Ermənistanda ailədaxili zorakılıq: yeni qanun qurbanları müdafiə edəcəkmi?

Насилие Fotonun müəllifi Getty Images

Ermənistan Milli Məclisi cəmiyyətin mühafizəkar qisminin qızğın mübahisələri və etirazları fonunda ailədaxili zoraklıq barədə qanunu qəbul edib.

"Ailədə zorakılığın qarşısının alınması, ailədə şiddətə məruz qalan şəxslərin müdafiəsi və ailə anlaşmasının bərpası" barədə qanun layihəsi ikinci və sonuncu oxunuşda lehinə 75 və əleyhinə 12 səslə qəbul edilib.

Hüquq müdafiəçiləri və qadınların hüquqlarını müdafiə təşkilatları artıq bir neçə ildir ki, Ermənistanda ailədaxili zorakılıq barədə qanunun qəbul edilməsi barədə çıxışlar edirlər.


Həmçinin oxuyun:


Lakin bundan əvvəlki illərdə onların bu cəhdləri uğursuzluqla nəticələnmişdi.

Bir neçə ay əvvəl ictimaiyyətin müzakirəsinə çıxarılan bu təşəbbüsün əleyhdarları az olmayıb.

Onlar qanun layihəsi tərəfdarlarını erməni ailələrini dağıtmaqda və ənənələri pozmaqda ittiham ediblər.

"Qadınlara qarşı şiddət əleyhinə koalisiya" birliyinin məlumatına görə, 2010-cu ildən bu yana Ermənistanda azı 50 qadın ailədaxili zorakılıq nəticəsində qətlə yetirilib.

ATƏT-in 2011-ci ildə keçirdiyi tədqiqata görə, Ermənistanda qadınların 60 faizi bir və ya bir neçə ailədaxili zorakılıq formasının qurbanı olub.

Aysberqin zirvəsi

"Bu qanun layihəsinin qəbul edilməsi ailədaxili zorakılıqla mübarizədə atılan vacib addımdır. Mən düşünürəm ki, bu gün alçadılmağa və döyülməyə tab gətirənlərə bu qanun köməklik edəcək", - deyə 31 yaşlı Asmik Xaçatryan deyir.

Onun incə təbəssümü və qara parlaq gözləri var. O, uşaqları və gələcək planları, uzun fasilədən sonra davam etdirdiyi işi və təhsili barədə həyəcanla danışır. Keçmiş əri barədə söhbət düşərkən onun üzünün ifadəsi dəyişir, səsi titrəməyə başlayır.

"Bilirisiniz, bir il əvvəl mən uşaqlarla küçədə gedirdim və mənim qızım mənə dedi: "Sənin saçlarından atam səni döydüyü gecə gələn qoxu gəlir". Həmin gecə o məni döyən zaman səhərə sağ çıxmayacağımı düşünürdüm... Yadımdadır səhər döşəmədə ayılan zaman gördüm ki qızım məni sığallayır. Mən isə gözlərimi açıram və hələ də sağ olduğuma təəccüblənirəm... O zaman qızımın 6 yaşı vardı", - söhbətinə uzun fasilə verən Asmik deyir.

Asmik keçmiş əri tərəfindən alçaldıldığını və döyüldüyünü açıq aşkar etiraf edən çox az qadından biridir. O, 9 illik ailə həyatı ərzində bütün bunlara tab gətirməli olub.

Onun hekayəsi və günahını etiraf etməyən keçmiş əri ilə davam edən uzun məhkəmə prosesi kütləvi informasiya vasitələrinin səhifələrində yer alıb.

Əri ona işgəncə verməkdə ittiham olunurdu. Lakin sonradan ittiham qəsdən sağlamlığa zərər yetirməklə əvəzlənib. Nəticədə amnistiyaya düşən kişi məhkəmə zalından azadlığa buraxılıb.



Ermənistan İstintaq Komitəsinin məlumatına görə, 2017-ci ilin ilk 6 ayı ərzində ölkədə ailədaxili zorakılıqla bağlı 215 cinayət işi araşdırılıb.

Onlardan çoxu - 127 hadisə döyülməklə bağlı olub. 11 hadisə yaşı 16 olmayanlara qarşı seksual xarakterli hərəkətlər, 6-sı sağlamlığa qəsdən zərər yetirmək, 5 halda isə qətllə əlaqəli olub.

Hüquq müdafiəçilərinin sözlərinə görə, rəsmi statistika aysberqin yalnız zirvəsi ola bilər. Çünki erməni ailələrindəki zorakılıq halları barədə yalnız bu hadisələr cinayət xronikasına düşdükdən sonra xəbər tutulur.

Gizli şiddət

Qanun layihəsinin müəllifləri bu qanunun ailədaxili zorakılığın qarşısını almaqla yanaşı, qurbanların bu cür hadisələr barədə tez-tez məlumat verməyə təşviq edəcəyinə ümid edirlər.

Hazırda ailədaxili zorakılıq halları zamanı yalnız cinayət təqibi və sanksiyalar tətbiq olunur.

Qurbanların çoxu isə təcavüzkarı həbsxanaya göndərmək istəmədikləri üçün hüquq mühafizə orqanlarına müraciət etmirlər. Qanun layihəsi müəlliflərindən biri, adliyyə nazirinin müavini Vigen Koçaryan belə deyir.

Image caption Vigen Koçaryanın fikrincə, yeni qanun layihəsi ailə zorakılığı qurbanlarını daha yaxşı qoruya bilər

"Yalnız cinayət təqibi vasitəsinin olması bu cür cinayətin böyük gizliliyinə şərait yaradır. Hətta cinayət işi qaldırılsa belə, əgər həbs olunmaq kimi qətimkan tədbiri görülməyəcəyi təqdirdə bu daha pis vəziyyətdə qalan qurbanı heç cürə müdafiə etməyəcək. Buna görə də bu qanun layihəsinə tələb olunan digər mexanizmlər də lazım idi ",- Koçaryan deyir.

Onun sözlərinə görə, yeni qanun layihəsi qüvvəyə mindikdən sonra hüquq mühafizə orqanları əməkdaşlar hadisə yerindəcə, ailədə həyat təhlükəsi və qurbanın sağlamlığına təhlükənin təkrarlanması hallarında "təcili qərarlar" qəbul edə bilərlər.

Koçaryan qeyd edir ki, bu cür qərarları yalnız polis dəstələrinin ixtisaslaşmış əməkdaşları qəbul edə bilərlər.

"Qərar dərhal bir neçə tədbiri nəzərdə tuta bilər. Məsələn, ailədaxili zorakılığı həyata keçirən şəxs barədə yaşayış yerini tərk etmək, 12 gün ərzində bura qayıtmamaq , ailədaxili şiddətin qurbanı ilə ünsiyyət saxlamamaq və ya müəyyən məsafədən artıq ona yaxınlaşmamaq qərarı müəyyən edilə bilər", - deyə Koçaryan BBC-yə bildirib.

On iki gün - bu qərarın maksimal müddətidir. Onun sözlərinə görə, uzadılmaq ehtimalı ilə buna bənzər tədbirlər qoruma qərarını nəzərdə tutur ki, bunu da məhkəmə qurbanın ərizəsi əsasında verməlidir.

Koçaryan bildirib ki, qurbanlar üçün mövcud olan qeyri-hökumət təşkilatlarının sığınacaqları hökumətin dəstəyilə fəaliyyətlərini davam etdirəcəklər.

Lakin qanun layihəsi həmçinin lazım olan təqdirdə dövlət tərəfindən ailədaxili zorakılıq qurbanları üçün sığınacaq yerlərinin açılmasını da nəzərdə tutur.

"Vətəndaş müharibəsi"

Ailədaxili zorakılıq barədə yeni qanunun hazırlanması hələ 2014-cü ildə Ermənistanın təsdiqlənmiş hökumətinin insan haqqları sahəsindəki fəaliyyət planında nəzərdə tutulmuşdu.

Lakin layihənin rəsmi müzakirələr üçün olan səhifədə dərc edilməsi cəmiyyəti iki düşərgəyə bölərək Ermənistanda ehtirasları coşdurdu.

Qanun layihəsinin tərəfdarları qadınlara qarşı şiddətin faciəvi və sensasiyalı halları fonunda belə bir qanunun qəbul edilməsinin vacibliyini vurğulayırdılar.

Əleyhdarlar isə, bu qanun layihəsinin Ermənistana Qərbdən gəldiyini və erməni ailələri üçün təhlükəli olduğunu bildirirdilər.

Bəziləri isə iddia edirlər ki, bu qanun uşaqların ailələrdən alınmasına gətirib çıxara bilər. Qanun layihəsinin qəti əleyhdarlarından biri, Yerevan geosiyası klubunun başçısı Arman Boşyandır.

Layihəni "şantaj vasitəsi" adlandıran Boşyanın sözlərinə görə, onun irəliləməsi üçün arxasında Soros fondunun maliyyələşdirdiyi təşkilatlar durur.

Sputnik Ermənistan saytına verdiyi şərhdə, o, bildirib ki, "qanun layihəsi qəbul ediləcəyi təqdirdə vətəndaş müharibəsi qaçılmazdır".

Bəzi hüquqşünasların, o cümlədən Vəkillər Palatasının nümayəndələrinin də qanun layihəsilə bağlı sualları yaranıb.

Onlar polislərə verilən əlavə səlahiyyətlərin sui-istifadəyə və ailənin şəxsi münasibətlərinə müdaxilə edəcəyindən ehtiyat etdiklərini bildiriblər.

"Biz hardasa belə münasibət gözləyirdik, amma belə həcmdə dezinformasiya, yalan şərhlər, qanun layihəsi ilə heç bir ortaq nöqtəsi olmayan absurd sualların verilməsini gözləmirdik", - deyə qanun layihəsinin yaratdığı qızğın mübahisələri şərh edən Koçaryan deyir.

Onun sözlərinə görə, opponentlərinin bu cür qanunun qəbul edilməsində məqsəd uşaqların ailələrdən alınmasıdır barədə bəyanatı əsassızdır, ümumiyyətlə qanun layihəsi bu planda yeni mərhələləri nəzərdə tutmur.

Fotonun müəllifi Jupiter Images
Image caption Qanun əleyhdarları iddia edirlər ki, qanun uşaqların ailədən alınmasına gətirib çıxara bilər

"Qanun layiəsində valideynlik hüququndan məhrum edilmək barədə söhbət belə yoxdur. Məsələn, həmin sığınacaqda uşaq atası və ya anası, daha dəqiqi qanunu nümayəndəsi ilə məskunlaşa bilər. Qanunda yalnız uşaqlara aid xüsusi tənzimləmə qaydası yoxdur", - o deyir.

Qanun layihəsinin müəllifləri, həmçinin opponentlərin bu qanunun Ermənistanda Qərbin təzyiqi ilə qəbul edilməsi barədə ittihamlarını da rədd edirlər.

Yarımçıq qələbə

Qızğın ictimai müzakirələrdən sonra hökumət mübahisəli qanun layihəsini qəbul etdi. Lakin qanunda dəyişiklik edildi və qanun layihəsinin adında "ailədə anlaşmanın bərpası" ifadəsi yer aldı.

Bu dəyişiklik artıq ailədaxili zorakılıq barədə qanunun qəbul edilməsini istəyən qadın haqqlarını müdafiə edən təşkilatlarda narazılıq yaradıb.

"Qadınlara qarşı zorakılıq əleyhinə koalisiya" hüquq müdafiə təşkilatları birliyi bəyan edib ki, dəyişikliklər qanun layihəsinin ilkin əhəmiyyətini təhrif edir və onun effektliyini əhəmiyyətli dərəcədə aşağı salır.

"Koalisiya" nümayəndəsi və hüquq müdafiəçisi Zaruhi Hovhannisyanın sözlərinə görə, qanun layihəsinin qəbulu aildaxili zorakılıqla mübarizədə atılan vacib addımdır.

Lakin bu qanun dövlətin ailədaxili zorakılığın qurbanı olan hər bir insanı qorunması barədə aydın ismarıc verməlidir. Hüquq müdafiəçisinin fikrincə, dəyişiklikdən sonra qanun hüquqi olmayan sözlərlə vurğulanıb.

"Ailədə anlaşmanı bərpa etmək termini bizim fikrimizcə çox subyektiv qəbul edilir və onun hüquqi əsası yoxdur. Ümumiyyətlə, ailə zorakılığının qarşısını barışıq yolu ilə almaq mümkün deyil", - o, deyir.

Fotonun müəllifi Getty Images
Image caption Hüquq müdafiəçiləri "ailə zorakılığı" termininin "ailədə zorakılıq" termini ilə əvəzlənməsindən narazı qalıblar

Hovhannisyanın sözlərinə görə, qanun layihəsində möhkəmləndirilməsi deyilən "ənənəvi dəyərlər" termini hüquqi sənədlərdə yoxdur.

"Qanun tətbiq ediləcəyi təqdirdə bu termin geniş şərh edilə bilər zorakılıq hallarına haqq qazandırmaqda istifadə oluna bilər", - o deyir.

"Ailə zorakılığı" termininin "ailədə zorakılıq" termini ilə dəyişdirilməsi də hüquq müdafiəçilərində narazılıq yaradıb.

"Ailə zorakılığı beynəlxalq hüquqi sənədlərdə istifadə olunur, lakin bizim qanunda ailə zorakılığı ailədə zorakılıqla əvəzlənib. Bu hətta, geniş təfsir olsa belə, ailə zorakılığının beynəlxalq- hüquqi məzmununu ifadə edə bilməz", - o deyir.

Lakin Koçaryanın sözlərinə görə, qanun layihəsində qəbul edilən "ailədə zorakılıq" birləşməsi tamamilə beynəlxalq sənədlərə müvafiq olan "ailə zorakılığı" birləşməsinə uyğun gəlir.

O ki qaldı qanun layihəsinin başlığındakı "ailədə anlaşmanın bərpa edilməsi" barədə əlavəyə, onun sözlərinə görə, bu dəyişiklik yalnız onun mahiyyətini dəqiq ifadə edir.

Qanun layihəsi barışıq üsulunu nəzərdə tutur, hansı ki, qurbanın razılığı şərtilə sosial xidmətin nəzarəti altında fəaliyyət göstərəcək.

"Bu əlavə qanunun tam məzmununu əks etdirmək üçün nəzərdə tutulmuşdur. Ona görə də, bu qanun mahiyyətcə yalnız cəzalandırıcı deyil... O paralel olaraq zorakılığın qurbanına və təcavüzkarın özünə sosial, psixoloji, hüquqi yardımı nəzərdə tutur. Ad dəyişikliyi bu günə qədər qanun layihəsində olan elementləri əks etdirir ", - o deyir.

Bu barədə daha geniş