Aleksandr Lapşin: "Özümü asmamışam...maskalı adamlar məni kamerada boğub"

Aleksandr Lapşin: "Özümü asmamışam...maskalı adamlar məni kamerada boğub"

Dağlıq Qarabağa səyahət etdiyinə görə Azərbaycanın arzuolunmaz şəxslər siyahısına daxil olunan və bundan sonra Belarusda saxlanaraq Azərbaycana ekstradisiya edilən bloqçu Aleksandr Lapşin bu hadisələr barədə BBC Azərbaycanca ilə danışıb.

Rusiya, İsrail və Ukrayna vətəndaşı olan bloqçu prezident İlham Əliyev tərəfindən əfvi barədə də danışıb.

Cənab Lapşin yalnız Belarusda bir dəfə İsrail diplomatlarının tövsiyəsilə İlham Əliyeva ünvanladığı məktubda bloqunda yazdığı təhqiramiz sözlərinə görə üzr istədiyini deyib. O, Azərbaycan hökumətinin bildirdiyi kimi, buraxılması üçün əfv məktubu yazmadığını iddia edir.

Bloqçu, həmçinin özünü asması barədə xəbərləri rədd edərək, kamerasında "maskalı adamlar" tərəfindən boğulduğunu iddia edir.

Azərbaycan rəsmiləri onun həbsxanada intihar cəhdi etdiyini bildirib.

Lapşin əfv edilən zaman prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib ki, İsrailin, bloqçunun ekstradisiyası ilə bağlı proseduru "bir xeyli uzatması" nəticəsində "xoşagəlməz bir hadisə yaşanıb":

"Lapşin cəzaçəkmə müəssisəsində özünəqəsd cəhdinə əl atıb. Düzdür, həbsxana nəzarətçilərinin ayıqlığı və çevikliyi nəticəsində bu qəsdin qarşısı alınıb, təcili olaraq ona lazımi tibbi yardım göstərilib və hazırda Lapşin həkim nəzarəti altında müalicəsini davam etdirir."