısı eyni yalnızlığı gətirir özü ilə bərabər. Mən ən azından bu vəziyyətdən çox gözəl bir pay aldım. Mənim üçün çox doğru bir qərar olsa da, başqaları üçün olmaya bilər.

Catherinenin adı, şəxsiyyətini qorumaq məqsədi ilə dəyişdirilib.

İllüstrasiyalar: Katie Horwich

Əlaqəli mövzular

Bu barədə daha geniş