Yerevanda Suriyaya görə Rusiyaya "minnətdarlıq aksiyası"

nümayiş
Image caption Rusiyaya minnətdarlıq məktublarını Ermənistanda Rusiya səfirliyinin müşaviri Aleksandr Vasilyev qəbul edib.

Yerevanda bir sıra, əsasən Rusiya meylli ictimai təşkilat və Ermənistanda Suriya Tələbə Birliyi nümayəndələri Rusiya səfirliyi qarşısında "minnətdarlıq aksiyasını" keçiriblər.

Aksiya iştirakçıları Rusiyaya "Suriyanın azad edilməsi işində əməli iştirakı və Suriya xalqına yardımı üçün" Ermənistanda Rusiya səfirliyinə "təşəkkür məktubunu" təqdim ediblər.

Vətənpərvər Gənclər Birliyi təşkilatının rəhbəri Tsovinar Kostanyan Rusiyanın Suriyada "sabitlik yaradıcı rolunu" vurğulayır.

"Rusiya terrorçu təşkilatlara qalib gələrək, bölgəyə sabitlik gətirdi. Unutmaq lazım deyil ki, Suriyada böyük erməni icması var... Rusiya təyyarələri bir neçə dəfə Ermənistan hökumətinin yardımını onlara çatdırıb.

Atəşə məruz qalan Kesab şəhəri və başqa qaynar nöqtələrindən suriyalı soydaşlarımızı Rusiya Fövqəladə Hallar Nazirliyinin təyyarələri ilə çıxarıblar", - Tsovinar Kostanyan BBC müxbirinə deyib.

Image caption Aksiya iştirakçıları Rusiyaya "Suriyanın azad edilməsi işində əməli iştirakı və Suriya xalqına yardımı üçün" Ermənistanda Rusiya səfirliyinə "təşəkkür məktubunu" təqdim ediblər.

"Biz bu gün Rusiya prezidenti Vladimir Putinə və tarixin ağır məqamlarında Suriya xalqının yanında olan rus xalqına təşəkkürümüzü bildiririk", - Ermənistanda təhsil alan suriyalı tələbələrin Rusiya səfirliyinə məktubunda deyilir.

Rusiya rəhbərliyi ünvanına daha bir təşəkkür məktubu da aksiyada iştirak edən təşkilatlar adından yazılmışdı.

Məktubları Ermənistanda Rusiya səfirliyinin müşaviri Aleksandr Vasilyev qəbul etdi.

Səfirliyin nümayəndəsi "bu gün Rusiyanın Suriyada sabitliyi bərpa etmək istiqamətində səylərinin ictimai dəstəyə ehtiyac" olduğunu vurğulayıb.

"Bu, çox mürəkkəb bir dövrdür - müharibədən sonra stabilləşmə dövrü. Bəlkə bu, hərb dövründən daha mürəkkəbdir. Ümid edirəm ki, tək hakimiyyət yox, həmçinin ictimaiyyətin fəaliyyəti nəticəsində biz yenidən Suriyanı stabil və çiçəklənən ölkəyə çevirərik", - müşavir Vasilyev jurnalistlərə deyib.

Bu barədə daha geniş