İran: Təbriz və Ərdəbildə də "saxlanılanlar var"

Iran Fotonun müəllifi Getty Images
Image caption Şənbə günü Tehran universitetində tələbələr də etiraz aksiyası keçiriblər

İranda etnik azərbaycanlıların çoxluq təşkil etdiyi Təbriz və Ərdəbildə də saxlanılanlar var, İran mediası yazır.

Mehr agentliyi Ərdəbil prokurorluğuna istinadən burada 40 nəfərin saxlandığını bildirib.

Ərdəbil vilayətinin prokuroru Nəsir Ətabati deyib ki, saxlanılanların çoxu ifadə verdikdən sonra azad edilib.

Lakin hazırda 15 nəfər hələ də həbsdədir, agentlik yazır.

İran mediası Təbrizdə 90 nəfərin saxlandığını yazır. Hərçənd ki, Etemadonline saytına müsahibə verən Təbrizin millət vəkili Shahaboldin Bimeqdar bu məlumatı təsdiqləməyib.

Bakıda yaşayan iranlı jurnalist Fərhad Daneşvar BBC Azərbaycancaya müsahibəsində deyib ki, Təbriz və Ərdəbildəki etirazlar digər şəhərlərə nisbətən daha kiçik həcmli olub və hələ ki, gərginlik müşahidə edilməyib.


Həmçinin oxuyun:


Ayətullah Əli Xameneyi: etirazları "ölkənin düşmənləri" başladıb

İranın dini lideri Ayətullah Əli Xameneyi, etiraz aksiyalarını "ölkənin düşmənlərinin pul, silah və agentlərini istifadə edərək başladığını" deyib.

Ayətullah Əli Xameneyinin rəsmi internet saytında paylaşılan açıqlamada, "son günlər İranın düşmənləri, İslam Respublikasında problemlər çıxarmaq üçün pul, silahlar, siyasət və xüsusi xidmət orqanlarının da olduğu müxtəlif vasitələrdən istifadə edib" deyilir.

Xameneyi həmçinin, "doğru zaman gələndə" son hadisələrlə bağlı olaraq xalqa çıxış edəcəyini də bildirib.

İranın dini lideri ölkədə etiraz aksiyalarının başlamasından bəri ilk dəfədir ki, verdiyi açıqlamada xarici qüvvələri ittiham edir.

Yanvarın 1-dən 2-nə keçən gecə İranda etirazçılar və təhlükəsizlik qüvvələri arasında toqquşmalar nəticəsində doqquz nəfər həyatını itirib, İran dövlət mediası xəbər verir.

Etiraz aksiyalarının altıncı günündə növbəti zorakılıq İsfahan rayonunda baş verib və aksiyalarda ölənlərin sayı azı 22-yə çatıb.

Dövlət mediası bildirir ki, altı etirazçı polis bölməsindən silahları ələ keçirməyə cəhd edərkən öldürülüb.

Başqa bir hadisədə isə etirazçılar və İran İnqilab Keşikçiləri Korpusu arasında toqquşmada bir 11 yaşlı oğlan daxil olmaqla iki nəfərin öldürüldüyü deyilir.

İranda müşahidə edilən aksiyalar 2009-cu ildən bəri ölkədə baş vermiş ən irimiqyaslı kütləvi etiraz çıxışlarıdır.

Nümayişlər dekabrın 28-də ölkənin şimal-şərqində, Məşhəddə iqtisadi çətinliklərə və bahalaşmaya qarşı etirazlardan başlayıb, lakin bir çox yerlərdə həmin çıxışlar siyasi çalar almağa başlayıb, etirazçılar siyasi şüarlar səsləndirib.

Təkcə paytaxt Tehranda 450 nəfərin həbs olunduğu deyilir.

İran prezidenti Həsən Ruhani etirazları "təhlükə yox, bir fürsət" adlandırıb, lakin həm də "qanunu pozanlara" qarşı addımlar atılacağını deyib.

ABŞ isə etirazçıların "cəsarətli müqavimətini" dəstəklədiyini bildirib.

Bu barədə daha geniş