Atılan şəhər

xaraba Fotonun müəllifi Paul Harris

Son 20 il ərzində Rusiyada yüzlərlə kiçik şəhər və qəsəbə sakinlər tərəfindən tərk edilərək başsız qalıb, atılıb. Bunun səbəbi həmin şəhərləri yaşadan istehsal müəssisələrin bağlanması. iflası olub. Hazırda daha 300-ə yaxın bu cür şəhərin taleyi tükdən asılı vəziyyətdədir, nəticədə, 14 milyona yaxın rusiyalıların yaşayışı, dolanışığı təhlükə altındadır. BBC Rus Xidməti Rusiyanın Uzaq Şərqində yerləşən şaxtaçılar üçün vaxtilə salınmış, lakin hazırda atılmış şəhərə baş çəkib. Bu şəhərin taleyi bənzər problemlə üzləşən digər ölkələr üçün də aktualdır.

İsti bir avqust günündə Vladimir Voskresenski 50-ci Oktyabr küçəsi ilə addımlayaraq, həyatının ən gözəl günlərini keçirdiyi kiçik şəhərin tanış yerlərini nümayiş etdirir.

"Fasilələrdə imkan tapıb bu çörəkçidən bulka alardım", - o deyir.

"Bu dərzidə ən son dəblər nümayiş etdirilərdi. İşdən sonra isə bu idman salonuna gedərdim".

Biz tərk edilmiş Sovet binalarının yanından keçirik - pəncərələr aralıdır, damlar əyilib. Hava sakitdir və qorxunc bir sükut var.

Lakin Vladimir tanış yerləri göstərdikcə və keçmişi xatırladıqca sanki tilsimlənir və kabus şəhər Kadıkçan elə bil ki, yenidən canlanır.

Vladimir bütün ömrü boyu Rusiyanın uzaq şərqindəki Maqadan regionunda yaşayıb. Onun ailə hekayəti də bu ucsuz-bucaqsız ərazilərlə səsləşir.

Bu ərazilər o qədər uzaqdır ki, buradakı insanlar Rusiyanın digər hissələrinə "materik" deyirlər.

Fotonun müəllifi Paul Harris
Image caption Vladimir gənc yaşlarında kinomexanik kimi işləyib.

Onun Moskva ətrafından olan atası Mixail 1938-ci ildə kiçik cinayət törətməkdə ittiham edilərək beş illik buraya sürgün edilib.

"O, heç vaxt bu barədə çox danışmayıb, lakin onu bilirəm ki, yaxşı işçi olduğuna görə iki dəfə güllələnməkdən yayına bilib".

Onun anası Yevtaliya Cənubi Uralda yerləşən Ufa şəhərindəndir və 1946-cı ildə bura Kommunist Gənclər Təşkilatı ilə könüllü gəlib.

"Həmin vaxtlar gənclər fərqli idi. Onlar nə isə tikmək və ölkə üçün yaxşı işlər görmək istəyirdilər".

Onun hər iki valideyni elektrik olub və bir çox elektrik stansiyalarında işləyiblər. 1974-cü ildə ailə kiçik mədən şəhəri olan Kadıkçana köçüb.

Rusiyanın bu hissəsindəki hər kəs kimi Kadıkçan şəhəri də həbs düşərgəsi kimi tikilib.

Bütün bu region bölgədən axan çayın adı ilə Kolıma adlanır. Onun adı hələ də bir çox rusların ürəyinə qorxu salır.

Bura 1930-cu illərdə Stalin tərəfindən qurulub. O, SSRİ-nin sürətli sənayeləşməsinə dəstək üçün buranın mineral, metal və qızıl ehtiyatlarını emal etmək istəyirdi.

Kolımanın təbii ehtiyatlarından istifadənin ən asan yolu məcburi əməkdən keçirdi.

Fotonun müəllifi NKVD
Image caption Yazıçı Varlam Şalamov ömrünün 20 ilə yaxınını Kolımadakı düşərgədə keçirib.

Buradakı düşərgənin fəaliyyətə başlamasından sonrakı iki onillik ərzində təxminən bir milyon dustaq Kolımaya gəlib.

Onlardan təxminən 200 000 nəfəri pis şəraitə görə - pis yediklərinə və mənfi 50 dərəcəyədək olan soyuqlara görə həlak olub.

Rusiyanın ən görkəmli yazıçılarından olan Varlam Şalamov ömrünün 20 ilə yaxınını buradakı düşərgədə keçirib. O, iki il Kadıkçanda yeni açılmış kömür mədənində də işləyib.

Şalamov 1940-cı ildə, Vladimirin atasının düşərgəyə gəlməsindən iki il sonra Kadıkçana göndərilib.

Kolıma əhvalatları adlı qısa hekayələrində o, mədəndəki məhbusların həyatından bəhs edir.

"Qan, aclıq və döyülmələr. Kadıkçan bizi belə qarşıladı".

"Ən pis zaman", misalını da o çəkib.

Vladimir və valideynləri Kadıkçana köçəndə düşərgə artıq çoxdan bağlanmışdı və şəhərin iki kömür mədənində mülki şəxslər işləyirdi.

Buradakı mədənçilər SSRİ-nin digər kömür mədənlərindən yeni mənzil və yaxşı maaş ardınca gəlmişdilər.

Növbəti onillikdə şəhərin əhalisi artır və təxminən 6000 nəfərə çatır.

1970-ci illərdə Kadıkçanda həyat yaxşı idi. Sovet İttifaqı sənaye işçilərinə yaxşı baxırdı, xüsusən də Kolıma kimi ucqarda işləyən işçilərə.

Yerli dükanlar ərzaqla yaxşı təchiz edilmişdi və Qütb restoranında həmişə şərab və canlı musiqi olardı.

Burada xəstəxana və iki məktəb də var idi. Uzun şimal yayında yerli mədəniyyət mərkəzi "Bəyaz gecələr" adlı musiqi festivalı keçirərdi və yeni açılmış Mədənçilər kinoteatrında Alain Delon-un filmləri nümayiş etdirilirdi.

Vladimir yeddi il burada kinomexanik kimi işləyib.

Fotonun müəllifi Paul Harris
Image caption Vladimir Kadıkçanda keçirdiyi yaxşı günləri xatırlayır.

Şəhərdəki hər şey mədənin ətrafında baş verirdi, kino nümayişləri də daxil olmaqla.

Vladimir kinoteatrda keçirdikləri xoşbəxt günləri, ad günü və bayramları necə qeyd etdiklərini xatırlayır.

"Biz həmişə qurutmaq üçün balıq asardıq və bufetdə Tanya xalanın soyuq pivəsi əksik olmazdı".

Kadıkçan gənc insanlarla dolu idi. Ekstremal hava insanları bir-birinə yaxın etmişdi.

"Bəzi qış gecələrində havanın hərarəti mənfi 30 dərəcəyə qalxardı və belə ilıq havada hər kəs əsas küçədə gəzməyə çıxardı. Belə qış gecələrini çox sevirdim".

1987-ci ildə Vladimir Kadıkçanı tərk edir və qonşuluqdakı elektrik stansiyasında işə düzəlir. Onun yeni evi maşınla 10 dəqiqə məsafədə yerləşirdi və beşinci mərtəbədəki yeni mənzilinin pəncərəsindən Kadıkçanı görmək mümkün idi.

Bu, Mixail Qorbaçovun "yenidənqurma" islahatlarının vaxtı idi və bütün SSRİ-də baş verən dəyişikliklər Kadıkçana da çatmışdı.

Gennadi Şçepalkin və həyat yoldaşı Tatyana da bu şəhərdə doğulublar. "Mən Kadıkçan xəstəxanasında doğulmuş ilk uşağam", o deyir. "Mənim haqqımda yerli qəzetdə də yazıblar".

Fotonun müəllifi Paul Harris
Image caption Tatyana və Gennadi Şçepalkinlər.

Gennadi və Tanya 1984-cü ilin payızında məktəb diskotekasında tanış olublar. Bu, ilk baxışdan sevgi olub.

Onlar 1988-ci ildə evlənirlər və növbəti il Gennadi 7 nömrəli kömür mədənində işləməyə başlayır.

"Şəhərdə yeni insanlar peyda olmağa başladı", o xatırlayır. "Atmosfer tamam fərqli idi".

Sovet iqtisadiyyatı çökməkdə idi. Mədəndə maaşlar da əvvəlki kimi vaxtında ödənilmirdi, lakin bəzən gözlənilməz fürsətlər də yaranırdı.

"Bir dəfə hamımız işdən kredit vasitəsilə videomaqnitofon ala bildik, - Gennadi deyir. - Qəfildən video kassetlərin çoxalması müşahidə edildi!"

1990-cı illərin əvvəlində Sovet İttifaqı çökür və Kadıkçanda həyat daha çətin olmağa başlayır.

"Maaşlar ödənilməməyə başlandı və insanlar artıq ərzaq almaqda çətinlik çəkirdilər",- Tatyana deyir.

"Təsəvvür edin ki, ərin mədəndən evə gəlir və onu yedizdirmək üçün evdə yemək yoxdur. Uşaqlar acdırlar".

Fotonun müəllifi Paul Harris
Image caption Kadıkçanda mədənlər 1990-cu illərdə bağlanıb

7 nömrəli mədən 1992-ci ildə bağlanır, onun kömür ehtiyatı tükənir.

İnsanlar ölkənin başqa yerlərində iş tapmaq üçün Kadıkçanı tərk edirlər. Bundan sonra isə 1996-cı il faciəsi baş verir.

15 noyabrda səhər növbəsi sona çatdığı zaman 10 nömrəli mədəndə partlayış baş verir. Növbədə 27 mədənçi var idi və onlardan altısı həlak olur. Hadisə bütün şəhəri kədərləndirir.

Ölənlərdən biri Gennadinin köhnə iş yoldaşı olur.

"Onun adı Aleksey Tunyekov idi - yaxşı oğlan idi və zəhmətkeş idi".

Hadisədən sonra mədəndə iş tamamilə dayanır və işçilərin əksəriyyəti azaldılmış maaşla evə göndərilir.

Yerli hakimiyyət qərara gəlir ki, mədəni saxlamaq artıq sərfəli deyil və növbəti iki il ərzində onun bağlanması məsələsi müzakirə edilir.

Fotonun müəllifi Paul Harris
Image caption Vladimir Voskresenski vaxtı ilə yaxşı işinə görə ona təqdim olunmuş təşəkkürnaməni göstərir.

Həmin dövr yerli mətbuatda Kadıkçan sakinlərinin aclığı, qeyri-müəyyənlik və mərkəzi istilik stansiyasının bağlanacağı qorxusu ilə bağlı çoxlu yazılar dərc edilib.

1988-ci ildə nəhayət hər şeyin sonu gəlir.

10 nömrəli mədənin girişi partladılır və beləcə içəri heç kim girməsin deyə, mədən su ilə doldurulur.

Altı ildən sonra Kadıkçanda kömür mədəni sənayesi başa çatır.

Fotonun müəllifi Paul Harris
Image caption Mədənlər bağlanandan sonra, yerli sakinlər şəhəri tərk etməyə başladı

"Dəhşətli idi. İnsanlar panikada idilər, çünki ödənilən az kompensasiya ilə artıq dolanmaq mümkün deyildi".

"Pul əvəzinə qiymətli kağız verilirdi ki, o da qısa müddət ərzində etibardan düşürdü. Yəni ona nə isə ala bilməsən, hər şeyi yenidən başlamalı idin. Vəziyyət o qədər gərgin idi ki, insanlar yemək üçün it öldürürdülər".

Ən son sakinlər şəhəri tərk etdikdən sonra, yerli rəhbərlik bütün əsas binaları yandırır. Şaxtaçılar kinoteatrı alovlanır və onun damı tamaşaçı zalına çökür.

Vladimir uzaqdan tüstünün necə qalxdığına şahid olub.

O hələ də Kadıkçanın taleyi ilə barışa bilmir.

"Buna inanmaq istəmirsən, - o deyir. Lakin bütün bunlar həqiqətdir".

Əlaqəli mövzular

Bu barədə daha geniş