Azərbaycanda saxlanılmış rusiyalı astronom Moskvaya qayıdıb

Rusiya Elmlər Akademiyasının Astronomiya İnstitutunun əməkdaşı Dmitriy Çulkovun Azərbaycana turist kimi gəldiyi bildirilir Fotonun müəllifi Konstantin Malançev
Image caption Rusiya vətəndaşı Dmitri Çulkov Azərbaycana turist kimi səyahətə gəlmişdi.

Yanvarın 5-də Azərbaycana turist kimi gəlmiş rusiyalı astronom Dmitri Çulkov gölə istirahətə yollanarkən yoxa çıxıb.

Bütün bu günlər ərzində Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) onun həbsini rəsmən təsdiqləməyib, onun özü isə qohumları ilə əlaqə saxlamayıb.

Rusiya Elmlər Akademiyasının Astronomiya İnstitutunun üzvü Dmitri Çulkov Moskvaya yanvarın 17-də səhər dönüb.

O, BBC-ə deyib ki, yanvarın 3-də Gəncə şəhərinə turist kimi gəlib və yanvarın 5-də Göygöl gölü yaxınlığındakı milli parka fotokamera ilə gedib.

"Orada necəsə oldu, hərbi hissənin ərazisinə gəlib çıxdım", - o deyir.

"Orada heç bir qadağanedici işarə yox idi. Yalnız kiçik bir hasar və həmin hasar arasından keçən cığır var idi, həmin cığırla adamların yeridiyi görünürdü, hər şey sanki orada tövlənin olduğuna bənzəyirdi, yaxud da ona bənzər bir nəyəsə. Mən irəliləməkdə davam etdim və bir dəqiqədən sonra məni hərbçilər səslədi".

Onun təbirincə, həmin anadək o, "bir neçə kadr" çəkmişdi və həmin kadrlara hərbi obyektlər də düşmüşdü.

"Hərbçilər uzun-uzadı mənimlə söhbət etdi, harada olduğumu soruşurdular, - Çulkov deyir - Mən çox yerlərdə olmuşam, pasportumda Ermənistanın da möhürü var, bu onları vəcdə gətirdi".

Onunla bir neçə saat ərzində söhbət ediblər.

"Sonda dedilər ki, "deyəsən, hər şey qaydasındadır, biz səni buraxırıq, indi səni Gəncəyə mehmanxanaya aparacağıq, - Çulkov deyib. - Lakin əvəzində onlar məni Gəncəyə yox, Göygöl şəhərinə gətirdilər".

Onun sözlərinə görə, bir dəqiqədən sonra polis maşını ona yaxınlaşıb: "Onlar "polisə müqavimət" tamaşası qurdular. Sənədlərimi istədilər, birisi furajkasını itirib dedi ki, bunu mən etmişəm".

Bundan sonra Çulkovu məhkəməyə apardılar, orada ona 10 sutkalıq inzibati həbs cəzası kəsildi.

"Onlar dedilər ki, "səfirlikdən adamı gözləyə bilməzlər" və bu işi tez görmək lazımdır, - deyə o xatırlayır. - Bu işin materiallarına dair onlar mənə heç bir kağız vermədi".

Çulkovun sözlərinə görə, həbsxanada ikən, yanvarın 8-i və 9-u onunla xüsusi xidmətlərin nümayəndələri görüşüb.

"Öyrənmək istəyirdilər, casusam ya yox. Kompüterimin parolunu soruşdular, mən dedim, gizli nəyimsə yox idi, - Çulkov deyir. - Səfərimin məqsədini, səfəri kimin maliyyələşdirdiyini soruşurdular".

Çulkovun sözlərinə görə, həmin günlər ərzində ona, yaxınlarına yoxa çıxdığını bildirməyə icazə vermirdilər.

"Onlar mənimlə potensial casus kimi işləyirdilər, məni təcrid etmək onlar üçün vacib idi, - o deyir. - Ayın 9-da onlara aydın oldu ki, mən adi turistəm, bundan sonra mən onları bir daha görmədim. Qalan günlərim isə sakit keçdi".

Yanvarın 15-də həbs müddəti bitəndən sonra Çulkov deportasiya düşərgəsinə aparılıb.

"Məni heç kim döymürdü, nəzakətlə danışırdılar, hətta səs də qaldırmırdılar", - o deyir.

Rusiya səfirliyi nümayəndələri ilə Çulkov yalnız aeroportda danışa bilib, yola düşməzdən əvvəl.

"Dedilər ki, "biz sizin üçün işləmişdik" və biz bir-birimizə təşəkkür etdik", - Çulkov qeyd edib.

Bundan əvvəl onun həmkarı və keçmiş institut yoldaşı Konstantin Malançev BBC-yə demişdi ki, Dmitri Çulkov səyahətə çıxmağı sevir və Gəncəyə ucuz reys tapan kimi, yanvarın 3-də ora gəlib, 2 gündən sonra isə Göygölə yollanıb və bundan sonra onunla əlaqə kəsilib.

Sonradan Malançev Çulkovun qaldığı evin sahibi ilə əlaqə saxlayıb, həmin adam deyib ki, yanvarın 7-də hansısa güc strukturundan gələn şəxslər Çulkovun qaldığı otağda çəkilişlər aparıb və onun şəxsi əşyalarını götürüblər.

Evin sahibi həmçinin Malançevə deyib ki, Çulkovu qadağan olunmuş əraziyə girdiyi üçün saxlayıblar.

Yanvarın 13-də Çulkovun anası, Olqaya Azərbaycan telefon nömrəsindən zəng edərək dəstəyi oğluna veriblər.

"O dedi ki, onunla hər şey qaydasındadır", - Malançev deyib.

Image caption Konstantin Malançev BBC-ə demişdi ki, Dmitri Çulkov səyahətə çıxmağı sevir və Gəncəyə ucuz reys tapan kimi, yanvarın 3-də ora gəlib, 2 gündən sonra isə Göygölə yollanıb və bundan sonra onunla əlaqə kəsilib.

Azərbaycanda Rusiya səfirliyinin mətbuat-katibi Denis Apaşkin BBC-ə RİA-Novosti agentliyinə dediklərini bir daha təsdiqləyib: "Rusiya səfirliyinə yerli rəsmilər tərəfindən Dmitri Çulkovun saxlanılması barədə məlumat verilmişdi. Onun, vətəninə tezliklə dönməsi üçün lazımi tədbirlə görülür, yaxın qohumları hadisə barədə məlumatlandırılıb".

Hələlik nə Azərbaycan DİN-i, nə də Milli Təhlükəsizlik Xidməti Çulkovun saxlanması faktını şərh etməyib.

Lakin APA agentliyi yanvarıb 15-də güc strutkurlarındakı mənbəyinə istinadən xəbər verib ki, Çulkov yanvarın 5-də hərbi hissəni kamerasına çəkib. Hərbçilərin tələblərinə baxmayaraq, çəkilişi davam etdirdiyinə görə hadisə yerinə polis çağırılıb.

Bundan sonra Çulkov məhkəməyə gətirilib və o, 10 sutkalığa həbs olunub.

Bu barədə daha geniş