Türkiyənin hərbi təyyarələri Suriyanın şimalındakı kürd mövqelərinə hava zərbələri endirib

Türkiyə təyyarələri Suriyadakı kürd mövqelərinə hava zərbələri endirib Fotonun müəllifi AFP
Image caption Türkiyə təyyarələri Suriyadakı kürd mövqelərinə hava zərbələri endirib

Türkiyənin hərbi təyyarələri Suriyanın şimalında yerləşən Afrin şəhəri yaxınlığındakı kürd qüvvələrin mövqelərinə hava zərbələri endirib.

Suriyada aparıcı oyunçulardan olan Rusiya Suriya ilə bağlı xəbərlərin narahatlıq doğurduğunu desə də, daha əvvəl münaqişəyə qarışmayacağını bildirib.

Suriya Türkiyəyə məxsus təyyarələrin öz hava məkanında vurulacağını bəyan etmişdir.

Şənbə günü Türkiyə prezidenti 2012-ci ildən etibarən kürdlərin əlində olan Afrin şəhərilə bağlı əməliyyatın faktiki olaraq başladığını bildirib.

Recep Tayyip Erdoğan bu barədə bəyanatla hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Kütahya şəhərində keçirilən qurultayında çıxış edib.

Türkiyə prezidentinin sözlərinə görə Mənbiclə bağlı verilən vədlərin yerinə yetirilmədiyinə görə Türkiyəyə tələb edilən addımlarla bağlı irad tutula bilməz.

Ankara Suriya kürdlərinin YPG qrupunu terrorçu tanıdığı Kürd Fəhlə Partiyasının (PKK) qolu hesab edir və ona qarşı Suriyanın şimalında əməliyyat keçirəcəyini elan edib.

YPG prezident Bəşər Əsəd rejimi və özünü İslam Dövləti (İD) adlandıran qruplaşma əleyhinə vuruşan Suriya Demokratik Qüvvələrinin (SDF) mühüm tərkibidir. ABŞ və onun rəhbərliyi altında formalaşan koalisiya Ankaranın YPG-ə dair baxışlarına şərik çıxmır.

Şənbə günü Türkiyə YPG dəstələrinin nəzarətində olan Suriyanın Afrin şəhəri ətrafındakı mövqeləri yenidən artilleriya atəşinə tutub.

Image caption Suriyanın şimalında ərazilərə nəzarət edən qüvvələrin yerləşməsi

Şənbə günü çıxış edən Türkiyə lideri deyib ki, ölkəsi müxtəlif adlar altında tanınan "terror təşkilatın"a qarşı hərbi əməliyyat keçirməkdə qərarlıdır.

"Suriyada oyun quranlar terror təşkilatının adını dəyişdirərək hiyləgər olduqlarını zənn edirlər. Bizim üçün adından asılı olmayaraq terrorçulardan ibarət hər cür qurum elə terrorçu təşkilatdır. Yox, Suriya Demokratik Qüvvələri, yox sərhəd qoşunları imiş... deyərək siz kimi aldadırsınız. Bu təşkilatın adı - PKK, bu təşkilatın adı PYD, bu təşkilat adı YPG-dir".

Fotonun müəllifi Getty Images
Image caption Türkiyə Suriya ilə sərhəd bölgəsində hərbi qüvvə cəmləşdirib

2016-cı ildə Türkiyə hərbiyyəsi Suriyanın şimalında SDF-in mövqelərini zəiflədən Suriya üsyançılarının hücumunu dəstəkləyib.

ABŞ Türkiyəni Mənbici nəzarət altına almaq fikrindən daşındıra və YPG-ni Fərat çayının şərq sahilinə çəkilməyə razı sala bildiyini deyir. Türkiyə rəsmiləri isə bu barədə razılığın yerinə yetirilməmiş qaldığını deyir.

Fərat çayı hazırda, SDF qüvvələri və Suriya hökumətinin nəzarətində olan əraziləri bir-birindən ayıran təbii sərhəd rolunu oynayır.

Bu barədə daha geniş