Putin Sankt-Peterbuq mağazasındakı partlayışı "terror aktı" adlandırıb

последствия взрыва в магазине Fotonun müəllifi НАК
Image caption Sankt-Peterburqda mağazaların birində partlayış olub, azı 10 nəfər yaralanıb

Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, dekabrın 27-də Sankt-Peterburq şəhərində "terror aktı törədilib".

Rusiya İstintaq Komitəsi bundan əvvəl "Perekryostok" mağazasındakı partlayışın qətl məqsədli sui-qəsd olduğunu bəyan etmişdi.

"Dünən, bildiyiniz kimi, Sankt-Peterburq şəhərində terror aktı törədilib. Bu yaxınlarda isə Federal Təhlükəsizlik Xidməti daha bir terror aktı cəhdinin qarşısını alıb", - Vladimir Putin Suriyada hərbi əməliyyatlarda iştirak edən hərbi qulluqçuların təltif edilməsi mərasimində bildirib.

Putin, Federal Təhlükəsizlik Xidməti (FTX) direktoru Aleksandr Bortnikova tapşırıb ki, terror aktını həyata keçirməkdə şübhəli bilinən şəxslərin saxlanması əməliyyatı "qanuna ciddi əməl olunmaqla" həyata keçirilməlidir.

"Lakin əməkdaşlarımızın və zabitlərimizin həyatına və sağlamlığına təhlükə yarandıqda - qətiyyətlə hərəkət etməli, heç kim əsir götürülməməlidir", - Putin vurğulayıb.

Sankt-Peterburqda mağazaların birində baş vermiş partlayışda azı 10 nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır.

Bu barədə Rusiyanın yerli hakimiyyət orqanları məlumat yayıblar.

Rəsmilər partlayışa partlayıcı maddələrin səbəb olduğunu deyirlər.

Hadisəni araşdıran istintaq orqanları partlayıcı maddənin "200 qram trotil gücündə olan əldəqayırma bomba" olduğunu bildirib.

Partlayış həftənin çərşənbə günü, axşam saatlarında baş verib.

Fotonun müəllifi НАК
Image caption Partlayış mağazada çantaların saxlandığı hissədə baş verib

Partlayış mağazada çantaların saxlandığı hissədə baş verib.

Adamlar evakuasiya olunub.

Sosial mediada yayılan görüntülərdə Gigant Hall istirahət mərkəzinin qarşısında dayanmlış polis və yanğınsöndürən maşınlar görünür. "Perekryostok" supermarketi bu mərkəzin alt mərtəbəsində yerləşir.

Peterburqda çıxan "Fontanka" yazıb ki, partlayışdan yarım saat əvvəl Kalinina meydanında marşrutrdan "yaşıl gödəkcə geyinmiş və bej rəngli bel çantası götürən qarabuğdayı adam" düşüb və supermarketə girib.

Fotonun müəllifi ТАСС/Демьянчук Александр
Image caption Adamlar evakuasiya olunub.

Müşahidə kameralarına düşən kadrlardan görünür ki, həmin kişi bel çantasını saxlama kamerasına qoyub alış-veriş zalına keçir, ancaq orda çox ləngiməyib çantasını da almadan çölə çıxıb meydanı keçir və camaata qarışır.

"Fontanka" həmin görüntüləri yayıb.

Bu ayın əvvəllərində Rusiya prezidenti Vladimir Putin terror təhlükəsi barədə onları xəbərdar etdiyi üçün ABŞ lideri Donald Trump-a təşəkkürünü bildirmişdi.

Rusiya rəsmiləri açıqlama yaymışdılar ki, bu məlumat nəticəsində Sankt Peterburqda yerləşən Kazan kilsəsinə planlaşdırılan terror hücumun qarşısı alınıb.

Bu ilin aprelində Sankt-Peterburqda metroda baş verən partlayışda azı 13 adam ölmüş, 50-si yaralanmışdı.

Əlaqəli mövzular

Bu barədə daha geniş