Rusiyalı astronom Azərbaycanda həbs olunubmu?

Rusiya Elmlər Akademiyasının Astronomiya İnstitutunun əməkdaşı Dmitriy Çulkovun Azərbaycana turist kimi gəldiyi bildirilir Fotonun müəllifi Konstantin Malançev
Image caption Rusiya Elmlər Akademiyasının Astronomiya İnstitutunun əməkdaşı Dmitriy Çulkovun Azərbaycana turist kimi gəldiyi bildirilir

Rusiyalı astronom Göygöl bölgəsində həbs edilib, Azərbaycan Daxili İşlər Nazirliyi məlumatı təsdiq və ya təkzib etməsə də, xəbərlər yerli mediada yayılıb.

Rusiya Elmlər Akademiyasının Astronomiya İnstitutunun əməkdaşı Dmitriy Çulkovun Azərbaycana turist kimi gəldiyi bildirilir.

Onun həmkarı və keçmiş kurs yoldaşı Konstantin Malançev BBC-ə deyib ki, Çulkov səyahət etməyi çox sevir və Gəncəyə ucuz bilet tapdığı üçün yanvarın 3-də səyahət edib.

İki gün sonra isə Çulkov, Göygöl gölünə gedib. Bundan sonra ondan xəbər almaq mümkün olmayıb.

Azərbaycan mediasının yazdığına görə, Dmitriy Çulkov Göygölün ərazisində hərbi hissənin şəkillərini çəkdiyi üçün saxlanılıb.

Səfirlik təsdiq edir

Rusiyanın Azərbaycandakı Səfirliyinin mətbuat atteşesi Denis Apaşkin də Çulkovun saxlanması xəbərini təsdiqləyib.

O BBC-ə deyib ki, yerli hakimiyyət orqanları tərəfindən Rusiyanın Azərbaycandakı səfirliyinə Rusiya vətəndaşı Dmitri Çulkovun saxlanılması barədə məlumat verilib.

"Dmitri Çulkovun evə qaytarılması üçün zəruri tədbirlər görülür", cənab Apaşkin deyib, lakin o əlavə informasiya verməyib.

Malançev Çulkovun qaldığı evin sahibi ilə danışdığını deyir.

"Mənə dedi ki, yanvarın 7-də güc strukturlarından olan adamlar evə gəlib, Çulkovun qaldığı otağın şəklini çəkib və onun əşyalarını götürüblər", Melançev deyib.

Onun sözlərinə görə, ev sahibi bildirib ki, Çulkov qadağan olunmuş əraziyə daxil olduğu üçün saxlanılıb.

"10 sutka"

Həmkarı deyir ki, yanvarın 13-də Çulkovun anası Olqaya bir Azərbaycan telefon nömrəsindən zəng edilib və dəstək Çulkova verilib. Telefon danışığı zamanı Melançev də orda olub.

O deyir ki, Çulkov telefon danışığı zamanı saxlanıldığını təsdiqləyib.

Amma APA xəbər agentliyi bazar ertəsi hüquq mühafizə orqanlarına istinadən yazı ki, Çulkov yanvarın 5-də hərbi hissədə çəkilişlər etdiyi üşün 10 sutkalıq həbs edilib.

Hələ ki, nə Azərbaycanın Daxili İşlər Nazirliyi, nə də Milli Təhlükəsizlik Xidməti Çulkovun həbs olunması barədə iddiaları şərh etməyib.

Bu barədə daha geniş