Həsən Ruhani kimdir?

Ruhani Fotonun müəllifi Getty Images
Image caption Hakimiyyətə gəlməmişdən əvvəl Həsən Ruhani İranın diplomtik izolyasiyasına son qoyacağını vəd etmişdi

69 yaşlı Həsən Ruhani ilk prezidentlik müddətinə İran İslam Respublikasının siyasi spektrinin mərkəzindən başlayıb. Lakin artıq Həsən Fereydun Ruhani sola dönərək İranda islahatçı qüvvələrə yaxınlığı ilə tanınır.

İkinci prezidentlik müddəti uğrunda keçən ilin iyun ayında keçirdiyi seçki kampaniyası zamanı, o, əsas mühafizəkar rəqibi, din xadimi və hakim İbrahim Raisidən fərqli olaraq daha müasir və gələcəyə baxan bir İran yaratmağa vəd edib.

O, kampaniya vaxtı seçicilərə xəbərdarlıq etmişdi ki, gələcək prezidentin bircə səhv qərarı bütün ölkəni müharibəyə bürüyə bilər.

Ölkədə müharibənin ehtimalını azaltmasına baxmayaraq, cənab Raisi prezident Ruhaninin ABŞ-ın Obama administrasiyası və digər aparıcı dövlətlərlə əldə etdiyi nüvə sazişindən razı deyildi.

Yeni ABŞ prezidenti Donald Trump hədələri və sazişin ABŞ konqresindəki fəal rəqiblərindən asılı olmayaraq, prezident Ruhani nüvə sazişinin qüvvədə qalmasını istəyir.

Seçki vaxtı cənab Ruhani, həmçinin İranın durğun iqtisadiyyatını canlandırmağa, fərdi hüquqları və siyasi azadlıqları möhkəmləndirməyə və ölkəni mühafizəkar qüvvələrin ifratçı fikirlərindən uzaqlaşdırmağa vəd etmişdi. O, kişi və qadınlar arasında bərabərliyə, internetə girişi genişləndirməyə və ümumiyyətlə, İranın xaricə açılmasına səy göstərəcəyini demişdi.

O, dəfələrlə İranın islahat hərəkatını tərifləyərək özünü mühafizəkar qüvvələrinin hədəfinə çevirib. Lakin o, 2017-ci ilin may ayında topladığı böyük səs çoxluğu ilə ikinci prezidentlik müddətinə başlayıb.

İlk prezidentlik müddəti

2013-cü ildə prezidentliyə namizədliyini ilk dəfə irəli sürəndə, cənab Ruhani onun niyyətlərindən şübhələnən mühafizəkar siyasətçilərin böyük çoxluq təşkil etdiyi hakimiyyət qurumlarına qarşı çıxacağını anlayırdı.

Prezident Mahmud Əhmədinejadın hakimiyyəti dövründə öz yaşam tərzlərinin pisləşməsinə və ölkənin nüfuzuna dəyən xəsarətə şahid olan iranlıların çoxu Ruhaninin - "mötədillik və ehtiyatlılıq" kampaniya sloqanını müsbət qarşılamışdılar.

Fotonun müəllifi Getty Images
Image caption Həsən Ruhaninin ABŞ-la dialoqa hazırlığı iki ölkənin xarici işləri nazirləri arasında çoxsaylı görüşlərlə nəticələndi

İqtidarın üzvü kimi tanınsa da, cənab Ruhani seçki kampaniyasında keçirdiyi toplantılarda böyük izdihamlar yaranmışdı. Buna səbəblərdən biri, onun İrana qarşı sanksiyaları yüngülləşdirməyə, vətəndaş hüquqlarını möhkəmləndirməyə və "ölkənini şərəfini" bərpa etməyə verdiyi vədlər olub.

Çoxları onun Ayətullah Əli Xameneyinin ilk seçimi olmadığını düşünürlər. Lakin İranın nüvə proqramına görə dünya gücləri ilə təhlükəli qarşıdurması, bu vəziyyətdən çıxışı ölkə üçün əsas prioritetə çevirmişdi və bu səbəbdən Ayətullah Xameneyi sonda dəstəyini cənab Ruhaniyə vermişdi.

2013-cü ildə prezidentlik dövrünə başlamasından bir neçə həftə sonra Həsən Ruhani ABŞ prezidenti Barack Obama ilə telefonla danışaraq 1979-cu il İran İslam İnqilabından bəri ilk dəfə iki ölkə arasında ən yüksək səviyyədə əlaqəni yaratdı.

Cənab Ruhaninin prezident Obama ilə bu söhbəti İran - ABŞ və digər dünya qüvvələri ilə nüvə danışıqlarına yolu açdı.

Hakimiyyətə gəldikdən sonra, Həsən Ruhani Ayətullah Xameneyidən icazə alaraq nüvə danışıqlarında İranı Milli Təhlükəsizlik Şurası əvəzinə Xarici İşlər Nazirliyinin təmsil etməsinə qərar verdi və Xarici İşlər naziri Cavad Zərifi danışıqlarda İranın əsas nümayəndəsi təyin etdi.

Cənab Zərif və ABŞ Dövlət Katibi John Kerry-nin Cenevrə gölü sahili ətrafında gəzərək zarafatcıl söhbətləri baş vermədən əvvəl bunun mümkün olduğuna yəqin ki, çox az adam inanardı.

Lakin danışıqlar davam etdikcə bu adi bir səhnəyə çevrildi.

Gələcəkdəki Çətinliklər

Həsən Ruhani əvvəldən xəbərdarlıq verib ki, İranın müxtəlif problemlərinin "bir günlük həlləri yoxdur".

Nüvə sazişi İrana qarşı iqtisadi sanksiyaların qaldırılmasına səbəb olub. Lakin bunun müsbət nəticələri bir çox iranlı üçün hiss olunmur. İranlıların əksəriyyəti həyatlarına böyük dəyişiklik hiss etmədiklərini deyirlər.

İqtisadiyyat hələ də durğun vəziyyətdədir və böyük ehtiyaclar olmasına baxmayaraq, İran hələ də özünə kifayət qədər xarici investisiya cəlb edə bilməyib.

Cənab Ruhani 2011-ci ildən bəri ev dustaqlığında olan islahatçı siyasi liderləri azad etməyə söz versə də, bu məsələdə mühafizəkarların inadkarlığı onların vəziyyətində dəyişikliyə imkan verməyib.

Onun vətəndaş və insan hüquqlarının möhkəmləndirilməsi vədinə baxmayaraq, çoxları bu sahədə heç bir irəliləyiş olmadığını deyirlər. Əksinə, insan haqlarına gəldikdə beynəlxalq insan haqları təşkilatları ölkədəki vəziyyətin pisləşdiyini bildirirlər.

Fotonun müəllifi Getty Images
Image caption Çoxları Həsən Ruhaninin Mahmud Əhmədinejadı (solda) əvəz etməsində ayətullah Əli Xameneinin (sağda) ilk seçimi olmadığını düşünürlər

Ölkədə həbs edilmiş jurnalist və gənc fəalların sayı hələ də yüksəkdir və edamların sayı ildən ilə yüksəlməkdədir.

Prezident olarkən İranın dövlət media rəhbərlərinə İslamın telekanallarda göstərilənlərdən daha çox dözümlüyü olduğunu deməsinə baxmayaraq, onun hakimiyyəti dövründə medianın senzurası yüngülləşməyib.

İranda internet də yaxından idarə olunur və nəticədə istifadəçilər dövlət tərəfindən qoyulan bloklar və maneaların üzərindən keçmək üçün proksi serverlərdən istifadə etməyə məcbur olurlar.

Həyat yolu

Həsən Ruhani 12 noyabr 1948-ci ildə anadan olub. Siyasətdə xam deyil, lakin indiyədək praktik rəhbər deyil, daha çox ekspert kimi çıxış edib.

1979-cu il İran inqilabından bəri Həsən Ruhani ölkənin siyasi həyatında böyük rol oynayıb.

1980-88-ci illərdə İran-İraq müharibəsində mühüm bir obraz olan Ruhani, müharibədən sonra yüksək məsuliyyətli siyasi vəzifələrə təyin olub.

1992-ci ildən o, arası kəsilmədən Ali dini rəhbər nəzdində analitik və məsləhətçi orqan - İran Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri olub. İki dəfə Məclis üzvü seçilib, sədr müavini vəzifəsini tutub. 1989-2005-ci illərdə İran Milli Təhlükəsizlik Şurasının katibi olub.

1996-2000-ci illərdə, o İran Milli Məclisinin spikeri vəzifəsini yerinə yetirib və eyni zamanda, Şotlandiyanın Glasgow Caledonian universitetində şəriət üzrə doktorluq dissertasiyasını müdafiə edib.

Fotonun müəllifi AFP
Image caption İrandaki insan haqqları vəziyyəti bir çox beynəlxalq qurum və ölkə tərəfindən tez-tez tənqid olunur

2003-2005-ci illərdə İranını baş nüvə müzakirəçisi olub və bu müddətdə İranın uran zənginləşdirmə proqramını sona gətirməyə razılaşaraq "diplomat şeyx" ləqəbini qazanıb.

Lakin mühafizəkar prezident Mahmud Əhmədinejadın 2005-ci ilədki seçki qələbəsindən sonra, prezidentlə fikir ayrılığına görə Milli Təhlükəsizlik Şurasının katibi və İranın beynəlxalq nüvə müzakirəçisi vəsifələrindən istefa edib.

Ruhani siyasi məhbusları azad etmək, vətəndaş hüquqlarını təmin etmək və "xalqın ləyaqətini qaytarmaq" vədləri verib. O, əvvəllər yasaq sayılan mövzularda danışıb: nüvə problemi üzrə dünya birliyi ilə qarşıdurma barədə, ölkənin təcrid olunması və beynəlxalq sanksiyaların dağıdıcı təsiri, iqtisadiyyatın ağır vəziyyəti haqqında.

1999-cu ildə liberal meylli qəzetin bağlanmasına qarşı tələbə nümayişləri zamanı Ruhani sərt mövqe tutmuş, təxribatçı fəaliyyət və dövlət əmlakını korlamaq ittihamı ilə tutulub saxlananların günahı təsdiqlənərsə, onları ölüm cəzası gözlədiyini bəyan etmişdi.

Lakin daha sonra baxışları dəyişib, və 2009-cu il prezident seçkilərindən sonra ehtimal olunan saxtakarlıqlar səbəbindən kütləvi etiraz aksiyaları başlayanda, vətəndaşların dinc yolla öz etirazlarını bildirməyə haqqı olduğunu deyib.

O, prezident Əhmədinejadı açıq tənqid edib, onun "məsuliyyətsiz və düşünülməmiş mülahizələri" ölkəyə baha oturduğunu bəyan etmişdi.

Yeni prezident çox bilikli şiə ilahiyyatçısı və hüquqşünasdır. Həsən Ruhani Glasgow-dakı Caledonian Universitetində doktorluq dissertasiyasını müdafiə edib ingilis, alman, fransız, rus və ərəb dillərini bilir.

Azərbaycana səfər

2001-ci ildə Cənubi Qafqaz ölkələrinə səfər çərçivəsində o zaman İran İslam Respublikası Ali Təhlükəsizlik Şurasının katibi olmuş Həsən Ruhaninin başçılıq etdiyi nümayəndə heyəti iyulun 20-də Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevlə görüşüb.

Prezident Heydər Əliyevlə görüş zamanı iki ölkə arasında münasibətlər, regional və Dağlıq Qarabağ probleminin həlli məsələlərdən söhbət açılıb.

Həsən Ruhani İran tərəfinin Qarabağ münaqişəsinin həllinə vasitəçilik etməyə hazır olduğunu bildirmişdi.

"Əlbəttə, Minsk qrupu bu sahədə uzun müddətdir çalışır. Lakin əgər iki tərəf, yəni Azərbaycan və Ermənistan bu məsələnin həllində İran tərəfinin iştirak etməsinə razılıq versələr, onu istəsələr, biz də mövcud potensial imkanlardan istifadə etməyə hazırıq", - deyib Həsən Ruhani.

Azərbaycan prezidenti "bu məsələdə İranla əməkdaşlıq etməyə" hazır olduğunu bildirib.

"Ermənistan ilə sizin çox yaxın əlaqələriniz var, dostluq əlaqələriniz var. Mən bilirəm ki, Ermənistanın iqtisadiyyatı İrandan asılıdır,.. - qeyd edib Heydər Əliyev. - Ona görə də sizin Ermənistana təsir etmək imkanınız var. Bəlkə də bütün başqa ölkələrdən fərqli olaraq, siz Ermənistana daha da çox təsir edə bilərsiniz. Ona görə mən xahiş edərdim ki, bu barədə düşünəsiniz".