Rusiyada Saratov təyyarə qəzası: Hadisə yeri və qəzanın səbəbləri araşdırılır

Yerə düşmüş təyyarənin qalıqları qarla örtümüş əraziyə səpələnib. Fotonun müəllifi Reuters
Image caption Yerə düşmüş təyyarənin qalıqları qarla örtümüş əraziyə səpələnib.

Rusiyalı təhqiqatçılar Moskva yaxınlığında qəzaya uğramış təyyarənin düşdüyü qarla örtülmüş ərazini axtarır.

Rusiya mediasının xəbər verdiyinə əsasən, "Saratov aviaxətləri" şirkətinin An-148 təyyarəsi Domodedovo aeroportundan havaya qalxdıqdan sonra qəzaya uğrayıb.

Məlumatlara əsasən, təyyarədə 65 sərnişin və 6 nəfər uçuş heyətinin üzvü - ümumilikdə 71 nəfər olub.

Rusiya rəsmilərinin bildirdiyinə görə, təyyarədə olanlardan heç kim sağ qalmayıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin açıqladığı siyahıda Qəhrəmanov Namiq adlı sərnişinin də adı var.

Azərbaycan XİN həmin şəxsin 5 may 1971-ci il təvəllüdlü, Yevlax rayon sakini Qəhrəmanov Namiq İnayət oğlu Azərbaycan vətəndaşı olduğunu bildirib.

Rəsmilərə görə, qəzanın səbəbləri soyuq hava şəraiti, insan səhvi və ya hər hansı texniki problemdir.

Hadisənin terror olmaq ehtimalı isə nəzərdən keçirilmir.

Saratov aviaxətləri şirkətinə məxsus Antonov-148 tipli təyyarə Moskvadan Orsk şəhərinə yollanırdı.

Orsk şəhərinin meri Andrey Odintsov TASS agentliyinə bildirib ki, təyyarədə sərnişinlər arasında bir uşaq və iki yeniyetmə olub.

İlkin məlumatlara əsasən, reaktiv təyyarə havaya qalxdıqdan təxminən 7 dəqiqə sonra Moskvadan cənub-şərq istiqamətində 80 km məsafədə yerləşən Arqunovo şəhəri yaxınlığında yerə düşüb.

Fotonun müəllifi EPA
Image caption Bu arxiv fotosunda olduğu kimi, radarlardan itən təyyarə Antonov-148 tipli təyyarə idi.

Saratov aviaxətləri şirkətindən RİA-Novosti agentliyinə bildiriblər ki, təyyarəni idarə edən pilot təcrübəli olub, onun uçuş praktikası 5000 saat təşkil edib.

Təyyarənin qalıqlarının geniş əraziyə səpələndiyi bildirilir.

Təyyarə qəzası ilə bağlı yaradılmış əməliyyat qərargahından RİA-Novosti agentliyinə bildirblər ki, gəminin "qara qutularından" biri tapılıb.

Prezident Putin təyyarədə həlak olanların ailələrinə başsağlığı bildirərək qəza hadisəsinin araşdırılması barədə göstəriş verib.

Bu barədə daha geniş