"Bayıl sürüşməsində siyahıya alınmış 98 nəfərə kirayə haqqı ödəniləcək" - rəsmilər deyir

bayıl, sürüşmə, kirayə haqqı
Image caption Bayıl sürüşmə ərazisindəki 98 nəfərə kirayə haqqı verilə bilər

Bayılda torpaq sürüşməsinin təhlükəli ərazisində olan və evlərindən köçürülən 98 nəfərin siyahısı Nazirlər Kabinetinə təqdim olunub, rəsmilər BBC Azərbaycancaya bildirib.

"Yaxın günlərdə, sabah, ya birisi gün evlərindən köçürülən ailələrə kirayə haqqı ödəniləcək", - Səbail rayon Fövqəladə Hallar Komissiyasının sədri Abid Əliyev deyib.

Fevralın 10-da baş vermiş növbəti sürüşmə zamanı dərənin yamacında tikilmiş dörd ev yararsız vəziyyətə düşüb.

Bundan əvvəl, yanvarın 24-dən etibarən Bayıl yamacındakı sürüşmə zonasında olan 80 evin 390 sakini təhlükəsiz yerlərə -qohum və tanışlarının evlərinə və məktəblərdə yaradılan sığınacaqlara köçürülüb.

"Sürüşmə bloku üzərində çoxsaylı çatlar əmələ gəldi. Orda çatların eni 20 metrdən çox olan yerlər var, görünən dərinlik isə 10-12 metrdir", deyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov BBC Azərbaycancaya 10 fevralda baş vermiş hadisəni izah edib.

O əlavə edib ki, sürüşmə prosesi 2017-ci ilin dekabr ayından aktiv fazadadır.

"Bizi evdən çıxarırlar, amma müqavilə bağlamırlar"

Sürüşmə ərazisində yaşayan Tahirə Əliyeva evlərindən çıxarıldığını deyir: "bizi evdən çıxarırlar, amma müqavilə bağlamırlar, həm də gəlib deyirlər ki, sənədsiz tikmisiniz".

"Dörd ev qalıb sürüşən torpağın altında. Hər gün də deyirlər ki, ayın 13-ü, 14-ü kompensasiya veriləcək. Hamını zorla evlərindən çıxardılar, qalan əşyalar batdı, çıxanları da zorla, polisin gücünə evlərindən çıxardılar."

Tahirə Əliyeva onu da əlavə edir ki, "İcra Hakimiyyəti deyir ki, 90-cı illərdə tikilən evlərə görə kimi tapaq cəzalandıraq, bəs özlərinin dövründə tikilən 10 dənə evə görə bəs kim cavab verəcək?"

10 fevral tarixindəki sürüşmə zamanı evi dağılan sakin Mirvari İsmayılova BBC Azərbaycancaya deyib ki, hələ ki nə kirayə haqqı, nə də kompensasiya verilməyib.

"Əşyalarımız batdı qaldı"

"Birinci bizim ev batdı, bütün əşyalarımız da içində. Evdə yorğan-döşək, mebel, paltaryuyan, ət çəkən maşınlar, yataqlar, soba, tikiş maşını, xalça hamısı qaldı", Mirvari İsmayılova deyir.

Sakin deyir ki, İcra Hakimiyyətindən onlara təzminatla bağlı "hər şeyin yaxşı olacağı" deyilib.

"Məktəbdə məskunlaşmışıq. Uşaqlar xəstələndi, xəstəxanaya getdik sonra qayıtdıq məktəbə. İcradan dedilər ki, yaxşı olacaq, köməklik edəcəklər."

Səbail rayon Fövqəladə Hallar Komissiyasının sədri Abid Əliyev bildirib ki, sürüşmədən ziyan görmüş əhalinin siyahısı Nazirlər Kabinetinə təqdim olunub.

"Təhlükəli zonaya düşən insanların siyahısı tərtib olunub və Nazirlər kobinetinə göndərilib. Kirayə məbləği orta qiymət olacaq, yəqin onu Nazirlər Kabineti müəyyən edəcək", cənab Abid Əliyev qeyd edib.

Hazırda sürüşmə prosesinin bitmədiyini deyən rəsmi sabahdan başlayacaq yağışlara görə hələ də təhlükənin qalmaqda olduğunu bildirib.

Rəsmi məlumata görə, Bayılda olan sürüşməyə meylli ərazidə 67 ev müəyyən olunub. Orada yaşayan 390 nəfər Səbail RİH tərəfindən köçürülüb.

Sürüşmə ərazisi Teleqüllədən 200-250 metr cənub-şərqdə yerləşir.

Bu barədə daha geniş